Eyni məhsulların fərqli qiymətə satılmasının sirri...

 

Natiq Cəfərli: "Qiymətin üzərinə 15, 20 bəzi hallarda isə 25 faizə qədər gələrək satışa çıxarırlar”

Marketlərdə eyni frmaya məxsus hər hansısa bir məhsul alıcılara fərqli qiymətə təklif edilir. Yəqin ki, çoxlarımız müxtəlif marketlərdə bunun şahidi olmuşuq. Xüsusilə də böyük marketlər şəbəkəsində eyni adlı məhsullar arasında bəzən 50 qəpik, hətta bir manata qədər fərq olduğu da müşahidə edilir. Eyni adlı məhsulun bir əldən paylandığını nəzərə alsaq, insanda elə bir təəssürat yaranır ki, məhsulun qiyməti bütün mrketlərdə eyni qiymətə satılmalıdır. Biz də qiymət fərqinin səbəblərini öyrənmək üçün bir neçə marketə baş çəkdik. Əhali arasında ucuzluğu və məhsul çeşidinin bolluğu ilə seçilən Bravo hipermarketə, daha sonra "Rahat”, "Neptun” və "Bizim market”ə baş çəkib qiymət fərqlərinə nəzər yetirdik. Eyni adlı məhsullar arasında 5-50 qəpik arasında fərq vardı. Məsələn "Araz” marketdə "Nestle” qazsız su 70 qəpiyə, "Rahat” marketdə 80 qəpiyə satılırdı. Göründüyü kimi burada da 10 qəpik fərq var. "Bravo” marketdə "Duşes” 1 litrlik 1 manat 29 qəpiyə, Neptun marketdə 1 manat 30 qəpiyə, "Rahat” da 1 manat 40 qəpiyə satılır. 700 qramlıq "Səba” qatıqları Neptun marketdə 1 manat 65 qəpiyə, "Rahat”da 1 manat 30 qəpiyə, "Siyəzən” toyuğunun bir kiloqramı isə Neptun marketdə 3 manat 80 qəpiyə, "Bravo”da 2 manat 99 qəpiyə satılır. Bundan başqa orta ölçülü bir tortun qiyməti "Bravo” marketdə 10 manat 99 qəpikdən, "Rahat”da 15 manatdan, "Bizim marketdə” isə 12 manat 50 qəpikdən başlayırdı. Qiymətlərdən də göründüyü kimi eyni firmaya məxsus məhsullar arasında mağzaya görə ən azı 5, ən çoxu isə 1 manata qədər fərq var. Alıcılar da məhsulun hər mağzada bir qiymətə satıldığının fərqində idilər. "Bravo” marketdə alış veriş edən Günay Məmmədova deyir ki, digər marketlərə nisbətən bura ucuzdur: "Buradakı qiymətlərlə digər mağzalardakı qiymətlər arasında ən az 5 qəpik fərq var. Hər məhsuldan 5-10 qəpik irəli düşsək, yığılan o pula başqa bir ərzaq məhsulunu da almaq olar. Həm də burada çeşid bolluğudur, rahat alış veriş edə bilirsən. Məhsullar da keyfiyyətli və təzədir”.

"Neptun” və "Rahat” marketlərdən isə alıcılar ərəfindən zaman-zaman vitrindəki qiymətlərlə kassadakı qiymət arasındakı fərqlə bağlı, həmçinin məhsulların qiymətlərinin səliqəsiz halda düzülməsi, bir birinə qarışması haqqqında şikayətlər alırıq. Baş çəkdiyimiz marketlərdə bir neçə satıcıdan qiymətlərinin digər marketlərə nisbətən niyə fərqli olduğunu soruşduqda onların bir qismi suala cavab verə bilməsə də, bəzilərindən "müdür hansı qiyməti təyin edirsə, biz də o qiymətə satırıq” cavabını aldıq.

İqtisadçı ekspert Natiq Cəfərli isə hər bir market şəbəkəsinin öz qiymət siyasəti olduğunu və buna qarışmağa heç kimi haqqı olmadığını dedi: "Marketlərin qiymət siyasətinə kənardan bir başa müdaxilə etmək və ya dövlət tərəfindən tənzimləmək mümkün deyil, doğru da deyil. Ona görə də müştərilərin cəlb olunması və özlərinin qiymət siyasətləri nöqteyi nəzərindən qiymətlərini də müəyyənləşdirirlər. Çünki paylayıcı şirkətlər marketlər şəbəkəsinin məhsulu hansı qiymətə satacağına nəzarət etmir. Onlar topdan satış qiymətləri ilə marketlərə öz məhsullarını verirlər. Marketlər isə müştəri cəlb etmək, daha çox dövriyədən qazanmaq istəyirsə, məhsulların üzərin daha az, yəni 3-5 faiz qoymaqla satışa çıxarır. Bəziləri isə satışın həcminin artıq yaxşı olduğunu düşünüb qiymətlərə daha yüksək faizlər qoyurlar. Qiymətin üzərinə 15, 20 bəzi hallarda isə 25 faizə qədər gələrək satışa çıxarırlar. Əslində rəqabətli mühit şəraitində belə olması normaldır. İnsanlar artıq özləri seçim edəcəklər. Hansı market şəbəkəsi daha yaxşı, sərfəli qiymətlər təklif edəcəksə, o marketi seçəcəklər. Digərləri isə görsə ki, rəqabətdə uduzur və müştəri itirir sonradan qiymətlərdə dəyişiklik edəcəklər. Yəni bunu inzibati yollarla hər hansı bir qaydada tnzimləmək və ya nəzarət etmək düzgün olmaz, effekt də verməz. Mənə elə gəlir ki, rəqabətli mühit genişləndikcə, şəbəkələrin, dükanların sayı artdıqca qiymətlərin tənzimlənməsi də baş verəcək. Qiymətlərin fərqli-fərqli olmasının səbəbi marketlər şəbəkəsinin öz daxili siyasətinin nəticəsidir. Burada qanunsuz heç nə yoxdur”.

Günel MANAFLI



Oxşar Xəbərlər

Xəbər lenti