KONSULLUQDA YOXA ÇIXAN CAMAL XAŞUQCİ KİMDİR? - Səudiyyəli dissidentlə bağlı qalmaqal böyüyür

KONSULLUQDA YOXA ÇIXAN CAMAL XAŞUQCİ KİMDİR? - Səudiyyəli dissidentlə bağlı qalmaqal böyüyür

 

"Əl-Cəzirə”

Camal Xaşuqci təxminən 30 illik karyerası sayəsində öz nəslinin ən görkəmli Səudiyyə Ərəbistanı jurnalistləri və ərəb siyasi şərhçilərindən biridir.

1958-ci ildə Mədinə şəhərində anadan olmuş Xaşuqci bir zamanlar Səudiyyənin kral ailəsinə yaxın olub, regional və daxili siyasətini tənqid edərək, ölkə gündəminin sərhədlərini genişləndirən islahatçı kimi tanınıb.

Gənc Xaşuqci jurnalistika təhsilini ABŞ-ın İndiana Universitetində alıb və ingilis dilində nəşr edilən "Saudi Gazette”-nin müxbiri kimi işə başlayıb.

1987-ci ildən 1990-cı illərə qədər Londonda çıxan, Səudiyyə Ərəbistanına məxsus "əş-Şərq əl-əvsət” və "əl-Həyat” qəzetlərində işləyib.

Xaşuqci 1990-cı illərdə Əfqanıstan, Əlcəzair, Küveyt və Yaxın Şərqdə baş verən hadisələrin şərhi ilə ən yaxşı şəkildə tanınıb. O, hələ "əl-Qaidə” qrupunun lideri olanadək Üsamə bin Ladenlə bir neçə dəfə görüşüb.

1999-cu ildə Xaşuqci Səudiyyə Ərəbistanının "Arab News” qəzetinin redaktor müavini təyin edilib və bu vəzifədə dörd il işləyib. "Al-Watan” qəzetinin baş redaktoru kimi növbəti vəzifəsi 2003-cü ildə cəmi iki ay davam edib. Onun "redaksiya siyasəti” bəzi şəxslərin xoşuna gəlməyib.

Daha sonra jurnalist Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri və 2005-ci ildən 2006-cı ilin sonuna qədər ABŞ-da Səudiyyə səfiri vəzifəsini icra edən şahzadə Turki bin Feysəlin media məsləhətçisi olub.

Xaşuqci 2007-ci ildə "Al-Watan”-ın redaktoru vəzifəsinə bərpa edilib, lakin 2010-cu ildə yenidən "Səudiyyə cəmiyyətində müzakirələrin sərhədlərini genişləndirdiyinə görə” işdən çıxarılıb. Həmin ildə Xaşuqci şahzadə əl-Vəlid bin Talalın sahibi olduğu və Bəhreynin Manama şəhərindən fəaliyyət göstərən "Al-Arab” xəbər kanalının baş meneceri vəzifəsinə təyin edilib. Kanal 2015-ci ilin fevral ayında işə başlamasından bir gün sonra bağlanıb. Səbəb bəhreynli bir müxalifətçinin mavi ekrana çıxarılması olub.

Xaşuqci bir sıra Səudiyyə və ərəb kanallarında siyasi şərhçi kimi çıxış edib.

Susmaq əmri

Məhəmməd bin Salmanın (MBS) becid yüksəlişindən sonra Xaşuqci tacdar şahzadənin siyasətini tənqid edib, xüsusilə islahat vədləri həbs və repressiya dalğasına çevrildikdə.

Şahzadələr, tanınmış iş adamları, fəallar və ruhani liderlər MBS-dən qurtula bilməyiblər.

Xaşuqci yazılarında söz azadlığını müdafiə edib və 2017-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı tərəfindən "Müsəlman Qardaşlar”ın terrorçu kimi səciyyələndirilməsinə qarşı çıxıb.

"Twitter”-də o yazıb: "Bir müddətdir ki, islahatlara, dəyişikliklərə, "Ərəb Baharı”na və azadlığa inanan, dini və ölkəsi ilə qürur duyan hər kəs "Müsəlman Qardaşlar”ın düşüncəsinə təəssübkeşlik edir”.

Xaşuqcinin krallıqda varlığı daha təhlükəli hala gəlib, nəticədə, "susmaq əmri verildiyi” üçün o, Vaşinqtona köçüb.

Eyni ayda, o, "The Washington Post"-da ölkəsini tənqid edib: "Səudiyyə Ərəbistanı həmişə bu cür repressiv ölkə olmayıb”.

Məkkə əyalətinin qubernatoru şahzadə Xalid əl-Səudun "Twitter”-də tənqidi onu qəzəbləndirib. "Bizim rəhbərliyiniz sizə və məsləhətlərinizə ehtiyac duymur”, – deyə Səud ailəsinin üzvü Xaşuqciyə cavab yazıb.

Bir neçə aydan sonra, dekabr ayında "Əl-Həyat” qəzeti onunla olan münasibətini sona çatdırıb və Xaşuqcinin "Səudiyyə Ərəbistanı əleyhinə olan baxışları” ucbatından yazılarının dərcini qadağan edib.

Səudiyyə siyasətinin tənqidi

Vaşinqtonda yaşadığı müddətdə, Xaşuqci insan haqları və azadlıqlarını müdafiə etmək üçün geniş fəaliyyətə qatılıb.

"The Washington Post” qəzetinin köşə redaktoru kimi yeni vəzifəsində Xaşuqci, Rusiya prezidenti Vladimir Putinə bənzəyən MBS-nin tənqidini daha çox səsləndirib.

Mayın 21-də "The Washington Post”-dakı köşə yazısında o yazıb: "Biz neçə-neçə çərək əvvəl bu məsələləri həll etmək üçün cəsarət göstərən səudilərə heç bir istinad etmədən, ictimai islahatlar edən tacdar şahzadəni tərifləməliyik?”

"Bizdən siyasi azadlığa dair ümiddən imtina etməyi və yalnız tənqidçilərin ailələri deyil, həm də özlərinin həbsi və səyahət qadağalarından danışmamağı xahiş edirlər”.

Xaşuqci Livanın baş naziri Səəd Haririnin Riyadda müəmmalı istefası, eləcə də Yəmən müharibəsində Səudiyyə rolu ilə əlaqədar MBS-ni dürüstlüyə səsləyib.

2018-ci ilin sentyabrında "Səudiyyə Ərəbistanının tacdar şahzadəsi ölkəsinə qürurunu bərpa etməlidir” başlıqlı məqaləsində o, "Yəməndəki üç ildən artıq davam edən müharibə nəticəsində yaranan zərərə görə krallığı məsuliyyətə” çağırıb.

Səudiyyə Ərəbistanının Kanada ilə Krallıqda insan haqları mövzusunda ixtilafını tənqid edib.

Səudiyyə konsulluğundan yoxa çıxma

Oktyabrın 2-də Xaşuqci İstanbula uçub və xanımı Xədicə Cengizlə nikahını təsdiqləyən sənədləri əldə etmək üçün Səudiyyə konsulluğuna daxil olub.

Türkiyə polisinin rəyincə, Xaşuqcu öldürülüb. "Reuters” agentliyinə verdiyi məlumata görə, cinayət sonrası cəsəd konsulluqdan çıxarılıb.

Digər tərəfdən, İstanbuldakı Səudiyyə konsulu Məhəmməd əl-Utəybi deyib: ” Camal Xaşuqci, konsulluqda və ya Səudiyyə Ərəbistanında deyil”.

Bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamada səlahiyyətlilər dipmissiyanın girişlərinə aid bütün video kameralar və uçuş marşrutları təhqiq olunacaq.

Ərdoğanın sözlərinə görə, "mən məsələni izləyirəm və biz dünyaya məlumat verəcəyik. İnşallah, istəmədiyimiz bir vəziyyətlə üzləşməyəcəyik, hələ də buna ümid edirəm”.

Həmkarlarının rəyi

"The Washington Post” Xaşuqcini "öz sahələrində və ölkəsində ən görkəmli mütəfəkkirlərdən biri” adlandırıb.

"Post” yazarı Ceyson Rezaian həmkarı barədə yazıb ki, Xaşuqci oxuculara "dərin mənalı şərhlər və ölkə haqqında kəskin tənqidlər təqdim edib”. "Tənqidlərinə baxmayaraq, Camal bu məqamda daima Vətəninə sevgisini və geri dönmə arzusunu izhar edərək, həmişə Səudiyyə Ərəbistanı daha yaxşı bir şey edə biləcəyinə inandığını təkrarlayıb”.

Xaşuqcinin redaktoru Karen Attia: "Biz bu məsələni diqqətdə saxlayacağıq”.

"Middle East Eye”-ın baş redaktoru David Hirst, Xaşuqcini "sədaqətli səudiyyəli” adlandırıb. "O özünü dissident saymırdı”.



Oxşar Xəbərlər

Xəbər lenti