8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Əsas səbəblərdən biri də korrupsiyadır
Ötən gün ölkənin tamamilə müxtəlif bölgələrindən olan üç rayonda, Füzuli və Siyəzən rayonlarında, eləcə də Lənkəran şəhərində bahalaşma əleyhinə etiraz aksiyalarının keçirildiyi barədə məlumatlar gəldi. Ölkənin Şimalında yerləşən Siyəzən rayonundan gələn məlumatda qeyd edilirdi ki, İcra Hakimiyyətinin qarşısına toplaşaraq mövcud şərtlərlə yaşamağın mümkünsüz olduğunu bildiriblər. Siyəzən rayonundakı sosial etirazla bağlı məlumatda o da qeyd edilirdi ki, bir qrup rayon sakini Bakı-Quba yoluna avtomobil təkərləri düzərək hərəkəti məhdudlaşdırmağa çalışıblar. Ölkənin Cənubundan, Lənkəran şəhərindən gələn məlumatda isə vurğulanırdı ki, rayon sakinləri devalvasiyadan sonra müşahidə olunan kəskin qiymət artımına etiraz ediblər. Etirazçılar Liman qəsəbəsindəki Bakı-Astara yolunu da bağlayıblar. Polisin aksiyanın qarşısını almağa cəhd etdiyi bildirilir. Başqa bir etiraz isə ölkənin Cənub-Qərbindən, ərazisinin böyük hissəsi işğal olunmuş Füzuli rayonunda baş verib. Daha doğrusu rayonun işğal olunmamış kəndlərindən ən böyük yaşayış məntəqəsi olan Böyük Bəhmənli kəndində devalvasiyadan sonra qiymət artımına qarşı keçirilib. Yayılan məlumatda bu etiraz aksiyalarının yanvarın 11-dən başladığı da qeyd edilirdi. Füzuli rayonundan gələn məlumata görə narazıların Horadiz-Bakı qatarının qarşısını kəsmələri ilə bağlı nüans da yer almışdı. Məlumatda qeyd edilirdi ki, Füzuli rayon icra başçısı Alı Alıyev hadisə yerinə gəlib etirazçılarla danışmaq istəyi nəticəsiz qalıb. Etirazçılar icra başçı ilə danışmaqdan imtina ediblər.
Ağcabədi rayonundan gələn məlumatda isə Xocavənd və Ağdam rayon sakinləri olduğu deyilən 20-25 yaşlarında üç gəncin şəhərin mərkəzində 5 mərtəbəli yaşayış binasının damına çıxaraq intihar etməyə cəhd etmələri ilə bağlı idi.
Belə görünür ki, manatın ikinci devalvasiyası artıq sosial gərginliyi artırmaqdadır. Eyni gündə ölkənin üç müxtəlif bölgəsində etiraz aksiyalarının keçirilməsi və etirazçıların rəsmi şəxslərlə danışıqlara etimad etməməsi çox mürrəkəb vəziyyətdən xəbər verir. Birinci, belə görünür ki ölkənin hər bir yanında sosial gərginlik yaranmaqdadır. İkincisi, isə etirazçıaların yolları bağlamağa da cəhd göstərmələri narazı kütlənin qəzəbindən xəbər verir. Üçüncü ən qorxulu məqam isə ondan ibarətdir ki, kütlə artıq rəsmi şəxsləri dinləmək istəmir. Bu kütlədə rəsmi şəxslərə etimadın itməsindən xəbər verir. Uzun illərdir siyasi prosesləri və etiraz aksiyalarını yaxından izləyən ekspertin sözlərinə görə, vəziyyət ötən əsrin 90-cı illərinin əvvələrində yaranmış vəziyyəti xatırladır. Ölkədə sosial gərginlik artır və belə bir vəziyyət kütlənin rəsmilərə etimadının itməsi ilə də müşaiyyət olunur. Bu isə bir tərəfdən etiraz aksiyalarının bundan sonra da davam edəcəyini, mümkündür ki, genişləncəyindən xəbər verirsə, digər tərəfdən də rəsmilərə etimadsızlığın artmaqda olduğunu göstərir. Ekspert qeyd edir ki, 90-cı illərin əvvəlində bir neçə hakimiyyət dəyişikliyinin ardı-ardına baş verməsi də bununla bağlı idi. İndi oxşar vəziyyət yaranmaqdadır. Ekspertin sözlərinə görə, əksər rayonlarda əhalinin nəzərində yerli icra hakimiyyəti başçıları korrupsiyanın, rüşvətxorluğun və məmur özbaşınalığının rəmzlərinə çevrilib. Bu isə çox qorxuludur. Ekspert qeyd edir ki, iqtidar bu vəziyyəti tezliklə dəyişməlidir. Əks halda hansı proseslərin baş verəcəyini proqnozlaşdırmaq mümkün deyil.
Füzuli və Lənkəran rayonlarındakı mənbələrimiz isə baş verən etirazların üzdə görünən səbəbi devalvasiyanın yaratdığı sosial gərginlik olsa da, yeganə səbəb deyil. Mənbələrimiz bildirir ki, həm Füzuli rayonunda, həm də Lənkəran rayonunda baş verən korrupsiyalar əhalinin gözü qarşıısnda baş verir. Xüsusilə də, abadlıq, təmir-tikinti adı altında iri korrupsiya hallarının baş verdiyini, əhalinin isə bundan qəzəbləndiyini bildirirlər. Mənbələrimizin təqdim etdiyi ilkin məlumatların əsasında qəzetimizin Araşdırma Qrupu həm Füzuli rayonunda, həm də Lənkəran şəhərində baş verən korrupsiya faktları ilə bağlı geniş araşdırma aparırlar. Bu araşdırmaları yaxın saylarımızda oxucularımıza təqdim edəcəyik. Hələlik isə qeyd edək ki, bu məlumatlarda külli miqdarda büdcə vəsaitinin korrupsiya şəbəkəsi vasitəsilə mənimsənilməsindən söhbət gedir.
Lənkəran şəhərindən gələn məlumatlarda qeyd edilir ki, son iyirmi ildə müxtəlif rayonların icra başçısı işləmiş Taleh Qaraşovun son illər müxtəlif səbəblərdən faəliyyətində bir sıra qüsurlar müşahidə olunmaqdadır. Mənbəmiz bildirir ki, ilk dəfə 1996-cı ildə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Taleh Qaraşov 2002-2006-cı illərdə Cəlilabad rayona rəhbərlik etdikdən sonra 2006 -cı ildə Neftçalaya, 2011-ci ildə isə Astara rayonuna başçı təyin edilib. Ən son olaraq 2012-ci ildə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Göründüyü kimi, Taleh Qaraşov həm mərhum Heydər Əliyev tərəfindən, həm də indiki prezident İlham Əliyev tərəfindən etimad göstərilən az saylı icra başçılarındandır. İndi Lənkəran şəhərində baş verənlər onun təcrübəli idarəçiliyi ilə bir araya sığmır. Buna görə, də Lənkəran şəhərində baş verən etiraz bizi bu rayonda baş verənlərə daha diqqətlə yanaşmağımızı diqtə edir.
Füzuli rayonunda isə əhalinin ilk etirazçılardan olmasının da bir neçə səbəbi var. Onlardan ən əsası əhalinin çoxu məcburi köçkün olan Füzuli rayonunda sosial vəziyyətin çox gərgin olmasıdırsa, digər səbəb icra başçısı Alı Alıyevin vəziyyətə tam nəzarət edə bilməməsidir. Bu məqamı araşdırmamızda diqqətə almağa çalışacağıq.
Siyəzən rayonunda baş verən etiraza gəlincə, fikirimizcə hakimiyyət ən çox məhz Şimal bölgəsində baş verənlərdən narahat olmalıdır. Bu bölgədə sosial durum daha tez nəzarətdən çıxa bilər. Bu məsələ ilə bağlı fikirlərimizi yaxın saylarımızın birində oxucularımız ilə bölüşəcəyik.
sozcu.info