27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Rusiyanın Arxangelsk vilayətində 26 yaşlı Ağdaş rayonu, Şordəhnə kənd sakini, iş adamı Ruslan Hüseynovu güllələyən killerin Belarusiya vətəndaşı Ruslan Tarasau olduğu məlum olub.
Sozcu.info xəbər verir ki, bu barədə virtualaz.org-a mərhumun yaxınları məlumat verib. Ailə üzvləri qətlin sifarişli törədildiyini iddia edirlər. Onların dediklərinə görə, Ruslanın öldürülməsində azərbaycanlı və qazaxıstanlıların izi ortaya çıxıb. Sifarişi isə üç nəfərdən ibarət dəstə 70 min dollar müqabilində həyata keçirib.
Hüseynovlar ailəsi qətlin sifarişçinin kim olduğunu təxmin etsələr də hələlik bu baradə danışmaq istəməyiblər.
Mərhumun qardaşı Rauf Hüseynovun dediklərindən belə məlum olub ki, 2018-ci ilin aprel ayından etibarən həm ona, həm də qardaşı Ruslana dəfələrlə hədə-qorxu gəlinib, təhdid olunublar: "Rusiyada yaşayan həmyerlimizdən biznes məqsədilə pul götürüb taxta-şalban almışdım. Borcumu hissə-hissə qaytarırdım. İki ay vaxt qoydu ki, pulun hamısını qaytarmalısan. Bir neçə dəfə xahiş etdim, dedim pulu mala vermişəm, qaytaracağam, bir az möhlət ver. Yavaş-yavaş qaytarırdım da, yenə də qaytarıram. Amma borc aldığım adam üstümə silahlı şəxslər göndərir, həm mənə, həm də qardaşıma hədə-qorxu gəlirdilər”.
R.Hüseynovun sözlərinə görə, özü və qardaşı ilə yanaşı Ağdaşda yaşayan valideynləri də təhdidlə üzləşib: "Anama demişdilər ki, oğlun pulu iki aya kimi qaytarmasa bu evdən meyit çıxacaq. Mənə də ata-anamı öldürəcəklərini demişdilər”.
R.Hüseynov deyir ki, qardaşının qətlini həyata keçirmək üçün iki nəfər Ağdaşdan Rusiyaya gedib: "On ildir Rusiyada yaşayıram. Qardaşım yeddi il əvvəl yanıma gəlib mənimlə bir yerdə işləyirdi. Həmin gecə mən evdə olmuşam, Ruslan isə bazada idi. Mən killeri tanımıram. Killerin yanında iki nəfər Ağdaş sakini olub, istiqaməti də onlar veriblər. Killer özü dindirilərkən deyib ki, bu işə görə 15 min dollar alıb”.
Qeyd edək ki, qətl hadisəsi yanvarın 31-də gecə saatlarında Arxangelsk vilayətinin Karqopolsk rayonunda meşə massivi ərazisindəki taxta-şalban bazasında baş verib. Killer Ruslana odlu silahdan beş dəfə atəş açıb, güllələrdən biri 26 yaşlı gəncin başından dəyib.
Rusiyanın DİN-in regional idarəsinin yaydığı məlumatda deyilir ki, azərbaycanlı biznesmenin qətli ilə bağlı Voronej şəhərində federal axtarışda olan 47 yaşlı kişi həbs olunub. Lakin saxlanılan şəxsin kimliyi açıqlanmayıb. Polislər onu Voronejdə kirayə qaldığı mənzildə yaxalayıblar. İlkin dindirmə zamanı qətlin icraçısı törətdiyi cinayəti etiraf edib.
Mərhumun cənazəsi artıq Azərbaycana gətirilib və doğulduğu Ağdaş rayonunda, Şordəhnə kəndində dəfn olunub.