Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Fazil Məmmədovu həbsə aparan "Vergi işi” adlı cinayət işinin seçkidən sonra rəsmiləşəcəyi iddia olunur
Növbədənkənar prezident seçkiləri ictimaiyyətin diqqətini hakimiyyət daxilində baş verən müəyyən məsələlərdən bir qədər ayırıb. Bu da təbiidir. Prezident seçkiləri, özü də növbədənkənar seçkilər ən böyük siyasi kampaniya olduğuna görə, hər zaman digər məsələlər arxa plana keçir. Məhz buna görə, Vergilər Nazirliyinin "Vergilər, şəffaflıq, inkişaf” mövzusunda sahibkarların, ictimaiyyət nümayəndələrinin, deputatların, siyasi partiyaların və ekspertlərin iştirakı ilə keçirilən konfrans cəmiyyətin diqqətini özünə çəkmədi. Eləcə də konfransda vergilər naziri Mikayıl Cabbarovun vergi ödəyicilərindən artıq ödəmələr tələb edilməsi haqqında açıqlaması da diqqətdən yayındı. Habelə nazirin vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsi üçün bütün resursları səfərbər edəcəyi haqqında açqılaması heç də ciddi rezonans doğurmadı. Halbuki, başqa vaxt olsaydı, nazirin açıqlaması mediada gündəmin əsas mövzusu olardı.
Bütün bunlara baxmayaraq, vergilər naziri Mikayıl Cabbarovun açıqlamaları öz aktuallığını qorumaqdadır. Onun vergi orqanlarında korrupsiyanın kökünün tam kəsilməsi üçün bütün resursları səfərbər edəcəyi haqqında açqılamasını həm də belə anlamaq olar ki, Vergilər Nazirliyində ciddi qanunsuzluqlar baş verib. Mikayıl Cabbarovun "vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir” açıqlaması isə yaxın zamanlarda şərti adı "Vergi işi” kimi ağır cinayətin başlanacağını göstərir.
"Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, şərti olaraq "Vergi işi” adlandırılan cinayət işinnin başlanmasına növbədənkənar prezident seçkilərindən sonra start veriləcək. Hazırda isə buna hazırlıq gedir. Bu isə "MTN işi” və "Vergi işi” adlı cinayət işlərindən sonra korrupsiyalaşmış yüksək vəzifəli dövlət məmurlarına qarşı başlanan üçüncü "iş” ola bilər.
Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar Azərbaycanda yüsək vəzifəli dövlət məmurlarının bu sahədəki fəaliyyəti beynəlxalq ictimaiyyətin də diqqətini çəkib. Bu isə korrupsiya ilə mübarizədə Azərbaycan dövlətinin imicinin nisbətən yaxşılaşamasına səbəb olub.
Sabiq vergilər naziri Fazil Məmmədovun dövründə Vergilər Nazirliyində baş veənlərlə bağlı üzə çıxan məlumatlar isə bu qurumda, ciddi korrupsiya hallarının baş verdiyini göstərir. Məsələn, sabiq vergilər nazirinə məxsus olan 4 ədəd bahalı xarici avtomobilin nazirliyə icarəyə verilməsi haqqında məlumatlar svili ölkələrdə cəmiyyətdə şok effekti yaratmalı idi. Çünki bu sayaq hallara yəqin ki, Afrika ölklərində də rast gəlmək qeyri-mümkündür.
Mənbənin məlumatına görə, nazirliyin vəzifəli şəxslərinin istifadəsinə verilən həmin avtomobillərə görə eks-nazirə yüksək icarə haqqı da ödənilirmiş. Bahalı 10 AS 712, 10 AS 713, 10 AS 714 və 10 AZ 890 "Audi A 8” markalı, dövlət nömrə nişanları olan həmin avtomobillərin indi Vergilər Nazirliyinin balansına keçməsi haqqında informasiyalar var. Fazil Məmmədovun şəxsi avtomobilləri rəhbərlik etdiyi Vergilər Nazirliyinə yüksək qiymətə icarəyə verməsi hadisəsi Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işinin açılmasına səbəb ola bilər. Bu hadisədə korrupsiyadan tutmuş vəzifədən sui-istifadə halları da tapıla bilər.
Sabiq vergilər nazirinin Azərbaycan istisadiyyatına yönəlməli olan milyardlarla xarici valyutanın ölkəmizdən çıxarması və ofşor ölkələrdə öz biznes şəbəkəsini yaratması haqqında iddialar da yaxın gələcəkdə hüquq-mühafizə orqanlarının araşdıracağı mövzular ola bilər. İddialara görə, Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret fabriki, təkər zavodu və böyük bazar şəbəkəsi var. Sabiq nazir tərəfindən təkzib edilməyən həmin məlumata görə, Fazil Məmmədovun Kiyev şəhərinin mərkəzindəki hoteli "11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq xidmət haqqı 220 avrodan başlayır. Hoteldən bir qədər aralıda, Puşkin küçəsindəki "Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Ukraynadakı təkər zavodunun səhmlərinin 49 faizi, Xarkov şəhərindəki siqaret fabrikinin səhmlərinin 41 faizi sabiq nazirə məxsus olduğu deyilir. Bunlarla yanaşı, sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə lüks hotelinin olması da yayılan məlumatlar arasındadır. Deylənlərə görə, həmin hotelin adı "Mir”dir.
Sabiq nazirlə yanaşı, onun yaxın qohumlarının da fəaliyyəti araşdırma mövzusu ola bilər. Onlardan biri də sabiq nazirin yeznəsi Namiq Quliyevdir. Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini işləyən Namiq Quliyevin oğluna məxsus olduğu iddia edilən "CASPEL” MMC-nin gətirdiyi nəzarət-kassa aparatları və POS terminallarının vergi ödəyicilərinə məcburən satılması haqqında söz-söhbətlər dolaşmaqdadır.
Beləliklə, prezident seçkilərindən sonra başlanaması gözlənilən, şərti adı "Vergi işi” olan və cinayət işi bir çox sabiq vergi məmurlarını əhatə etməklə korrupsiyalaşmış vergi məmurlarının həbsinə gətirib çıxara bilər. Bu cinayət işinin başlanamsı isə bircə bir neçə on milyon manatın dövlət büdcəsinə qaytarılması deməkdir.
Başqa bir məlumata görə, sabiq vergilər nazirinin kadlarının rəhbərlik etdikləri rayonların maliyyə fəaliyyəti də hal-hazırda diqqətlə araşdırılır...
"Yeni Sözçü" qəzeti