Kadr dəyişikliklərinin müsbət nəticələri olacaq

 Fərəh Əliyevanın Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi ciddi kadr dəyişikliyi hesab oluna bilər

 

71 yaşlı fransız dili müəlliminin Baş nazir təyin edilməsi kadr dəyişikliklərinə bəslənən dərin ümidləri bir qədər xəyal qırıqlığına düçar etsə də, İman Kərimovun kənd təsərrüfatı naziri, Sahil Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri, Rövşən Rzayevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi kadr islahatlarına ümidləri gücləndirdi. Fərəh Şirməmməd qızı Əliyeva Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi isə hakimiyyətin yüksək strukturlarında ciddi kadr dəyişikliklərinin arxa plana keçirilmədiyini təsdiqlədi.

İman Kərimovun, Sahil Babayevin və Rövşən Rzayevin ən problemli sahələrə cavabdeh qurumların rəhbərliyinə gətirilməsi iqtidarın proseslərə yeni stimul vermək istəməsindən xəbər verirsə, Fərəh Əliyevanın Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin olunması iqtidarın daxili siyasətində yeni kursun başlaya biləcəyindən xəbər verir.

Fərəh Əliyevanın sovet dönəminin partiya təmsilçisi olmaması, elm və mədəniyyət aləminin təmsilçisi olması və ən nəhayət Azərbaycan milli fikirinin daşıyıcılarından biri olan Şirməmməd Hüseynovun qızı olması humanitar sahəyə yeni nəfəs verəcəyi ilə bağlı ümid yaradır. Mümkün deyil ki, "Hər bir nəsil öz keçmişi haqqında aydın təsəvvürə malik olmalıdır. Azərbaycanda yeni nəsil müstəqil dövlətçilik, millətçilik ruhunu öyrənməli, bu ruh onun qanına, canına, vicdanına hopmalıdır” fikirinin müəllifinin qızı bu dəyərlərdən kənarda olsun. Əksinə, Fərəh xanımın yeni nəslin müstəqil dövlətçilik, millətçilik ruhunda böyüməsi üçün çalışacağına böyük ümidlər var.

Fərəh xanımın 2014-2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olması onun təhsil sisteminin problemlərinə dərindən bələd olmasını düşünməyə əsas verir. Yeri gəlmişkən qeyd edək ki, Fərəh xanımın rektor təyin olunduqdan qısa müddət sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rüşvətin kökünü kəsməsi bu ali məktəblə əlaqəsi olan hər kəsə məlumdur. İndi Fərəh xanımın bütün təhsil sistemində rüşvət və korrupsiyanın kökünü kəsəcəyinə, ən azından bunun üçün çalışacağına böyük ümidlər var.

"XX əsrin birinci yarısının tarixi inkişaf kontekstində Azərbaycan musiqi mədəniyyəti” mövzusunda doktorluq dissertasiyasının müəllifi olan Fərəh xanımın çağdaş mədəniyyətimizin problemlərini dərindən bilməsi onun bu sahədə də ciddi dəyişikliklərə nail olacağı haqqında nikbin düşünməyə əsas verir. Milli ruhlu vətənpərvər bir ziyalının qızı olan Fərəh xanımın informasiya texnologiyalarının milli mədəniyyətlərə ciddi təsir göstərməyə başladığı bir zamanda ölkənin humanitar sahəsinin rəhbərliyin gətirilməsi də milli kültürümüzün sabahı üçün narahatlıqları qismən azaldır.

Fərəh xanımın yüksək vəzifəsi eyni zamanda onun üzərinə yüksək məsuliyyət qoyur və onu çox çətin vəzifələrin gözlədiyini söyləyə bilərik. Məsələ ondan ibarətdir ki, ölkənin təhsil və mədəniyyət sektorunda korrupsiyanın yoluxmadığı çox az sayda qurum mövcuddur. Təhsil ocaqları bir çox hallarda ayrı-ayrı məmurların gəlir mənbəyinə çevrilib. Buna görə də Fərəh xanımın atacağı addımlar bu məmurlar tərəfindən müqavimətlə qarşılanacaq. Eyni sözləri mədəniyyət sahəsinə də aid etmək olar. Bütün bunlar Fərəh xanımın islahatlar və yeniliklər etmək cəhdi bir qrup məmurun ciddi müqaviməti ilə üzləşəcəyindən xəbər verir. Ancaq Fərəh xanımın prinsipiallığı və cəmiyyətdən ala biləcəyi dəstək həmin məmur qrupunun müqavimətini qırmağa qadirdir. Qeyd edək ki, Fərəh xanım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rüşvətxorluğa qarşı mübarizəyə start verəndə də müqavimətlə üzləşmişdi. Bütün müqavimətləri dəf edən Fərəh xanım çox qısa müddətdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rüşvətxorluğun kökünü kəsə bilmişdi. İndi onun eyni qətiyyətlə bütün təhsil və mədəniyyətdə rüşvətxorluğun, korrupsiyanın kökünü kəsməyə cəhd edəcəyindən şübhə ola bilməz.

Ancaq indi bütün problemlərin  bir şəxsin, həmin şəxs, hətta Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri olsa belə öhdəsindən gələcəyi çox mürəkkəb məsələdir. Buna görə cəmiyyətin aparıcı hissəsi olan ziyalılar bu məsələdə Fərəh xanıma tam dəstək verməlidir. Xüsusilə də, mətbuat Fərəh xanıma daima dəstək verməlidir. Bu mətbuatın Aərbaycan jurnalistikasının görkəmli simalarından biri, milli düşüncənin yorulmaz təbliğçisi Şirməmməd Hüseynov qarşısında mənəvi borcudur.

"Yeni Sözçü” qəzeti olaraq Fərəh xanımı yüksək vəzifəyə təyin olunması münasibəti ilə təbrik edir, ona yeni və çətin vəzifəsində uğurlar arzu edirik. Fərəh xanımın mədəniyyətimizin və təhsilimizin ciddi problemlərindən xilas olması üçün atacağı hər bir addımı bir media qurumu olaraq tam dəstəkləyəcəyimizi də bəyan edirik.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti