Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
İngiltərə keçmiş sovet respublikalarından olan oliqarxların sərvətlərinin mənbəyin araşdırır
Dünyanın ən nüfuzlu media orqanlarından biri olan Böyük Britaniyanın gündəlik The Times qəzetinin yazdığına görə (www.thetimes.co.uk/edition/news/national-crime-agency-dirty-money-probe-targets-russian-oligarchs-n09sp2b7w) Cinayətkarlıqla Mübarizə Milli Agentliyi 140-a yaxın əcnəbinin sərvətlərinin mənbəyini araşdırır. Böyük Britaniyada yanvar ayında qüvvəyə minən qanunvericilik aktına görə, İngiltərənin hakimiyyət orqanları 50 funt strelinqdən yuxarı olan sərvətlərin mənşəyini soruşmaq haqqına sahibdir. The Times qəzetinin yazdığına görə hazırkı araşdırmalar əcnəbi bankların iştirakı ilə Rusiyadan 22 milyard dolların çıxardılması üzrə aparılan araşdırmalarla bağlıdır. Bu proses Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın kimyəvi silahla zəhərlənməsinin təşkili faktından sonra daha aktuallaşıb.
"The Times” qəzetinin yazdığına görə sərvətinin mənbəyi araşdırılan əcnəbilərin arasında Rusiyadan olan oliqarxlar çoxluq təşkil etsə də, digər postsovet ölkələrindən olan oliqarxlar da var. Cinayətkarlıqla Mübarizə Milli Agentliyin iqtisadi və kibercinayətkarlıq şöbəsinin direktoru Donald Tun da bəyan edib ki, araşdırmalara məruz qalanların seçilməsi onların hansısa millətə mənsubluğu ilə müəyyən olunmur. Ancaq sərvətinin mənşəyi araşdırılan əcnəbilərin əksəriyyətinin Rusiya vətəndaşı və Rusiya bağları olan insanlar təşkil etməsi həqiqətdir.
Rusiyanın nüfuzlu media quruluşlarından olan "Nezavisimaya qazeta”nın sahibi və baş redaktoru, professor Konstantin Remçukov isə hesab edir ki, Böyük Britaniya rusların İngiltərə ərazisindəki sərvətini müsadirə etdikdən sonra digər əcnəbilərin də mənşəyi şübhə doğuran sərvətlərinə əl qoyacaq.
Qeyd etmək lazımdır ki, Böyük Britaniyanın belə bir addımı gec-tez artacağı gözlənilən idi. Çünki Qərbdə, xüsusilə də ABŞ və Böyük Britaniyada postsovet ölkələrindən çıxarılan çirkli pullar xeyirdən çox zərər verir. Bu pullardan avtoritar rejimlərin, xüsusən Putin rejiminin Qərb demokratiyasını zədələmək üçün istifadə etdiyi qənaətində olan Vaşinqton və London artıq hərəkətə keçib. Əgər, rəsmi Londonu Böyük Britaniya ərazindəki çirkli pullar narahat edirsə, Vaşinqton bütün dünya boyu çirkli pulları təqib etməyə başlayıb. Kipr Mərkəzi Bankı real fəaliyyəti olmayan, ancaq pul köçürmələri həyata keçirən ofşor şirkətlərin bank hesablarının bağlanmasına qərar verib. Məlumata görə, Kipr Bankı bu qərarı ABŞ Maliyyə Nazirliyinin Xarici sərmayələrə nəzarət Departamentinin təmsilçilərinin Nikosiyada apardıqları danışıqlardan sonra verib. Aydın görünür ki, Kipr Bankının arxasında ABŞ Maliyyə Nazirliyinin iradəsi dayanır. ABŞ Maliyyə Nazirliyinin müfaviq danışıqları bütün dünya boyu aparmaları haqqında da məlumatlar var. ABŞ Maliyyə Nazirliyi bütün tərəfdaşları ilə danışıqlarda qaydalara uymayanları ciddi maliyyə sanksiyaları ilə təhdid etməkdən çəkinmir. Buna görə də hətta Kipr kimi ölkənin də Mərkəzi Bankı tələblərə riayyət etmək məcburiyyətində qalır.
Bu prosesdə azərbaycanları da maraqlandıran məqamlar var. Məlumata görə, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyinin sərvətinin mənşəyini araşdırdığı 140 əcnəbinin arasında 11 nəfər Azərbaycanlı da var. Onlardan üçünün Rusiya vətəndaşı olan azərbaycanlılar olduğu, digərlərinin isə Azərbaycan vətəndaşları olduğu haqqında məlumatlar var. Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Milli Agentliyi tərəfindən sərvətinin mənbəyi araşdırılan azərbaycanlıların kimliyi ilə bağlı "Yeni Sözçü” qəzetinin redaksiyasında müəyyən məlumatlar olsa da, həmin məlumatlar rəsmi təsdiqini tapmadığı üçün açıqlamırıq. Ancaq bu məlumatlar ətrafında araşdırma aparırıq və oxucularımıza bununla bağlı ətraflı məlumat verməyə çalışacağıq. Mövzu ilə bağlı Böyük Britaniyanın ölkəmizdəki Səfirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.
Arzuman Loğmanoğlu