Mübariz Mənsimov siyasi fəaliyyətə başlayır

Mübariz Mənsimov siyasi fəaliyyətə başlayır

 


 

Zəngin və nüfuzlu iş adamının siyasətə qoşulması prosesləri sürətləndirəcək

 


Həbsdə olan video-bloger Mehman Hüseynovun həbsxanada təkrar həbs olunmaq təhlükəsi qarşısında Azərbaycan cəmiyyətinin müəyyən bir qisminin etirazları ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri Azərbaycan əsilli məşhur iş adamı, "Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun da bu kampaniyaya qoşulması idi. Zənginliyi və həyata keçirdiyi layihələri daima müzakirə olunan bu iş adamının Mehman Hüseynovun vəziyyəti ilə bağlı özünün "Facebook” səhifəsində açıqlama yayması və bununla gənc blogeri müdafiə etməsi hər kəsin marağına səbəb oldu. Mübariz Mənsimov yazırdı: "Son günlərdə olduqca çox insan yazır ki, sən niyə bu gənci müdafiə etmirsən, niyə susursan? Mən alnıaçıq, üzüağ bir iş adamıyam. Bu zamana qədər Allahdan başqasından qorxmadım, qorxaraq da bir addım atmadım. O hadisələrdən isə, xəbərim belə yox idi. Siz deyəndən sonra izlədim və o gəncin hazırladıqlarında dövlətə ziyan verəcək heç nə görmədim. Tam əksinə, dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa edib”.

İş adamının bu açıqlamasında iki məqam diqqəti cəlb edir. Birinci məqam ondan ibarətdir ki, Mübariz Mənsimov ilk dəfə olaraq Azərbaycan hakimiyyətinin bir tənqidçisini müdafiə etdi. İkincisi, iş adamı blogerin video-süjetlərində həqiqətin əks olunduğuna işarə etdi. Mehman Hüseynovun dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa etdiyini açıq mətnlə yazan Mübariz Mənsimov bununla faktiki olaraq yüksək vəzifəli Azərbaycan məmurlarını korrupsiyada ittiham etmiş oldu. Məsələ ondan ibarətdir ki, Mehman Hüseynovun videoları əsasən nazirlərin, komitə sədrlərinin və deputatların mülkləri ilə bağlı olub. İndi Mübariz Mənsimovun "Mehman Hüseynov dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa edib” deməsi, məhz yükəsk vəzifəli məmurları korrupsiyada ittiham etmək anlamına gəlir.

Bir çoxlarının Mübariz Mənsimovun bu addımının Azərbaycan cəmiyyətinə yönəlmiş ilk və son mesaj olacağı haqqında əssasız arxayınlığa qapıldıqları bir zamanda "Palmali” şirkətlər qrupunun sahibi daha bir səsli-küylü açıqlama ilə diqqətləri öz üzərinə çəkdi. Məlum oldu ki, Mübariz Mənsimov gəmilərindən birinəeks-prezident Əbülfəz Elçibəyin adını verməyi planlaşdırır. Həm də o, bunu çox nümayişkaranə şəkildə edir. Belə ki, yenə də özünün "Facebook” səhifəsindən Mübariz Mənsimov Azərbaycan cəmiyyətinə belə bir açıqlama ünvanladı: "Bir liderin böyüklüyü, inancının dərinliyi, hədəflərinin yüksəkliyi, dünya görüşünün genişliyi və sevgisinin məsafəsi ilə ölçülür. Uca Allah sadəcə 20-ci əsrdə üç böyük lider qismət etdi: Məhəmməd Əmin Rəsulzadə, Heydər Əliyev və Əbülfəz Elçibəy. Bəzi cahillər bunların müqayisəsini aparırlar. Halbuki, bu üç şəxsiyyətin missiyaları başqa olsa da, hər üçü müasir Azərbaycan dövlətinin təməlini atan kişilərdir. Məhəmməd Əmin Rəsulzadə üçrəngli bayraqla şərqdə ilk respublikanın təməlini ataraq, içimizdə bir azadlıq məşəli yandırdı. 70 il Sovet zülmü repressiyalara rəğmən bu məşəli söndürə bilmədi və əsrin sonlarına yaxın Əbülfəz Elçibəy çıxdı və bir kərə yüksələn bayrağı əbədiyyətə qədər göylərdə dalğalandırmaq qərarını verdi. Milli Azadlıq Hərəkatı məhz onun liderliyi ilə Azərbaycanın qolundakı buxovları qırdı. Bu günə qədər digər postsovet ölkələrində qalan rus qoşunlarını ölkəmizdən çıxararaq, həqiqi suverenliyimizə qovuşdurdu. Test islahatı keçirərək, varlı balaları ilə yanaşı kasıbların da üzünə ali məktəbləri açıq elan etdi. Bütün bu uğurların bir bədəli olacaqdı. Məhz o bədəli milləti deyil, özü çəksin deyə, Azərbaycanı Heydər Əliyevə əmanət edərək, getdi. Çünki bu axının qarşısında kimin duruş gətirəcəyini bilirdi. Yəni, bu üç şəxsiyyəti bir-birindən ayırmaq olmaz. Çünki hər üçü bir-birini tamamlayır. Yetər ki, bəsirət gözünlə görəsən. Biz də Cümhuriyyətimizin 100 illiyi ilə bağlı yeni gəmimizin adını Məhəmməd Əmin Rəsulzadə qoyduğumuzu bildirmişdik. Eyni zamanda 2004-cü ildən etibarən "Heydər Əliyev” gəmimiz dünya sularında üzməkdədir. Hər üç şəxsiyyət bizim üçün əziz olduğundan Əbülfəz Elçibəyi də unutmamağa və unutdurmamağa qərar verdik. Bu ilin aprel ayından, gəmilərimizdən biri bu böyük şəxsiyyətin - Əbülfəz Elçibəyin adını daşıyacaq. Beləliklə, 20-ci əsrdə yaşamış hər üç şəxsiyyətin adını daşıyan gəmilərimiz dünya sularında üzəcəklər...”

Zəngin bir iş adamının rəsmi Bakının mövqeyi ilə üst-üstə düşməyən bu addımları, sosial şəbəkə vasitəsilə Azərbaycan cəmiyyətinə birmənalı mesajlar verməsi cəmiyyətin bütün təbəqələrində diqqətləri cəb edib. İndi Azərbaycanın ictimai-siyasi dairələrində əsasən Mübariz Mənsimovun son addımları və açıqlamaları müzakirə olunur. Bir çoxları hesab edir ki, Mehman Hüseynovla bağlı açıqlamanı humanizmlə izah etmək olardısa, gəmilərindən birinə mərhum prezident Əbülfəz Elçibəyin adını verməsi, onu Azərbaycan Milli Azadlıq Hərəkatının lideri adlandırması şəksiz ki, siyasi mövqedir. Belə görünür ki, zəngin iş adamı siyasi proseslərə qoşulmaq ərəfəsindədir. Hətta artıq onun siyasi fəaliyyətə başladığını da söyləmək mümkündür. İstisna deyil ki, yaxın zamanlarda onun Azərbaycan müxalifətinə dəstək olacaq daha ciddi addımlarının şahidi olacağıq. Əlbəttə ki, bu zəngin iş adamı maliyyə yoxluğundan ciddi sıxıntı keçirən Azərbaycan müxalifətinə yeni nəfəs verə bilər. Ən azından Mübariz Mənsimov kimi bir iş adamının Mehman Hüseynov və Əbülfəz Elçibəylə bağlı açıqlamalarla Azərbaycan müxalifətinə mənəvi dəstək olduğu artıq göz önündədir. Uğurlu və zəngin bir iş adamının müxalifət sıralarına keçə biləcəyi ehtimalı özü artıq rəsmi dairələrdə narahatlıq yaradıb. İqtidara yaxın mediada Mübariz Mənsimova yönəlik təhdidlərin dilə gətirilməsi də həmin narahatlığın nəticəsi hesab oluna bilər.

Bütün bunlar isə Azərbaycanda yeni siyasi şəraitin yaranması prosesinin getdiyini təsdiqləyir. Müxalifətin izdihamlı etiraz aksiyası cəmiyyətin etiraz əhval-ruhiyyəsini ortaya qoydu. Dünyada və bizim ölkənin yerləşdiyi regionda baş verənləri də Azərbaycan cəmiyyətinin etirazçı qisminin güclənməsi ilə bağlı məqama əlavə edəndə, yaranmış mənzərəni 2019-cu ilin gərgin siyasi proseslərlə zəngin olacağının anonsu hesab etmək olar. Əgər Mübariz Mənsimov kimi iş adamları da bu proseslərdə yer alacaqsa, o zaman hadisələrin gedişi daha da sürətlənəcək.

A.Nəbiyev,

"Yeni Sözçü"qəzeti 

 



Oxşar Xəbərlər

Xəbər lenti