Şuşa RTŞ-nin müdiri dövlətin təhsil strategiyasını şübhə altına aldı-FOTO

 

Şuşa RTŞ-nin müdiri dövlətin təhsil strategiyasını şübhə altına aldı-FOTO

 


 

 

Ölkənin təhsil sahəsində kadr hazırlığı işində ciddi problemlərin olduğunu vurğulayan Təvəkkül Əliyev, orta məktəbdə rus bölməsinin ləğv olunmasını da bu problemə bağlamağa çalışır

Bu gün, 27 mart 2019-cu il tarixində, Şuşa şəhər 1 saylı tam orta məktəbdə, Şuşa RTŞ-nin müdiri Təvəkkül Əliyevlə məktəbin rus bölməsində oxuyan şagirdlərin valideynləri arasında görüş keçirilib. Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bu məktəb ölkə prezidentinin 14 sentyabr 2011-ci il tarixli sərəncamı əsasında inşa edilib. Məktəbin təntənəli açılışı 2015-ci ildə baş tutub.

Görüşün keçirilməsinə səbəb məktəbin fəaliyyətində yaranmış bir problem olub. Məsələ bundadır ki, ötən dörd il ərzində məktəbdə rus bölməsi də fəaliyyət göstərib. Bu il isə valideynlərə bildirilib ki, artıq bu məktəbdə rus bölməsi bağlanır və övladlarının məhz rus dilində təhsillərini davam etdirmələrini istəyən valideynlər öz uşaqlarını digər məktəblərə yerləşdirməli olacaqlar. Təbii ki, valideynlər bu vəziyyətə etiraz edirlər. Əksəriyyəti qaçqın və köçkün ailələri təmsil edən valideynlər haqlı olaraq bildirirlər ki, məhz bu məktəb onların kompakt yaşadıqları ərazidə ona görə inşa olunmuşdur ki, uşaqların və valideynlərin rahatlıqları təmin edilsin. Eyni zamanda da vurğulamaq lazımdır ki,Şuşa şəhər 1 saylı tam orta məktəbdə təhsil alan 10-a qədər rus millətindən olan şagirdlərin valideynləri də çətin vəziyyətə düşüblər və etiraz edən digər valideynlərlə həmrəy olduqlarını bildirirlər.

Təvəkkül müəllim deyir ki, rus bölməsinin bağlanması ölkədə rus dilində tədris edən müəllim kadrlarının çatışmazlığı ilə bağlıdır. Valideynlər isə bu arqumentlə qətiyyən razılaşmaq istəmirlər. Onlar haqlı olaraq əks-arqumentlər gətirir və deyirlər ki, Azərbaycanın müvafiq ali məktəblərindən hər il rus dili üzrə ixtisaslaşmış yüzlərlə mütəxəssis məzun olduğu halda, məhz bu məktəbdə müəllim çatışmazlığı qətiyyən məntiqə uyğun deyil. Amma RTŞ müdiri də öz dediyindən dönmür. Təvəkkül müəllim israrla iddia edir ki, sən demə hər il hesabatlarda təqdim olunan rəsmi rəqəmlər reallığı əslində heç də olduğu kimi əks etdirmir. Yəni, təhsil şöbə müdirinin deməyinə görə, universitet məzunları əslində öz peşələri üzrə mütəxəssis olmurlar, işə qəbul üzrə dövlət imtahanlarında 20 balı toplaya bilmirlər və ümumiyyətlə bu sahədə vəziyyət son dərəcə bərbaddır. Anladığımız qədər, Təvəkkül Əliyev birmənalı olaraq ölkədə fəaliyyət göstərən universitetlərin və ən əsası da Təhsil Nazirliyinin fəaliyyətindən tamamilə narazıdır. Onun sözlərinin bir qədər dərindən təhlili isə belə bir qənaətə gəlməyə əsas verir ki, Təvəkkül müəllim ümumiyyətlə bu sahədə həyata keçirilən dövlət strategiyasının effektivliyinə də böyük şübhə ilə yanaşır.

Eyni zamanda da Şuşa RTŞ müdirinin yuxarı instansiya kimi tabeliyində olduğu quruma, yəni Təhsil Nazirliyinə qarşı münasibətində bir qəribəlik, bir qeyri-müəyyənlik diqqətimizi cəlb etdi. Məsələ bundadır ki, Təvəkkül Əliyev yaranmış vəziyyətdən TN rəhbərliyinin, o cümlədən birbaşa nazir Ceyhun Bayramovun xəbərdar olub-olmadığı barədə sualımızı cavablandırmaqdan yayındı. Bununla yanaşı da RTŞ müdirinin bir çox məsələlərdə Bakı Şəhər Təhsil İdarəsinə istinad etməsi, hətta valideynlərin bəzi konkret suallarına məhz: "Bakı Şəhər Təhsil İdarəsi ilə məsləhətləşərik...” – deyə cavab verməsi razılaşın ki, ən azından təəccüb doğurmaya bilməz.

Valideynlər isə yaranmış vəziyyətdən Təhsil Nazirliyinin xəbərsiz olduğuna əmindirlər. Onların rəyinə görə, Şuşa şəhər 1 saylı tam orta məktəbdə rus bölməsinin bağlanma həddinə gətirilməsi birbaşa Şuşa RTŞ-nin müdiri Təvəkkül Əliyevin səriştəsizliyinin və işində yol verdiyi boşluqların nəticəsidir. Bu boşluqları ört-basdır etmək üçün isə RTŞ müdiri böyük ehtimalla ya vəziyyəti Nazirlikdən gizləyib, ya da vəziyyətin yaranma səbəbləri barədə rəhbərliyə qeyri-dəqiq məruzə edib. Onunla görüşə gələn valideynlərə isə Təvəkkül müəllim "hər kəs özü öz başının çarəsinə baxsın”dan artıq heç nə deyə bilmədi.

Lakin valideynlər bu tövsiyyəyə əməl etmək niyyətində deyillər. Görünür Təvəkkül müəllimdən fərqli olaraq, onlar ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş təhsil strategiyasının effektivliyinə tam etibar edirlər. Məhz bu səbəbdən də RTŞ müdiri ilə görüşün sonunda Şuşa şəhər 1 saylı tam orta məktəbin rus bölməsində təhsil alan şagirdlərin valideynləri yaranmış problemə Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətini cəlb etmək üçün aksiya keçirmək niyyətində olduqlarını bildirdilər.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti

Şuşa RTŞ-nin müdiri dövlətin təhsil strategiyasını şübhə altına aldı-FOTO

 

                                    Şuşa RTŞ-nin müdiri dövlətin təhsil strategiyasını şübhə altına aldı-FOTO

 

 

Şuşa RTŞ-nin müdiri dövlətin təhsil strategiyasını şübhə altına aldı-FOTO

 



Oxşar Xəbərlər

Xəbər lenti