8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İlk yardım edən polislər olub
2015-ci il mayın 19-da Binəqədi rayon ərazisində baş vermiş yanğınla yaddaşları cızdı. Baş vermiş yanğınla bağlı Dövlət komissiyasının sədri Abid Şərifov iyulun 26-da (2015) müsahibəsində istintaqın yaxın 10 gündə bitəcəyini demişdi.
Onu da qeyd edək ki, Bakı merinin canfəşanlığı geniş ictimaiyyətin xatiratından çıxmayıb, unudulmayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova: "Onlardan 12-si Kliniki Tibb Mərkəzinin Toksikologiya şöbəsində, iki nəfəri isə 6 saylı şəhər xəstəxanasında müalicə qəbul etdiklərini” – deyərək vəziyyətlərinin gündən-günə stabilləşdiyini əlavə etmişdi.
Baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilərək, onlardan 41-i xəstəxanalarına yerləşdirilmişdi. Hadisə nəticəsində 15 ölüm hadisəsi baş vermişdi.
Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200-36 ünvanındakı çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinin istilik haqlarına görə borcları "Azəristiliktəchizat” ASC tərəfindən ödənilmişdi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə 5-ci PB-də müvafiq qərargah yaradılmışdı.
***
Xatırladırıq ki, Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əfqan Hacıyevin sədrliyi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittihama cəlb olunan M.Mahmudov, Ə.Əsgərov, U.Bəşirov, Q.Novruzov, Ə.Rəcəbov, N.Orucov, A.Əlibəyov və A.Məmmədovun məhkəmə istintaqı davam edir.
Açıq məhkəmə araşdırmasında zərər çəkmişlər "təqsirləndirilən şəxsləri tanımadıqlarını, onlarla heç bir ədavət, düşmənçilikləri olmadığını və hətta zərərçəkmişlərin əksəriyyəti heç bir tələbləri olmadıqlarını” – bildirdilər.
İyulun 28-də saat 11:00-da davam edən məhkəmədə DİN-nin Çevik Polis Alayının 2-si Patrul Bölüyünün əməkdaşı, polis serjantı Şahin Alı oğlu Qocayev sərbəst ifadə verdi. Hakim Əfqan Hacıyevin: "Nə işlə məşğul olmusunuz?” – (Yəni, hadisə zamanı-N.A.) sualına "Xilasetmə ilə” məşğul olduğu cavabını verdi:
- Saat 11:00 radələri mən və Elvin Məmmədov binaya ilk yardım etdik.
Sual: - Haradan alışdı?
Cavab: - Metro tərəfdən (binanın marketində göstərir-N.A.). birinci idarəyə məlumat verdik. 3 nəfər xilas eləmişəm. Özünü atan oğlanı biz çıxartdıq. Birinci blokun qabağına düşmüşdü. Əynində qara şalvar və köynək idi. Üstünə adyal atılmışdı.
Vəkil Cavid Rzazadə sual verdi.
Sual: - Birinci kim çatıb?
Cavab: - Mən çatmışam. Maşında hər şey var. Əleyhqaz və s. Xüsusi geyim olmadan qalxıb enmişəm.
Məhkəməyə sədrlik edən hakim Ə.Hacıyev polis serjantı Şahin Qocayevin ifadəsinə görə sual verdi: "Siz dediniz ki, əynində köynək var idi. Amma kofta var (olub: - N.A.).
RAKURS: Yeri gəlmişkən qeyd edək ki, mayın 19-da çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı sakinlərin təxliyə və xilas olunmasında fədakarlıq göstərərkən müxtəlif dərəcəli xəsarətlər alan polis əməkdaşları DİN-nin Hospitalında müalicə aldıqları zaman Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov onlara baş çəkmişdi: "Xidməti və vətəndaşlıq borcunu layiqincə yerinə yetirən, həyatlarını riskə atmaqdan çəkinməyən Şahin Qocayevin” səhhəti ilə maraqlanaraq, ona şəfa diləmişdi. Göstərdiyi igidliyə görə təşəkkür edən nazir, Ş.Qocayevin tezliklə sağalmasını və DİN sıralarına qayıtmasını arzulamışdı.
Təxliyə və xilasetmə işləri zamanı vəzifə borclarının icrasında fərqlənən əməkdaşların Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən dövlət mükafatlarına təqdim olunacağını nəzərinə çatdırmışdı. Dövlətin qayğısını hiss edən Şahin Qocayev bu ali diqqətə görə ölkə prezidentinə minnətdarlığını bildirmişdi.
(Məhkəmə avqustun 9-da saat 10-da davam edəcək)
P.S: Açıq məhkəmə prosesində diqqətimi çəkən epizod hakimin xüsusilə sayıqlığı ehtiva edən jesti oldu:
- Siz kimsiniz? Nə marağınız var?
Şahid: Məlahət Ağasıyeva.
Vəkillər onun qərəzli "şahid” olduğunu və hətta istintaqda da gedib izahat yazdığını bildirdilər. İndi də zalda oturur. (?!)
Anşlaq zamanı o da səsləndi ki, materialın sifarişçisi icra hakimiyyəti olsa da, bu qurum istehsal eləmir. Vurulan materialın sertifikatı olmalıdır. Keyfiyyət sertifikatında materialın oda, yağışa, soyuğa, istiyə davamlılığı göstərilməlidir. Buna da cavabdeh istehsal eləyən və tikinti icraçılarıdır. Yəni, keyfiyyət sertifikatı verənlər məsuliyyət daşıyır.
P.P.S: Avqustun 9-da saat 10:00-da keçirilməsi gözlənilən məhkəmə prosesi 11:00 radələri davam etdi. Zərərçəkmişlərdən Elmira Manafova, Ruslan Əliyev, Anar Abdullayev və digərləri sərbəst ifadə verdilər. E.Manafova onu yuxudan pişiyi oyatdığını, R.Əliyev "DİN-nin əməkdaşı kimi yox, bir vətəndaş kimi ölümə atıldığını” – söylədi.
Fasilədə vəkil Nüşabə Ağayeva nəzarətçinin prosesdə yolverilməz hərəkətini bəyan etdikdən sonra hakim Fikrət Qəribov bu yolverilməz hərəkətə görə nəzarətçinin cəzalandırıldığını bildirdi.
Zərərçəkmiş Orxan Sayılov FHN-nin əməkdaşlarının hadisə yerinə gecikməsini belə ifadə etdi: - "Pajarnı” maşın boş gəldi. Birinə: "Söndürün” – deyəndə o, mənə "Mən də istəyirəm söndürüm. Amma mənə dedilər söndürməyin”.
Vəkil Məzahir Şahmuradov ayağa qalxıb mübahisə edərək ittihama cəlb olunanlara saxta ittiham verildiyini bəyan etdi:
- Möhtərəm hakim, heç olmasa rəhbərliyə bu barədə məlumat verin.
Təqsirləndirilən şəxslərdən birinə təcili yardım maşını çağırıldığı üçün qısa müddətə yenə də fasilə elan olundu.
Saat 12:30 radələrində hakim Ə.Hacıyev təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsinə keçid üçün dövlət ittihamçısının rəy verməsini tələb etdi. Sonra müdafiəçilər dinlənildi. Təqsirləndirilən şəxslərin əksəriyyəti psixoloji və fiziki xəstə vəziyyətinə düşdükləri üçün ifadə verə bilməyəcəklərini dedilər…
İttiham aktına görə, Məmmədov Ağacavad Hacı oğlu 18 fevral 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrlə ona ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltiham qətiimkan tədbiri seçilmişdir. 14 aprel 2016-cı il tarixdə ona Azərbaycan Respublikası CM-nin 308.2-ci və 313-cü maddələri ilə yenidən ittiham elan edilmişdir.
"Dərnəgül Boru Zavodu” qapalı səhmdar cəmiyyətinin polimerlərin kimyəvi, fiziki-mexaniki xassələrinin təyini laboratoriyasının kimyaçı-texnoloqu vəzifəsində işləmiş Məmmədov Ağacavad Hacı oğlu poliuretan məmulatlarının odadavamlılıq qabiliyyətinin yoxlanılmasına dair sınaq testi keçirilməsindən danışdı. O, "iki sınaq” keçirildiyini dedi. Səsi güclə eşidilən A.Məmmədov vaxtilə Bakı Kondisioner Zavodunda işlədiyini əlavə etdi. Vəkillərin suallarına cavab verərək bu maddənin "özü-özünü söndürən material, yəni çətin yanan” olduğunu bildirdi.
Digər vəkilin "burda danışıqlarından başa düşdüm ki, qısa müddətdə o sürətlə yana bilməz. Nəyə görə maşınlar gecikib? Bu dövlətə xəyanətdir. Niyə yandı?” – sualına A.Məmmədov cavab verdi:
- Qurana and olsun ki… (Onun dedikləri eşidilmir-N.A.)
Peşəkar hakim kimi tanıdığımız, hazırda vəkil işləyən Nüşabə Məmmədovanın: "Qəzənfər Novruzovu tanıyırsınız?” – sualına "Xeyr” cavabını verdi. O, açıq məhkəmə prosesində ifadə verən FHN-nin əməkdaşlarını belə ittiham etdi: "Burda pajarnılar o qədər yalanlar danışdı ki… Onlar heç beşinci mərtəbədən o yana qalxa bilməz”.
Məhkəmə davam edir. Proses avqustun 11-də səhər saat 10-da davam edəcək.
Natella ASENA,
"Yeni Sözçü" qəzeti