Sahil Babayev Səlim Müslümovun kadrlarından imtina edir

Sahil Babayev Səlim Müslümovun kadrlarından imtina edir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində geniş kadr dəyişikləri başladı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Səlim Müslümovun korrupsiyalaşmış kadrlarını vəzifələrindən azad etməkdə qərarlı olduğunu sübut edir. Belə ki, son 2 həftə ərzində ən azı 20 vəzifəli şəxslə bağlı qərar verən nazir Sahil Babayev ƏƏSMN-yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Sərdar Xasay oğlu Xıdırovu vəzifəsindən azad edib. Onun yerinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru, bir neçə gün öncə iqtisdaiyyat nazirinin müavini təyin edilən Şirzad Abdullayevin qardaşı Cavid Abdullayevi təyin edib. Cavid Abdullayev bir zamanlar DSMF-nin Qaradağ şöbəsinin müdiri olub. Sahil Babayev Səlim Müslümovun yaxın kadrlarından olan Şahin Quliyevi də vəzifəsindən azad edib. Bu şəxs DSMF-də Sosial ödənişlər şöbəsinin müdiri olub.

Sahil Babayev Səlim Müslümovun yaxın kadrlarından olan Şahin Quliyevi də vəzifəsindən azad edib. Bu şəxs DSMF-də Sosial ödənişlər şöbəsinin müdiri olub. Hal-hazırda Şahin Quliyevin fəaliyyətinin araşdırılması haqqında məlumatlar yayılıb. Bu məsələni diqqətdə saxlamaqla yanaşı, nazir Sahil Babayevin DSMF-nin Abşeron rayon şöbəsinin müdiri Coşqun Qasımovu, Quba rayon şöbəsinin müdiri Sabir Hacıyevi, Qaradağ rayon Məşğulluq Mərkəzinin müdiri Tahir Hüseynovu, Binəqədi rayon Məşğulluq Mərkəzinin müdiri Güləhməd Bağırovu, Laçın rayon Məşğulluq Mərkəzinin müdiri Balay Bəndəliyevi, İsmayıllı rayon Məşğulluq Mərkəzinin müdiri Həsən Həsənovu, Qax rayon Məşğulluq Mərkəzinin müdiri Laçın Haçıyevi, Yasamal rayon Məşğulluq Mərkəzinin müdiri Elxan Rəhimovu, Samux rayon Məşğulluq Mərkəzinin müdiri Yaşar Ələkbərovu, Dövlət Məşğulluq Xidmətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri Məhəmməd Əliyevi, Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyevi, Dövlət Əmək Müfəttişliyi Xidməti sektor müdiri Elşən Tağıyev və Aparatın Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarovu tutduqları vəzifələrdən azad edib. Bundan başqa Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Cəfərovun dövlət qulluğunda fəaliyyətinə xitam verilib, tutduğu vəzifədən çıxarılıb və nazirliyin jurnalında redaktor müavini vəzifəsinə keçirilib.

Məlumatlı mənbə vəzifələrindən azad edilən məmurlarla bağlı araşdırmalara başlandığını iddia edir. Eyni zamanda mənbə bildirir ki, nazir Sahil Babayev kadr dəyişikliklərini davam etdirəcək. Yaxın günlərdə DSMF-nin bir neçə rayon şöbəsinin müdiri də vəzifəsindən kənarlaşdırılacaq. Ancaq buda son olmayacaq. Əksər rayonların Məşğulluq Mərkəzlərinin rəhbərliyi də dəyişdiriləcək. Bu isə nazir Sahil Babayevin sabiq nazir Səlim Müslümovun kadrları ilə yollarını ayırmaqda israrlı olduğunu iddia etməyə əsas verir. Bundan başqa bu proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən korrupsiyanın üzə çıxarılmasına yardım edə bilər. Qeyd edək ki, Səlim Müslümovun dövründə 2-2.5 milyard manatlıq korrupsiyanın baş verməsi haqqında gündəmdə iddialar var. Hətta korrupsiyanın məbləği deyilənlər qədər olmasa belə, çox böyük korrupsiyanın olmasına heç bir şübhə yoxdur. Bu korrupsiya isə heç şübhəsiz nazirliyin strukturlarına daxil olan qurumların vasitəsilə həyata keçirilib. Məlum olduğu kimi DSMF Goranboy rayon şöbəsində ilyarımdan az müddətdə  sənədləri saxtalaşdırılmaqla 310 min 663 manat məbləğində vəsait mənimsənməsi üzə çıxmışdı. Goranboy ölkənin kiçik rayonlarından olduğu və DSMF Goranboy rayon şöbəsində üzə çıxan 310 min 663 manatlıq korrupsiyanın yalnız ilyarımdan az müddətdə baş verməsi Səlim Müslümovun 2 milyardlıq korrupsiyanın həqiqətdən uzaq olmadığını göstərir. Buna görə də indi nazir Sahil Babayevin həyata keçirdiyi kadr dəyişikliklərinin sonda korrupsiyanın üzərinə işıq salmasına imkan verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən korrupsiyanın üzə çıxarılması bir çox saxta işbazların da ifşa edilməsinə səbəb olacaq. Məsələn, hüquqi ünvanı Sabirabad rayonunun, Qalağayın kəndində yerləşən, Könül Əsəd qızı Heydərova adlı şəxsin rəhbərlik etdiyi "Apex-MRS” Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Sosial Müdafiə Fondunun bəzi rayon şöbələri ilə apardığı əməliyyatlar araşdırılsa DSMF-də mövcud olmuş tender korrupsiyasını üzə çxara bilər. Bundan başqa bir çox şirkətlər var ki, onların da adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarına daxil olan qurumlarla, xüsusən də Dövlət Sosial Müdafiə Fondu və Məşğulluq Mərkəzləri ilə əməliyyatlarda keçir. Bununla bağlı araşdırmalarımız olacaq. Hələlik isə qeyd edək ki, Səlim Müslümovun kadrlarının işdən kənarlaşdırılması nəticəsində üzə çıxan faktlar bəzi icra başçılarının da karyerasına son qoya bilər. Çünki, Dövlət Sosial Müdafiə Fondunun bir çox rayonlarda baş verən korrupsiyasının bir ucunun da icra hakimiyyətinə gedib çıxdığı şübhə doğurmur. Məsələn, Ağsu rayon Məşğulluq Mərkəzinin direktoru Həsrət İbadovun və Dövlət Sosial Müdafiə Fondunun Ağsu rayon şöbəsinin müdiri Seyidməmməd Məmmədovun fəaliyyəti yoxlanılsa bunun bir ucunun rayon icra hakimiyyətinin başçısı, Ənvər Seyidəliyevə kimi uzanacağına şübhə yoxdur. Məlum olduğu kimi Ənvər Seyidəliyev sabiq nazir Səlim Müslümovun dayısıdır.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələrinin yeni inzibati binalarının inşası zamanı baş vermiş korrupsiya isə başqa bir araşdırmanın mövzusudur. Bununla bağlı apardığımız araşdırmaları da növbəti saylarımızın birində oxuya biləcəksiniz.

 

"Yeni Sözçü"qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti