Səlim Müslümov istintaqa cəlb ediləcək?!

 

Səlim Müslümov istintaqa cəlb ediləcək?!

 


 

Sahil Babayev Səlim Müslümov klanı ilə bacaracaqmı?

 

Növbədənkənar prezident seçkilərində uğurlu qələbə qazanan İlham Əliyevin andiçmə mərasimindən sonra Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması demək olar ki, başa çatıb. Yeni tərkibdə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yer almaması ölkə əhalisi tərəfindən razlıqla qarşılanıb. Bu da səbəbsiz deyil. Səlim Müslümovun nazir olduğu dövrdə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara qarşı qanuni  humanism prinsiplə yox,  qabalıq və zorbalıq prinsipləri hərəkət edirdi. Səlim Müslümovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik etdiyi beş il ərzində sosial yardım ala bilməyərək intihar edən vətəndaşların statistikasına görə sabiq nazir və komandası mütləq cavab verməlidir.

Səlim Müslümovun komandası isə əsasən beş şəxsdən, nazir müavini İdris İsayev, Aparat rəhbəri Əjdər Cəbiyev, Dövlət Sosial Müdafiə Fonduun direktoru Zakir Babayev, Dövlət müfəttişilik xidmətinin rəisi Fuad Əlizadə, nazirliyin bütün maliyyə və tender əməliyyatlarını aparan iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovadan ibarət olub. Ancaq mühüm məsələlər Səlim Müslümovun, İdris İsayevin, Əjdər Cəbiyevin və Şəlalə Cəfərovanın rəyi ilə  həll olununurdu. Məsələn, Şəlalə Cəfərovanın razılığı olmadan heç bir maliyyə əməliyyatı həyata keçirilmirdi. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin həyata keçirdiyi maliyyə əməliyyatları, tender və qrantlarla bağlı geniş araşdırma aparırıq. Bu araşdırmamız hazır olanda Səlim Müslümovun komadasının maliyyə fırıldaqlarını üzə çıxaracağımıza ümid edirik.

Hələlik isə onu qeyd etmək istərdik ki, Səlim Müslümovun  nazir olduğu dövrdə  qanunla sosial yardım ala bilməyib, intihar edənlərə görə kimsə cavab verməlidir. Bu prosesi isə prezident İlham Əliyevin etimad göstərdiyi nazir Sahil Babayev ilk öncə Səlim Müslümovun komanda üzvülərinin vəzifələrindən azad etməsi, onlar barəsində xidməti araşdırılmasına başlamalıdır.

Əminliklə deyə bilərik  ki,  araşdırma başlanarsa, həmin  şəxslər haqqında ciddi faktlar üzə çıxar. Məsələn, nazir müavini İdris İsayevlə Aparat rəhbəri Əjdər Cəbiyev əsasən kadr məsələləri, iri layihə icraçılarının müəyyən edilməsi və s. işləri həyata keçiriblər. İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın tender və qrant layihələrinə görə cavabdeh olduğu məlumdur.

Zakir Babayev Dövlət Sosial Müdafiə Fondunun direktoru vəzifəsinə cəmi iki il əvvəl təyin edilsə də, əslində uzun illər bu qurumda müavin olub. Əslində, Zakir Babayev son iki ilə görə yox,  25 ildə  bu sahədə baş verən mənfi hallara görə məsuliyyət daşıyır. Çünki Z.Babayev həmin quruma direktor təyin edilənədək, yəni 13 iyul 2016-cı ilədək düz 25 il  1993-cü ildən etibarən   ikinci şəxs olub. Bu qurumda pensiayaların müyyən edilməsi, qalıq pensiayaların hesablanması prosesi ətrafında baş verənlərdən geniş ictimaiyyət məlumatlı deyil. Ancaq kiçik bir araşdırma ilə bütün faktlar üzə çıxarıla bilər.

 

Sabiq nazir Səlim Müslümovun yaxın qohumu, dayısının kürəkəni olduğu iddia edilən Fuad Əlizadə isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi kimi haqqı sahibkarlar tərəfindən pozulan sıravi işçilərin deyil, bir qayda olaraq işadamlarının tərəfini tutması ilə fərqlənib. "Yeni Sözçü” qəzeti ayrı-ayrı zamanlrda müxtəlif iş adamları tərəfindən haqqı pozulan işçilərin şikayətlərini dərc edib. Bir çox şikayətlərdə Dövlət Əmək Müfəttişliyi Xidməti rüşvətxorluqda ittiham olunub. Məsələn, bir zamanlar kredit oliqarxı Hacı İbrahim Nehrəmlidən şikayətçi olan insanlar Dövlət Əmək Müfəttişliyi Xidmətini rüşvətxorluqda ittiham etmişdilər. O zaman iddia olunurdu ki, Dövlət Əmək Müfəttişliyi Xidməti kredit oliqarxı tərəfindən hüququ pozulanların kollektiv müraciətlərini deyil, iş adamının dediklərini əsas götürür. Bunun səbəbi kimi isə iş adamının Dövlət Əmək Müfəttişliyi Xidmətinə mütamadi olaraq "aylıq” haqq ödəməsi göstəriirdi. O zamanlar haqqı pozulan vətəndaşların Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadədən nazir Səlim Müslümova şikayət etsələr də, heç bir nəticəsi olmamışdı. İndi məlum olur ki, bunun səbəbi Fuad Əlizadənin nazirlə yaxın qohum olması imiş. Fuad Əlizadənin 2000-ci ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini bitirməsinə baxmayaraq Səlim Müslümov onu 2005-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsindən sürətli karyera qurmasını təmin edib. Onun 2005-2007-ci illərdə Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində ikinci təhsil alması ilə bağlı ciddi şübhələr var. Səlim Müslümov 22 oktyabr 2013-də nazir təyin ediləndən 22 gün sonra Fuad Əlizadə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsinə təyin edib. Bunun üstündən 5 ay keçməmiş Müfəttişlik Xidmətinin rəisi təyin edilib və əgər Sahil Babayev ciddi qərar verməsə, bundan sonra da vəzifə başında qalacaq.

 Prezident İlham Əliyevin Sahil Babayevi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin etməsi ilə bağlı şəraiti dəyərləndirən ekspertlər hesab edir ki, yeni nazirlə bağlı seçim ciddi müzakirələrin nəticəsidir. Yeni nazirin ixtisaca hüquqşunas olması təsadüfi deyil. Adının açıqlanmasını istəməyən ekspert qeyd edir ki, Sahil Babayevin ilk işi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mənimsənilən büdcə vəsaitlərinin miqyasını müəyyən etmək və bunu edənlərin hüquq qarşısında cavab verməsini təmin etməkdən ibarət olacaq. Bu vəzifənin öhdəsindən gəlmək üçün isə nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kök salmış "Səlim Müslümov klanı” nı zərərsizləşdirməlidir.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti