“Akkord”dan alternativ təklif gözləyirik


 

Bu təklif bəlkə də bir ailəni fəlakətdən qurtaracaq

 

Bəlkə də bu gün bir ailə üçün təsəvvür edilə biləcək ən ağır, ən dəhşətli durum həmin ailənin yeganə yaşayış, bəlkə də sığınacaq yeri olan evinin əlindən çıxması ola bilər. Necə deyərlər, ilin-günün bu vaxtında, dünyanı çoxdan ağuşuna almış iqtisadi böhranın fəsadlarının artıq bizim də ölkəmizin kandarını döydüyü bir vaxtda, həm də manatın devalvasiyaya uğradığı bir şəraitdə belə bir durumla üzləşmək son dərəcə çətin bir sınaq ola bilər. Təəssüflər olsun ki, nə qədər acınacaqlı və arzuolunmaz olsa da, vətəndaşlarımızın belə vəziyyətə düşmələri heç də nadir hallarda baş vermir. Kimi ipoteka krediti ilə mənzil alır, kimi yaşadığı evi girov qoyaraq biznes qurmaq ümidlərilə kredit götürür, kimsə də müxtəlif MTK-ların inşa etdiyi binalardan müqavilə yolu ilə mənzil alır. Bütün bu hallarda vətəndaş hər ay külli-miqdarda vəsait ödənişi həyata keçirməli olur. Və günlərin birində həmin vətəndaşın maddi imkanları tükəndikdə, indiyədək ödədiyi pulları da  əlndən çıxır, yeganə ümidi olan yaşayış sahəsi də.

Dünən redaksiyamıza müraciət etmiş vətəndaş Fuad Ədilovun da ailəsi hazırda belə bir durumla qarşı-qarşıya gəlmişdir. Həm də Ədilovlar ailəsi eyni zamanda bir deyil, iki mənzildən məhrum olmaq təhlükəsilə üz-üzə qalıblar. Qeyd etmək lazımdır ki, bu ailənin iki mənzilə sahib olması heç də onların geniş maliyyə imkanlarına dəlalət etmir. Məsələ bundadır ki, hər biri iki otaqdan ibarət olan bu iki mənzil ümumilikdə 8 nəfərdən (Fuad Ədilov özü, həyat yoldaşı, atası, anası, qardaşı, qardaşının həyat yoldaşı və iki azyaşlı uşaqları) ibarət böyük bir ailənin yaşaması üçün nəzərdə tutulmuşdu. Belə ki, Fuad Ədilov paytaxtın Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllə,bina 7, mənzil 5 ünvanda  yerləşən bu mənzillərdən birini 2008-ci ildə, digərini isə, 2010-cu ildə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağladığı iki müqavilə əsasında almışdı. İndiyədək bu mənzillərdən birinə görə 21 490 manat məbləğində pul ödənmişdir. Həmin mənzil Fuad Ədilovun vəsaiti hesabına tam təmir olunmuş və böyük ailə buraya köçərək, həmin mənzildə yaşamağa başlamışdır. İkinci mənzilə görə isə, Fuad Ədilov indiyədək 10 992 manat vəsait ödəmişdir. Həmçinin bu mənzil də Fuad Ədilovun vəsaiti ilə tam təmir olunaraq, yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Lakin bir müddət bundan əvvəl Ədilovların ailəsi ardıcıl bir neçə uğursuzluqlarla rastlaşmalı olublar. Fuad Ədilov bildirir ki, onun özü və həyat yoldaşı da uzun müddət səhhətləri ilə bağlı problem yaşamalı olublar. Bundan başqa bəzi digər subyektiv amillərin də təsiri nəticəsində, ailənin maddi durumu pisləşib. Nəticədə Fuad Ədilov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağladığı iki müqavilənin şərtlərinə görə həyata keçirməli olduğu ödənişləri təmin edə bilməyib. Digər tərəfdən isə, bu mənzillərin mülkiyyət hüququna malik olmaması səbəbindən, Fuad Ədilov onlardan birini sataraq, digərinin borcunu bağlamaq imkanından da məhrum olub. Qeyd edək ki, o biri mənzildə Ədilov tərəfindən tam təmir olunub və "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nə 10.992.70 manata qədər pul ödənilib. Eyni zamanda  "Akkord” ASC-nin rəhbərliyi isə, Fuad Ədilovla bağladığı müqavilələrin ləğv olunması və mənzillərin boşaldılaraq geri təhvil verilməsi iddiası ilə məhkəməyə müraciət edib. Nəticədə, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin qərarı ilə (25.02.2015-ci il tarixli) ASC-nin iddiası təmin olunmuşdur. Beləliklə də, Ədilovlar ailəsi yaşayış sahələrindən məhrum olmaq kimi real təhlükə qarşısında qalmış olublar. Əlbəttə, biz burada məsələnin hüquqi tərəfini araşdırmaq niyyətində deyilik. Bunun üçün səlahiyyətli instansiyalar mövcuddur. Digər tərəfdən isə, axı nəzərə almaq olar ki, bu ailə iki mənzilə görə hər halda ümumilikdə 32 500 manat pul ödəyib. Üstəlik, bu mənzillərin təmirlərinə də ən az 25-30 min manat vəsait xərclənib. Yəni həqiqətənmi, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin rəhbərliyi üçün bu azərbaycanlı ailəsini ağır durumdan çıxarmaq məqsədilə hər hansı bir alternativ variant təklif etmək bu qədər çətindir? İnanmaq olmur ki, bu problemin hansısa bir həlli yolu olmasın. Sadəcə olaraq, insanların əziyyətini anlamağa çalışmaq və yalnız sözdə deyil, əməl də onların mənafeylərini düşünmək lazımdır...

 

 

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti