“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi

 

""Monopak" brendinin sahibi, "Fostanpak” şirkətinin rəhbəri Fərahim Məmmədov ölkənizin işgüzar imicini zədələmək və inhisarçı olmaq həvəsindədir. Çünki ancaq bu istəkdə olan insan xarici iş adamına təzyiq edər, deportla qorxudar, cinayət aləmi ilə hədələyər, əsassız şər və böhtan atar və külli miqdarda vergidən yayınaraq dövlətə və millətə zərər vurar”.

Bu sözlər ölkəmizdə fəaliyyət göstərən Türkiyə vətəndaşı Ali Keleş tərəfindən Prezident İlham Əliyevə, I vitse-prezident Mehriban xanım Əliyevaya müraciətdə öz əksini tapıb.

Müraciətini "AzPolitika.info” saytına da göndərən Ali Keleş əvvəlcə Azərbaycana niyə gəldiyi və Fərahim Məmmədovla necə tanış olduğu haqda məlumat verdi: "Azərbaycana 7 il əvvəl gəlmişəm. Səbəb Fərahim Məmmədovun məni sahibi olduğu "Azərpark” BM-ə (sonradan "Fostanpak” MMC) alış və satış müdiri vəzifəsində işləməyə dəvət etməsi oldu. Bu zamana qədər 10 ilə yaxın bir müddət birdəfəlik qablaşdırma sahəsində işləmişdim. Fərahim Məmmədov işə başlarkən firmanın satışını artıracağım, satdığı məhsulların Azərbaycanda da istehsalını təşkil edəcəyim və brendləşdirəcəyim halda mənə ortaqlıq verəcəyini demişdi. Artıq bir neçə il sonra bazarda lider durumuna gəldik. Belə ki, mən işə başlayarkən "Azərpak” BM firmasının birdəfəlik qablaşdırma üzrə satış dövriyyəsi 35-40 min manat idi. Ancaq "Azərpak” BM firmasının davamçısı olan "Fostanpak” MMC-nin, birdəfəlik qablaşdırma üzrə satış dövriyyəsi mən işdən ayrılarkən 600 min manat üzərinə çıxmışdır. Yəni şirkətin satışı mənim idarəçiliyim altında təxminən 20 dəfə artmışdır, yeni yaratdığımız "Monopak” brend adı bazarda müvəffəqiyyətlə tanıdılmışdır. Lakin bu nəticələrə baxmayaraq Fərahim Məmmədov sözünü və vədlərini tutmadı. İstehsal qurulduğu zaman mənə verilən vədlər tutulmadı.

Bunları nəzərə alaraq Ukraynada firma açdım, ancaq Fərahim Məmmədov mənə süni problemlər yaratdı və "Fostanpak” MMC-də qalıb yeni qurulmuş istehsalı xarici bazara çıxarsam mənə orada ortaqlıq sözü verdi. Bu məqsədlə hətta əməkhaqqımın bir hissəsini firmanın balansında saxlamağa razılaşdım. Qısa zaman ərzində istehsalı xarici bazara çıxartdım. Gürcüstanda (Frosan LLC) və Rusiyada (Monopak LLC) mənim iştirakımla firmalar quruldu. Ancaq yenə də mənə verilən sözlər və vədlər tutulmadı. Hətta Fərahim Məmmədov eyni məvacibə adıçəkilən firmaların işini də görməyimi tələb etdi.

Həm Fərahim Məmmədov verdiyi vədləri tutmamağından, həm də son bir neçə ildə firmanın davamlı vergi və gömrük qanunlarını pozması səbəbindən, "Fostanpak” MMC-dən ayrılaraq, öz işimi qurmaq qərarına gəldim.

Hətta dövlət tərəfindən çox az firmanın qəbul edildiyi "Yaşıl dəhliz” sisteminə üzv olduqdan sonra belə, "Fostanpak” MMC kobud şəkildə vergi və gömrük qanunlarını pozurdu. Mütəmadi invoys dəyərləri düşürdülürdü, nəqliyyat xərcləri gizlədilirdi, bir çox hallarda hazır mal, vergidən yayınmaq üçün, xammal adı altında idxal edilirdi və sonradan qutulanıb yerli istehsal kimi gizli satılırdı. Nəticədə həm dövlət, həm istehlakçı aldadılırdı və hüquqları pozulurdu. Dəfələrlə bunları etməyin doğru olmadığını desəm də, dinləmirdi. Söz sahibi olmadığım, dövləti və milləti davamlı aldadan, dövlətin sütun qanunlarını pozan şirkətdə artıq heç bir vəd qarşısında çalışa bilməzdim. Və firmadan ayrılmaq qərarımda qətiləşdim.

"Fostanpak” MMC-dən ötən ilin iyul ayında ayrıldım. Mən ayrılarkən Fərahim Məmmədov məni Azərbaycanda işləməyə qoymayacağını bildirdi. O, bu sektorda iş quracağım və ya rəqib firmada işləyəcəyim halda problemlər yaradacağını dedi, hüquq-mühafizə orqanlarındakı tanışları ilə təhdid etdi. Həmçinin ortaqlıq üçün son 2 il firmanın balansında yığılan 60 min ABŞ dollarına yaxın əmək haqqımı vermədi.

"Fostanpak” MMC-dən ayrıldıqdan sonra, əvvəllər bir yerdə işlədiyimiz Elsan Miriyevin "Foodpacking” MMC şirkətində işə başladım. Sərmayə yatırıb işimizi genişləndirdik, Fərahim Məmmədovun şirkətinə rəqabət yaratdıq. Bunu bildikdə o yenidən məni deportla, cinayət aləmi ilə hədələdi və hazırda fəaliyyət göstərdiyim şirkətdən kənarlaşmağımı tələb etdi.

Sonra Fərahim Məmmədov iş ortağım Elsan Miriyevi biznes görüşü adı ilə çağırıb təzyiq edərək, ailəsi ilə hədələyib və zorla öz şirkətinə 200 mindən artıq borcu olduğu yazılan kağıza imza atdırdı. Amma kağızda nə firma möhürü var, nə də notariusda təsdiqlənib.

 

Hansısa yollarla Fərahim Məmmədov bizə qarşı irəli sürdüyü əsassız ittihamların Bakı Şəhər Prokurorluğunda araşdırılmasına nail oldu. Ancaq ittihamın əsassız olduğunu sübut etdik. İndi isə vəzifədən sui-istifadə ittihamı ilə Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılmasına çalışır. Hazırda iş Korrupsiyaya qarşı Mübarizə İdarəsindədir. Nə mənim, nə də Elsan Miriyevin "Fostanpak” MMC-də qərarverici vəzifə tutmadığımızı nəzərə alsaq ittihamın absurd olduğunu görərik.

Fərahim Məmmədovun hərəkətləri Azərbaycanda işgüzar mühiti sağlam rəqabət əsasında qurmağa çalışan Prezidentin siyasətinə ziddir. Eyni zamanda bir türk iş adamı kimi mənə qarşı törədilən bu qanunsuz hərəkətləri Türkiyə və Azərbaycan arasındakı ticarət münasibətlərinə kölgə salır.

Ona görə də mən ölkə prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, bu məsələyə obyektiv şəkildə baxılmasını xahiş edirəm.

Bir xarici iş adamı, Türkiyə vətədaşı kimi burada işləməyimə şərait yaradılmasını, Fərahim Məmmədovun qanunsuz və saxta iddiaları nəticəsində hüquq-mühafizə orqanları tərəfindən təqib olunmama son qoyulmasına dair göstəriş verməyinizi xahiş edirəm.

Hörmətli Prezident!

Biz tam şəffaf fəaliyət göstərən şirkətik. Bizim şirkətdə 20 nəfər işçi var. 2-3 ay ərzində təkcə gömrük rüsumuna görə dövlətə 200 min manat vəsait ödəmişik. İmkan verilərsə, işimizi böyüdərək, xarici bazarlara da məhsul çıxara, dövlətə milyonlarla manat xeyir verə bilərik. Ancaq Fərahim Məmmədov və onu himayə edənlər buna imkan vermək istəmir.

Ona görə də ümidimiz Sizədir. Xahiş edirik bu işi öz nəzarətinizə götürəsiniz!!”

Qeyd edək ki, Ali Keleş həmçinin Daxili İşlər Nazirliyinə, Bakı Şəhər Prokurorluğuna və Baş Prokurorluğa yazılı müraciət edib. Orada isə türkiyəli iş adamı üzləşdiyi təzyiqlərin onu intihar həddinə çatdırdığını bildirib: ""Fostanpak” şirkətinin rəhbəri Fərahim Məmmədov hədə-qorxu gələrək məni Azərbaycandan deport etdirəcəyini deyir, cinayət aləmi ilə qorxudur və hazırda fəaliyyət göstərdiyim biznesdən kənarlaşmağımı tələb edir. İndi isə üzərimə şər ataraq, məni həbs etdirməyə çalışır. Onun bu qanunsuz hərəkətləri Türkiyə və Azərbaycan arasında ticari münasibətlərinə kölgə salır. Eyni zamanda Fərahim Məmmədovun qanunsuz əməllərindən bezərək özümü öldürmək həddinə çatmışam”.

 

Qeyd olunanlarla bağlı, Ali Keleşin və Elsan Miriyevin vəkili, tanınmış hüquqşünas Adəm Məmmədovun da fikirlərini öyrəndik. O, müvəkkillərinə qarşı irəli sürülən ittihamların tam qanunsuz olduğunu bildirdi: "Artıq neçə vaxtdır bu iş polisdə və prokurorluqda araşdırılır. Ortada Fərahim Məmmədovun boş iddialarından başqa heç nə yoxdur. Nə bir sübut var, nə də əsas. Belə bir iddia ilə bağlı araşdırmanın başlanması, ölkəmizə iş görmək üçün gələn Türkiyə vətəndaşının aylarla get-gələ salınması Azərbaycan dövlətinin imicinə zərbə vurur. Ona görə də, bu işə dərhal xitam verilməsi lazımdır.

Ortada bir qanunsuzluq varsa da, bunu edən Fərahim Məmmədovdur. Müvəkkilimin ortaya qoyduğu faktlar bu şəxsin xaricdən gətirdiyi məhsulların invoys dəyərini aşağı saldığını, gömrük rüsumundan, vergidən yayındığını göstərir. Bunlarla bağlı araşdırma aparılmalıdır. Dövlətə külli miqdarda ziyan vuran bu adam niyə məsuliyyətə cəlb edilmir?

 

İkincisi, digər müvəkkilimə zorla borc kağızı imzalatdırıb. Bu cür zorakılq da cinayət məsuliyyəti yaradır. Ancaq nədənsə, onun bu əməlinə də göz yumulur.

Ümid edirəm ki, müvəkkilimin Prezidentə müraciətindən sonra hüquq-mühafizə orqanlarının rəhbərləri bu məsələləri nəzarətə götürəcəklər”.



Oxşar Xəbərlər

Xəbər lenti