8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Yubanmadan manatı 15 faiz ucuzlaşdırmaq, inzibati məzənnəni 1.95 etmək lazımdır"
"Neftin büdcədə 55 dollar götürülməsinin təsirləri başqadır, neft 30 dollar olsa, bu, o demək deyil ki, büdcə bu il çökəcək, maaş-təqaüd verilməyəcək. Primitiv modellə yaşayan ölkədə büdcə 49% Neft Fondundan birbaşa transfertlə, 11%-ə yaxın isə neft sektorundan gələn vergilərlə formalaşır". Sozcu.info xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə məxsusdur.
İqtisadçı ekspert qeyd edib ki, neft 30 dollar da olsa, büdcə öhdəliyi yerinə yeririləcək, Neft Fondundan bu il büdcəyə nəzərdə tutulan 11,350 mlrd. manat köçürüləcək: "Bunun qiymətə dəxli yoxdur. Ucuz qiymətə görə büdcə neft sektorundan 500 mln. manat daha az vergi daxil olacaq ki, bu da ciddi faciə deyil. Bəs neftin 55 dollar götürülməsinin əsas zərbəsi nədə hiss olunacaq, bunu da izah etməyə çalışacam. Birincisi, əsas problem Neft Fondunun büdcəsində olacaq. Bu il Neft Fondunun büdcəsinin gəlir hissəsi 12,384 mlrd. manat təsdiqlənib və bu gəlir qiymətin ortalama 55 dollar olması varsayımı ilə hesablanıb. Qiymət 35 dollar olsa Neft Fondunun gəlirləri, təqribən 5 mlrd. manat azalacaq, kəsr yaranacaq. Çünki bu il üçün xərclər ümumən 11,590 mlrd. manat nəzərdə tutulub. Deməli, Neft Fondu öz ehtiyatlarından xərcləməli olacaq. Daha bir bəla odur ki, Neft Fondunun aktivlərində əsas hissə dollarladır. Dünyada dollar da düşür".
Onun sözlərinə görə, Neft Fondunun qiymətli kağızlarda və daşınmaz əmlakda olan aktivləri də ucuzlaşır: "Düzdür, qızılda artım var, amma qızılda olan aktivlər itgiləri kompensasiya etmir. İkincisi, ucuz neft xarici ticarət dövriyyəmizi çökdürəcək, xarici ticarət balsında mənfi saldo yaranacaq, ölkənin aldığı satdığından çox olacaq və paralel olaraq ÜDM də azalacaq. Üçüncüsü, ölkədə hökumətə və sistemə inam yoxdur - böhranda hökumətə inam ən önəmli şərtlərdən biridir ki, panika yaranmasın. Sistemə inam və hökumətin böhrandan çıxmaq üçün planı-proqramı yoxdur. Dördüncüsü, ölkədə nəzərə alınmayan gəlirlər və manatla pul ehtiyatı var, inamsızlıq şəraitində bu pul kütləsi həmən dollara qaçacaq, biznes də, banklar da əllərində olan sərbəst manatı dollara çevirəcəklər. Deməli, manat təzyiq altında olacaq. Beşincisi, ucuz neft ölkənin cəlbediciliyini və əhalinin alıcılıq qabiliyyətini azaldır, çünki inflyasiya və devalvasiya gözləntisi spiralvarı prosesə təkan verir və qaçılmaz edir, bu da zatən pis gündə olan investisiya mühitini lap dibə vurur".
Natiq Cəfərli hesab edir ki, bu halda ilkin olaraq yubanmadan manatı 15 faiz ucuzlaşdırmaq, inzibati məzənnəni 1.95 etmək lazımdır: "Qeyri-populyar addımdır, amma başqa yol yoxdur. İkincisi, sürətlə çox bəsit, sadə, ancaq dövriyyədən hesablanan və kiçik həcmli vergi tutulan sistemə keçmək lazımdır. Məsələn, bütün növ vergilər ləğv edilir, ancaq sahələr üzrə 2%, 4%, 6%, 8% dövriyyədən vergi tədbiq edilir. Üçüncüsü, ölkədə istehsalı olmayan bütün növ mallar üzrə gömrük rüsumu cəmi 1% təyin edilir (hesabatlılıq üçün cüzi rüsum vacibdir). Dördüncüsü, Neft Fondunun vəsaitini bu hökumət onsuz da yeyib-bitirəcək. Buna görə Neft Fondundan ayırılan vəsait hesabına nizamnamə kapitalı 10 mlrd. manat olan Dövlət İnvestiya Bankı yaradılır və ancaq kiçik-orta sahibkarlara ən azı 3, ən çoxu 7 illik cəmi 3%-lə investisiya kreditləri verilir. Layihələri ancaq şəffaf şəkildə çalışan komissiya təsdiq edir. Əsas istiqamət istehsal və xidmət layihələri olur. Bu yolla azı 500 min yeni iş yeri yaratmaq, daxili istehsalı gücləndurmək olar. Əsas şərt odur ki, kreditlər doğru ayrılsın, dövlət biznesə birbaşa qarışmasın. Beşincisi, dövlətin balansında olan istehsal və xidmət aktivləri satışa çıxarılmalıdır, dövlətin balansında olan və ziyanla işləyən müəssisələr özəlləşməlidir, və ya biznesə azı 25 illik icarəyə verilməlidir".