İqtisadi böhran sosial böhrana keçir

İqtisadi böhran sosial böhrana keçir

 

Məmurlar inqilabi şərait yaradırlar

 

İqtisadiyyatı neftin qiymətindən asılı olan ölkələr üzləşdikləri vəziyyətdən çıxmağa çalışır. Bəziləri hətta heç bir çıxış yolu tapa bilməyərək bütün ümidlərini neftin bahalaşmasına bağlayıblar. Məsələn, Venesuela prezidenti Nikolas Madura bütün vaxtını və enerjisini neft ölkələrinə səfərlərə həsr edib. Ölkəsində artıq humanitar böhran yaşanan Nikolas Madura neft ölkələrininistehsalı aşağı salmasını razılaşdırmağa çalışır ki, beləliklə də neftin qiymətinin qalxmasına nail olmaq niyyətindədir. Ancaq, Azərbaycan istisna olmaqla Nikolas Maduranın istəyinə cavab verən ölkə olmayıb. Azərbaycan isə hətta istəsə belə neft istehsalını artırmaq imkanında deyil. Hətta Azərbaycan neftin istehsalını sabit saxlamaq imkanlarını da itirib. Belə bir vaxtda dünyanın o başından durub bakıya gələn Nikolas Maduraya istədiyi cavabı verməkdən başqa yol da yox idi. Azərbaycan Venesuelanın üzləşdiyi humanitar böhrandan çıxmasına yardım etmək haqqında düşünürkən ölkənin özündə iqtisadi vəziyyət daha pisləşir. Daha doğrusu iqtisadi böhran artıq sosial böhrana keçməkdədir. Bunun bariz nümunələri çoxdur. Ancaq çox ilginc bir məqama diqqət yetirmək istərdik. Ötən gün yerli mediada belə bir xəbər yer aldı ki, bir nəfər əlində balta Fövqəladə Hallar Nazirliyinin Akademiyasına hücum edib. Bu şəxsin Ağcabədi rayon sakini və şəhid qardaşı olduğu məlumatda öz əksini tapıb. Məlumatda deyilirdi ki, bu şəxs dünən səhər saat 9 radələrində akademiyanın hasarını aşaraq həyətinə daxi olub. Özü ilə gətirdiyi balta ilə akademiyanın binasının birinci mərtəbəsinin şüşələrini sındırıb. Qardaşının aprel döyüşlərində şəhid olduğunu deyən həmin şəxs iş tapa bilmədiyini, 3 uşağının evdə acından ölmək üzrə olduğunu bildirib. Bu hadisə əlbətdə imkansızlıqdan intihar edənlərin taleyi ilə müqayisə oluna bilməz. Ancaq artıq yoxsulluğun insanları əllərinə soyuq silah alıb, hakimiyyət orqanlarına qarşı çıxış etmələri baxımından çox diqqət çəkicidir. Belə görünür ki, yoxsulluq, aclıq artıq insanları qanunlara zidd əməllərə də sövq edir. Bu hal əlbətdə kütləvi deyil. Ancaq qarşıdan gələn prosesləri indidən qiymətləndirmək üçün çox vacib məqamdır. Bununla bağlı belə nəticəyə gəlmək olar ki, iqtisadi böhran dərinləşərək sosial böhrana keçmək üzrədir. Hakimiyyətin son iki ildə iqtisadi böhranı zəiflətmək, aradan qaldırmaq və inkişafa nail olmaq planları olsa da məmurlar bunu puça çıxarıblar. Bütün parametrlər üzrə iqtisadi vəziyyət pisləşsə də, məmurlar özlərini heç nə olmamış kimi aparırlar.

İkinci təhlükəli məqam ondan ibarətdir ki, məmurlar artıq vətəndaşları dinləmək, şikayətlərini araşdırmaq istəmirlər. İndi bütün ölkə boyu vətəndaşları şikayətlərinə görə məhkəməyə verib, susdurmağa çalışırlar. Bunun necə bir təhlükəli prosesin başlanğacı olduğu isə yəqin ki, savadsız məmurların ağlına belə gəlmir. "Rəis həmişə haqlıdır” məntiqindən çıxış edən məmurlar əlbətdə əməllərinin hansı ağır nəticələrə gətirib çıxaracağını bilmirlər. Buna görə burada məmurların bu əməlinin hansı ağır nəticəyə gətirib çıxaracığını qeyd edirik ki, bəlkə bundan sonra məmurlar bu əməllərinə son qoyalar. "Rəngli inqilablar”ın texnologiyasına görə kütlənin inqilaba köklənməsi üçün ilk öncə mövcud hakimiyyətə bütün ümidinin itməsi vacib şərtdir. Bu şərt olmadan "rəngli inqilablar” texnologiyası işə düşmür. Buna görə də, ilk öncə xalqın hakimiyyət təmsilçilərinə inamın itməsi zəruri şərtdir. Bir sıra ölkələrdə müxtəlif texnologiyalarla hakimiyyət gözdən salınıb, sonra inqilablar həyata keçirilib. Azərbaycanda isə hakimiyyət təmsilçilərinə inamı məmurların özləri sarsıdır. Məsələn, vətəndaş ümidlə yuxarı hakimiyyət orqanlarına üz tutur, şikayətini onlara yazır. Məmurlar isə bu şikayətləri araşdırmaq və vətəndaşda dövlətə, hakimiyyət təmsilçilərinə inam yaratmaq əvəzinə, qanuna zidd olaraq şikayətləri vətəndaşın şikayətçi olduğu məmurun özünə göndərir. Həmin məmur da vəziyyətdən ən yaxşı çıxış yolu kimi vətəndaşı məhkəməyə verib, sifarişlə çərimə elətdirməyə üstünlük verir. Məmur hesab edir ki, bir neçə nəfəri bu şəkildə cəzalandırsa bu, digərlərini ondan şikayət etməkdən çəkindirəcək. Əlbətdə, məmur öz məntiqində haqlı ola bilər. Ancaq bu savadsız məmurlar bilmirlər ki, bununla vətəndaşda dövlətə, hakimiyyətə inamı sarısıdırlar. Bu isə "rəngli inqilablar”ın hazırlanması üçün əlverişli mühitin yaradılması deməkdir. Dövlət aparatına, hakimiyyət təmsilçisinə inamını itirən vətəndaş haqqını almaq üçün başqa yollar axtarmağa başlayır. Bu yollardan biri Ağcabədi rayon sakini kimi əlinə balta alıb, harasa hücum etməsindən ibarətdir. Əlbətdə, bu yolun effektsiz olduğunu görən digər vətəndaşlar birgə hərəkət etmək fikirinə düşür və bu artıq inqilabi kütlənin formalaşması yoludur.

İnqilabi sarsıntılar isə erməni kimi yağı düşmənlə üz-üzə durduğumuz indiki vaxtda çox acı nəticələr verə bilər. İnqilabi sarsıntılar dövlət mexanizminin işləkliyinə mənfi təsir etdiyi məlumdur. Ermənilər də Azərbaycanda belə bir vəziyyətin yaranmasını arzu edirlər. Bu onlara yeni-yeni ərazilərimizi işğal etmək imkanı verə və Azərbaycanı Qarabağ danışıqlarında tamamilə əlverişsiz vəziyyətə sala bilər. Belə ağır vəziyyətdən yayınmanın məsuliyyəti isə xalqın deyil, hakimiyyətin üzərindədir. Hakimiyyət məmurlarından qanunlara və vəzifə borcuna tam əməl tələb etməlidir. Əks halda məmurların başlatdıqları bu proses sonda inqilaba aparıb çıxaracq. Çox gec olmadan bunun qarşısı alınmalıdr.

A.Nəbiyev



Oxşar Xəbərlər

Xəbər lenti