Samir Şərifov möcüzə vəd edir


Böhranın əsas səbəbkarlarından birinin sözünə etibar etmək olarmı?

Ölkə iqtisadiyyatında böhran dərinləşir, sosial gərginlik artır. Ancaq bütün bunlar dünyanın tamam başqa bir ölkəsində baş verirmiş kimi Azərbaycan rəsmilərinin davranışlarını, yanaşmalarını dəyişmir. Onlar yenə də nikbin bəyənatlar verir, yeni-yeni planlar qururlar. Onların içərisində ən çox diqqət çəkən isə Maliyyə naziri Samir Şərifovdur. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans çərçivəsində keçirilən maliyyə üzrə seksiyada Maliyyə naziri Samir Şərifov Azərbaycanın yeni iqtisadi inkişaf modeli hazırlanmasını təklif edib. Azərbaycanda davamlı iqtisadi inkişafa nail olunduğunu, ildən-ilə əhalinin maddi rifah halının yaxşılaşdırıldığını deyən maliyyə naziri bildirib ki, dövlət və özəl sektor bu nailiyyətlərin qorunmasına və yeni inkişaf modeli yaratmağa çalışmalıdır. Nazir bəyan edib ki, neftin qiymətindən asılı olmayan yeni modelin yaradılması qarşıda duran əsas vəzifədir. Çox maraqlıdır ki, neftin qiyməti düşənə kimi hökumət üzvüləri iqtisadi inkişafın Azərbaycan modelindən danışır, dünyanın hansı ölkəsində böhran olsa da ölkəmizi belə problemin gözləmədiyini çox uca səslə bəyan edirdilər. Ancaq neftin qiymətinin kəskin ucuzlaşması bütün bunların elmi və iqtisadi əsası olmayan boş sözlər olduğunu üzə çıxardı. Məlum oldu ki, iqtisadi inkişafın Azərbaycan modeli deyilən şey bahalı neft satışından başqa bir şey deyil. Əks halda neftin ucuzlaşması Azərbaycanda bu qədər iqtisadi böhran yaratmazdı. Necə ki, Norveçdə ciddi problemə səbəb olmayıb. Azərbaycan iqtisadiyyatı da tamamilə bahalı neftdən asılı olmasaydı iqtisadiyyatımız belə böyük zərər görməzdi. Yalnız ötən il ərzində milli valyutamız dünyada ən çox devalvasiyaya məruz qalmış valyuta olub. Həmin valyutaya görə iki əsas məsul şəxsdən biri olan Maliyyə naziri Samir Şərifov indi də Azərbaycanın yeni iqtisadi inkişaf modeli hazırlanmasından danışır. Əgər Samir Şərifovun müəlliflərindən biri olduğu bilinən əvvəlki iqtisadi inkişaf modeli iflasa uğrayıbsa, onun hazırlayacağı yeni inkişaf modelinə nə qədər güvənmək olar? Azərbaycanın yeni iqtisadi inkişaf modeli ilə bağlı iddilar velosipedi yenidən ixtira etmək niyyətinə düşməyə bənzəyir. Yaponiyadan Kanadaya, Sinqapurdan İspaniyaya kimi bütün inkişaf etmiş dövlətlərin eyni iqtisadi inkişaf modelindən istifadə etdiyini görmək olar. Maliyyəçi olmayan Maliyyə Nazirinin iqtisadi inkişafın Azərbaycan modelini hazırlamasına ümid etmək isə qətiyyən mümkün deyil. Maliyyə nazirinin günahı yalnız milli valyutamızın kəskin devalvasiyaya məruz qalması ilə bağlı deyil. Cənab Samir Şərifov həm də Azərbaycanın ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankında yaranmış böhranlı vəziyyətdir. Ancaq çox maraqlıdır ki, nazir buna görə heç bir məsuliyyət daşımaq istəmir və bütün günahları Bankın əvvəlki rəhbərliyinin, yəni Cahangir Hacıyevin üzərinə atır. Samir Şərifova görə, "Bankın əvvəlki rəhbərliyi idarəçilikdə böyük səhvlərə yol verib və artıq bu gün həmin səhvlərə hüquqi qiymət verilir. Bankın rəhbərliyi bir çox hallarda ABB Müşahidə Şurasının göstərişlərinə əməl etmir, maliyyə hesabatlarındakı rəqəmləri təhrif edirdi. Bütün bunlar pul vəsaitlərinin mənimsənilməsinə gətirib çıxarıb”. Maliyyə naziri həmçinin deyib ki, bank rəhbərliyinə yaxın şəxslərə kreditlərin verilməsi şəklində vəsaitlərin oğurlanması halları da olub. Samir Şərifov bildirib ki, başçılıq etdiyi nazirlik Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ilə birlikdə bank tərəfindən verilmiş kreditlərin geri qaytarılması istiqamətində işləri davam etdirirlər. Ancaq çox maraqlıdır ki, bu günə kimi həmin kreditlərdən nə qədər geri qaytarılması ilə bağlı cəmiyyətə heç bir məlumat verilmir. Məsələn, Azərbaycan Beynəlxalq Bankına 600 milyon manatdan çox borcu olan Hacı İbrahim Nehrəmlinin bu günə kimi Banka nə qədər pul qaytardığı məlum deyil. Xüsusilə də bu borcun təxminən 100 mininin ABŞ dolları olduğunu da nəzərə alanda hazırda Hacı İbrahim Nehrəmlinin borcunun indiki məzənə ilə 700 milyon civarında olduğu qənaətinə gəlmək olar. Ancaq belə görünür ki, bütün bunlar Hacı İbrahim Nehrəmlini narahat etmədiyi kimi maliyyə naziri Samir Şərifovu da narahat etmir. Digər tərəfdən əgər Azərbaycan Beynəlxalq Bankının İdarə Heyyətinin sabiq sədri Cahangir Hacıyev təqsirkar qismində həbs olunursa, 600 milyon manat krediti götürüb qaytarmamış Hacı İbrahim Nehrəmli haqqında heç bir tədbir görülmür. Bütün bunlar isə vəziyyətin maliyyə naziri Samir Şərifovun dediyi kimi olmadığını göstərir.

Samir Şərifov həm də büdcə vəsaitlərinin mənimsənilməsinə görə də məsuliyyət daşıyır. Çünki, hər gün büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı Maliyyə Nazirliyinə onlarla məktub daxil olur. Ancaq maliyyə naziri Samir Şərifov həmin şikayət məktublarının birin də yoxlatmır. Əksinə, həmin şikayət məktublarına ya cavab verilmir, ya da başdan sovdu cavablar yazılır. Bu da dövlətə olan inamı sarsıdır. Bütün bunlardan sonra ölkə vətəndaşlarının maliyyə naziri Samir Şərifovun hazırlayacağı yeni iqtisadi inkişaf modelinə inanacaqlarını gözləmək xam xəyaldan başqa bir şey deyil.

 "Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti