8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu sözləri iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov musavat.com-a açıqlamasında problemli kreditlərlə bağlı məsələni şərh edərkən deyib. Onun sözlərinə görə, bankların bahalı kredit siyasəti köpüklərin yaranmasına səbəb olub. 2014-cü ilin sonlarından etibarən həmin köpüklərin dağılması, real mənzərənin üzə çıxması müşahidə olunmağa başladı: "Böhran və devalvasiyaların rolu bu oldu ki, yaranmış problemin daha tez üzə çıxmasına şərait yaratdı. Yəni bu 2 məsələ problemi yaradan amillər deyil, onun üstünün açılmasını tezləşdirən amillərdir. Buna görə də problemli kreditlər məsələsində bankların günahı yoxdur demək doğru olmazdı”.
Ekspert bildirir ki, hansısa amillərin problemin yaranmasında rolunu nəzərə almadan, dövlətin bank sektoruna dəstəyini artırmasının zəruri olduğunu düşünür: "Qlobal maliyyə böhranından sonra ABŞ hökuməti bankların likvidliyinin artırılması, toksik aktivlərin, eləcə də problemli kreditlərin sağlamlaşdırılması məqsədilə xüsusi proqram qəbul etdi. Sonrakı illərdə həmin proqram çərçivəsində dövlət maliyyə-bank sektoruna 400 milyon dollar yönəltdi ki, onun da bir qismi toksik aktivlərin alınaraq səhmləşdirilməsinə sərf olundu. Azərbaycanda da oxşar proqramın qəbul olunması daha məqsədəuyğundur. Biz bu barədə hökumətə təkliflər də təqdim etmişdik”.
V.Bayramovun sözlərinə görə, bank sektorunda dövlət dəstəyinin güclənməsinə ehtiyac böyük olaraq qalmaqdadır: "Banklar iqtisadiyyatın mühərrikidir. Onların dəstəklənməsi, bank sektorunun sağlamlaşdırılması son dərəcə zəruridir. Bu, imkan verəcək ki, banklarda likvidlik artsın, onlara inam bərpa olunsun. Bu gün banklarda depozitlərin qəbulu ilə bağlı ciddi problemlər yaranıb. Bir çox banklar depozit faizlərini kəskin aşağı salıblar, bəziləri ümumiyyətlə, depozit qəbulunu dayandırıblar. Çünki götürdükləri vəsaiti yerləşdirməkdə çətinlik çəkirlər. Bütün bunlar göstərir ki, banklara dövlətin maliyyə dəstəyinin gücləndirilməsi lazımdır. Bu, həm problemli kreditlər məsələsinin həlli, həm də ümumilikdə bankların sağlamlaşdırılması baxımından vacibdir”.