ELMAN RÜSTƏMOV “ÜZMƏKDƏN” İMTİNA ETDİ - “Dayanan məzənnə rejimi”nə keçib

ELMAN RÜSTƏMOV “ÜZMƏKDƏN” İMTİNA ETDİ - “Dayanan məzənnə rejimi”nə keçib

 

Elman Rüstəmov çıxış etdikdə, çoxları "bu adam danışırsa yenə Dollar bahalaşacaqdır” şəkilində düşünür

Ötən həftənin şənbə günü Mərkəzi Bankın sədri Elman Rüstəmov növbəti devalvasiyanın olacağı barədə iddialara münasibət bildirərək dedi ki, bu söz-söhbətlər qeyri-ciddidir.

Elman Rüstəmov bir neçə göstəricini səsləndirərək dedi: "Ötən il Dövlət Neft Fondunun aktivləri 3 milyard dollar artıb. 2018-ci ilin sonuna Azərbaycanın tədiyyə balansının 3,5 milyard dollar profisitdə (artıqlıq) və neftin orta qiymətinin 70 dollar olması şəraitində hansı devalvasiyadan danışmaq olar? Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri-ciddidir. Cari ildə Azərbaycanda makro-iqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var”.

Diqqəti çəkən Mərkəzi Bankın sədrinin "dayanıqlı məzənnə” ifadəsini işlətməsi idi. Dayanıqlı sözünün digər mənaları dayanan, sabit və ya dəyişməyən deməkdir.

Elman Rüstəmov bildirdi ki, 2019-cu il və ortamüddətli (1 ildən 3 ilə qədər) dövr üçün bütün parametrlər (makroiqtisadi sabitlik, yeni büdcə qaydaları və aşağı inflyasiya) dayanıqlı məzənnə idealogiyası üzərində qurulmuşdur.

Elman Rüstəmovun sözlərindən belə çıxır ki, Azərbaycan "dayanan məzənnə rejimi”nə keçib. Əgər məzənnə hərəkətə gələrsə makroiqtisadi sabitlik pozula, o cümlədən inflyasiya yüksələ bilər.

Bir ölkənin makroiqtisadi sabitliyinin məzənnədən bu qədər asılı olması doğru deyil.

Bir neçə il öncə Mərkəzi Bank Azərbaycanın "üzən” məzənnə rejiminə keçdiyini açıqlamışdı. Bank dəfələrlə qeyd edib ki, valyuta hərraclarında məzənnə tələb və təklif əsasında formalaşır.

Daha sonra Mərkəzi Bankın sədri məzənnə rejimi barədə ifadəni dəyişərək, Azərbaycanda "tənzimlənən üzən məzənnə” rejiminin olduğunu açıqlamışdı.

bank

2019-cu ildə isə Mərkəzi Bankın sədri "dayanıqlı” və ya "dayanan” məzənnə rejimindən danışır. Artıq 2 ilə yaxındır Dollar/Manat məzənnəsinin 1.70 səviyyəsində qalması Mərkəzi Bankın sabit (dayanan) məzənnə rejiminə qayıtdığını göstərir.

Həqiqətən hərraclarda məzənnə tələb və təklif əsasında formalaşırsa valyuta təklifinin çox olduğu dövrlərdə Manat bahalaşmalı, tələbin yüksək olduğu dövrdə isə ucuzlaşmalı idi. Lakin məzənnə tərpənmir.
Ötən şənbə günü Mərkəzi Bankın faiz qərarından sonra keçirilmiş mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov elə özü etiraf etdi ki, 2018-ci ilin Yanvar-Mart aylarında Dövlət Neft Fondunun valyutanı satmaqda çətinlikləri olub. Qeyd edək ki, Dövlət Neft Fondu büdcəyə transfert üçün vəsait satır.

Elman Rüstəmov: "Neft Fondunun valyutanı satmaqda çətinlikləri var idi. Əvvəlki aylar bazar bütün təklifi qəbul edə bilməmişdi”.

Əgər tələb və təklif qanunu işləsəydi Manat Aprel ayınadək bahalşamalı idi. Lakin bu müşahidə olunmayıb.

Eyniz zamanda Elman Rüstəmov bildirdi ki, 2018-ci ilin Aprel və Avqust aylarında Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutalarının ucuzlaşması ilə əlaqədar olaraq Azərbaycanda valyutaya tələb daha çox olub: "Ticarət tərəfdaşlarımızın milli valyutalarının sürətli dəyərdən düşməsi Azərbaycan bazarına psixoloji və digər kanallar ilə təsir göstərdi. Əvvəlki aylar Neft Fondunun sata bilmədiyi valyutanı Aprel və Avqust aylarında satmaqla bazarın tələbini ödədik”.

manat_290814

Manat üçün təhlükənin yarandığı Avrel və Avqust aylarında da hərraclarda məzənnən dəyişməmişdir.

Həmçinin Elman Rüstəmov mətbuat konfransında bildirdi ki, valyuta (Dollar) təklifinin tələbi üstələdiyi hərraclarda Mərkəzi Bank bazardan valyuta alışı etməyib. Yəni, Dövlət Neft Fondunun sata bilmədiyi valyuta Mərkəzi Bank tərəfindən alınmayıb. Əgər Mərkəzi Bank belə bir əməliyyat etsəydi dövriyyəyə əlavə Manat kütləsi daxil olardı. Eyni zamanda, Elman Rüstəmov Dollara tələbin yüksək olduğu hərraclarda Mərkəzi Bankın valyuta ehtiyatlarından istifadə edilmədiyini də qeyd etdi.

Digər tərəfdən unudulmamalıdır ki, müasir dövrdə məzənnəninin formalaşması təkcə fundamental göstəricilərdən asılı deyil. Siyasi, hərbi, psixoloji amillər də məzənnəni dəyişə bilir. Xarici şərtlərin sürətlə dəyşməsi riski hər zaman aktualdır.

Digər tərəfdən, məzənnənin ixracı stimullaşdırması funksiyası kənara qoyulub. Azərbaycanın xurma, pomidor, fındıq, şərab ixracatçıları Dolların 1.70 səviyyəsində qalmasından razı deyillər. Onlar xarici bazarlarda rəqabət qabiliyyətlərinin azaldığını və bu səbəbdən milli valyutanın bir qədər də ucuzlaşdırılmasını istəyirlər. Rəqəmlər də, Azərbaycanın qeyri-neft məhsullarının ixracındakı artım tempinin aşağı düşdüyünü göstərir.

Elman Rüstəmovun sözlərinə istinad etsək, əhali və ixracatçılar bilməlidirlər ki, Azərbaycan "dayanan” və ya "sabit” məzənnə rejimindədir. Ortamüddətli dövrdə, başqa ifadə ilə 3 il ərzində Dolların 1.70 səviyyəsində saxlanılması hədəflənir.

Bu məqalə ilə Mərkəzi Bankın nəyisə düz və ya səhv etdiyini sübut etmək niyyətimiz yoxdur. Qeyd etmək istədiyimiz Mərkəzi Bankın ictimaiyyət ilə ünsiyyətinin düzgün qurulmamasıdır.

Əhaliyə və iş dünyasına məzənnə siyasəti tam aydın olmalıdır. Məzənnə rejiminin "üzən”, "tənzimlənən üzən”, yoxsa "sabit” olduğu dəqiq bəyan edilməlidir. Əhali üçün, "Neftin qiyməti yüksək, tədiyyə balansımız profisitli və Neft Fondunun tranfertləri olduğundan Dollar bahalaşmayacaqdır” şəkilində açıqlama vermək tam doğru deyil.

Makroiqtisadi sabitlik, məzənnə üçün bütün risklər səmimi etiraf edilməlidir. Elman Rüstəmov çıxış etdikdə, çoxları "bu adam danışırsa yenə Dollar bahalaşacaqdır” şəkilində düşünür. Ola bilsin ki, Elman Rüstəmovun dili ağırdır, mürəkkəb ifadələrdən istifadə edir və insanlar onu başa düşməkdə çətinlik çəkirlər. Bir yolla Mərkəzi Bank ictimaiyyət ilə səmimi və başadüşülən ünsiyyətini qurmalı, etibarını bərpa etməlidir.

elman rustamov

Əlavə edək ki, Mərkəzi Bankın sədri "devalvasiya” termini əvəzinə "Manatın məzənnəsinin yumuşalması” və ya "Manatın məzənnəsinin çevikləşməsi” ifadələrinin işlədilməsini tövsiyyə edib. Bu tövsiyyə "dayanıqlı məzənnə” rejimi ilə ziddir.

"Ümumiyyətlə devalvasiya sözündən az istifadə edin. "Manatın məzənnəsi yumuşalacaqmı?”, Manatın məzənnəsi çevikləşəcəkmi? Belə suallar peşəkar görünür. Mən istəyirəm ki, ekspertlərimiz çıxışlarında çevik məzənnə, üzən məzənnə və devalvasiya arasındakı fərqlərə aydınlq gətirsinlər: Devalvasiya nədir? Üzən məzənnə nədir? Məzənnənin hər hansı bir aralıqda dəyişməsi nədir? Bunlar fərqli anlayışlardır”,- Elman Rüstəmov demişdir.

Əgər bu gün Azərbaycanda sabit məzənnə mövcuddursa, əhalinin və ekspertlərin devalvasiya terminindən istifadə etməsi səhv deyil. Devalvasiya sabit məzənnə rejimindəki bir ölkənin milli valyutasının digər ölkələrin valyutaları qarşısında dəyərinin aşağı salınmasıdır. Üzən məzənnə rejimində olan ölkənin milli valyutasının dəyərinin aşağı düşməsinin adı isə milli valyutanın ucuzlaşmasıdır. Azərbaycanda "üzən” məzənnə rejimi müşahidə edilmədiyindən, devalvasiya terminindən imtina edilmir.(marja.az)



Oxşar Xəbərlər

Xəbər lenti