8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gürcüstanda bu günlərdə ABŞ və daha bir neçə NATO üzünün iştirakı ilə "Yenilməz ruh-2019” ("Agile Spirit-2019”) irimiqyaslı hərbi təlimləri başlayıb.
Sozcu.info xəbər verir ki, Eurasianet.org portalı bu təlimlərin Rusiya ilə davam etməkdə olan böhran fonunda Gürcüstanı dəstəkləməyə yönəldiyini yazır. Təlimlərdə ABŞ ordusunun 1500-ə yaxın hərbçisi iştirak edir. O cümlədən Amerika ordusunun hərbi texnikası təlimlər üçün gəmilərlə Gürcüstana gətirilib.
"Agile Spirit” təlimləri artıq yeddinci ildir keçirilir, əvvəlcə bu təlimləri ABŞ və Gürcüstan birgə keçirib. Daha sonra NATO-nun bəzi üzvləri və tərəfdaş ölkələr, o cümlədən digər region ölkələri də təlimlərdə iştirak etməyə başlayıb.
Bildirilir ki, iyulun 27-də start götürən bu ilki təlimlər miqyasına görə ən iridir. Ora Gürcüstan, ABŞ və digər 12 ölkədən cəmi 3 mindən çox hərbçi cəlb edilib. Ötən ilki təlimlərdə 1400 Amerika əsgəri iştirak etmişdisə bu il onların sayı 1500-ə çatdırılıb.
Gürcü hərbi ekspert İrakli Aladaşvili deyir ki, təlimlər Gürcüstan ordusunun Rusiyanın mümkün hərbi müdaxiləsinə qarşı müqavimətini təşkil etməyə hesablanıb. Təlimlərdə şərti düşmənin zirehli tank qruplaşmasının hücumunu dayandırmaq, onun aviasiyasının hücumlarını dəf etmək və artilleriya ilə kontrbatareya mübarizəsini təşkil etmək sınaqdan keçirilir.
Hərçənd hazırda Rusiya ilə Gürcüstan arasında müharibə ehtimalı aşağıdır, bununla belə Tbilisdə baş qaldıran antirusiya etirazları fonunda məsələ yenidən aktuallaşıb. Çünki Moskva baş verənlərə sərt reaksiya verir. Situasiyanı əlavə olaraq Kremlin Ermənistandakı hakimiyyət dəyişikliyi və yeni hakimiyyətin Moskva ilə münasibətlərə bir qədər laqeyd yanaşması ilə bağlı həyacanı da mürəkkəbləşdirir. Tanınmış şərhçilərdən biri hətta bunu deyib ki, Rusiya yenidən Gürcüstana müdaxilə edib onun qərb hissəsini işğal edə, bununla da Ermənistana dərs verə bilər. Üstəlik həmin şərhçi bu fikirləri Gürcüstanla Rusiya arasında sonuncu böhrandan əvvəl irəli sürüb.
ABŞ və Gürcüstan rəsmi şəxsləri bu təlimləri birbaşa Rusiya və indiki böhranla əlaqələndirmək istəmirlər. Rusiyadan da reaksiyalar sönükdür, təlimlərə əsasən deputatlardan reaksiya verənlər olub. Federasiya Şurasının üzvü İqor Morozov hesab edir ki, təlimlər Rusiyaya güc nümayiş etdirmək və NATO-nun onun cənub sərhədlərində iştirakını göstərmək cəhdidir. "NATO-nun arzusu Rusiyanın bütün sərhədləri boyu, lap Sakit okeana qədər öz bazalarını yerləşdirməkdir”,-senator deyib.
Gürcüstana qonşu ölkələrdən isə təlimlərdə təkcə Türkiyə iştirak edir. Sayt qeyd edir ki, Azərbaycan və Ermənistan bu il təlimlərə öz hərbçilərini göndərməyiblər. Ermənistanda bu qərbönümlü dairələrdə müəyyən suallar doğurub.