“Meyit kəsəndə musiqiyə qulaq asıram...” - Camal Kaşıkçını necə öldürüblər?

“Meyit kəsəndə musiqiyə qulaq asıram...” - Camal Kaşıkçını necə öldürüblər?

 

İstanbulun sakit məhəllərindən birində salınmış ağaclıqda irəliləyib divarları müşahidə kameralarıyla dolu krem rəngli malikanəyə çatıram.

Bir il əvvəl - 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanından olan jurnalist Camal Kaşıkçı (Jamal Khashoggi) eyni yolla öz ölkəsinin konsulluğuna gəlmişdi. Həmin gün müşahidə kameralarına düşən kadrlar onun son canlı görüntüsüdür.

Keçən il oktyabrın 2-də Camal Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub və onu öldürmək üçün gələn xüsusi qrup tərəfindən qətlə yetirilib.

Türkiyənin xüsusi xidmət orqanları konsulluqda dinləmə cihazları quraşdırıblar. Ona görə qətl planının hazırlanması və icrası əvvəldən axıra qədər qeydə alınıb. Bu səs yazısını cəmi bir neçə nəfər dinləyib. Onlardan ikisi materialın məzmunu haqda BBC Panorama-ya danışmağa razılıq verib.

Britaniyalı vəkil, baronessa Helena Kennedi Camal Kaşıkçının öldürülərkən baş verənləri dinləyib.

"Birinin qorxu dolu səsini dinləmək və bunun real həyatda baş verdiyini bilmək tükürpədicidir. Adamın bütün bədəni titrəyir" deyə Helena Kennedi etiraf edir.

Kaşıkçının öldürülməsi anındakı audioyazını dinləyən az sayda insanlardan biridir.

Helena Kennedi Səudiyyə Ərəbistanından olan qatillərin danışıqlarını detallı şəkildə qeydə alıb.

"Onların gülüşü eşidilir. Ancaq, axı, bu, qorxulu işdir. Orda durub gözləyirlər, bilirlər ki, indi içəri daxil olacaq adamı öldürüb meyitini parçalayacaqlar", - baronessa deyir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) məhkəmədənkənar qətllərlə bağlı xüsusi məruzəçisi Anyes Kalamarın rəhbərlik etdiyi beynəlxalq ekspertlər qrupuna Kennedini də dəvət ediblər.

Anyes Kalamar mənə demişdi ki, BMT çərçivəsində beynəlxalq cinayət araşdırması cəhdləri boşa çıxdıqdan sonra qəti qərara gəlib ki, öz mandatından Kaşıkçının ölümünü araşdırmaq üçün istifadə etsin.

Tərcüməçiylə birlikdə konsulluqdakı dinləmə cihazlarının qeyd etdiyi audioyazıya qulaq asmaq üçün Kalamar Türkiyə kəşfiyyatını bir həftə dilə tutmalı olub.

"Sui-qəsdin əvvəlcədən planlaşdırıldığını sübut etməyimə kömək etmək üçün Türkiyə tərəfi o yazıya qulaq asmağıma şərait yaratdı", - Kalamar deyir.

Anyes Kalamara və Helena Kennediyə hadisələrin baş verdiyi iki gün ərzində qeydə alınmış səs yazılarının 45 dəqiqəsini dinləməyə icazə verilib.

Camal Kaşıkçı İstanbula bir neçə həftə əvvəl gəlibmiş. Yaxın Şərqdəki avtoritar rejimlərin ölkədən qovduğu dissidentlər, bu rejimlərin tənqidçiləri və opponentləri çox vaxt yaşamaq üçün məhz İstanbulu seçirlər.

Həyat yoldaşından ayrılmış 4 uşaq atası, 59 yaşlı Kaşıkçı yenicə Hatice Cengizlə - doktorluq dissertasiyası yazan türkiyəli xanımla nişanlanmışdı.

Onlar kosmopolit İstanbulda yaşamaq qərarına gəlmişdilər, amma evlənmək üçün boşanma sənədini əldə etmək lazım olub.

Camal və Xədicə sentyabrın 28-də İstanbul bələdiyyələrindən birinə müraciət etmiş, cavabında onlara nikaha girmək üçün Kaşıkçının boşanmış olması haqda konsulluqdan sənəd alınmasının vacibliyi bildirilmişdi.

"Bizim başqa çarəmiz qalmadı, axı, Camal öz ölkəsinə gedə bilmirdi", - kafedə oturub söhbətləşdiyimiz Hatice Çingiz deyir.

Kaşıkçı əvvəldən siyasi mühacir olmayıb. Mən onunla 15 il əvvəl, Səudiyyə Ərəbistanının Londondakı konsulluğunda tanış olmuşdum. Onda Camal Səudiyyə idarəetməsinin mərkəzində idi - səfir köməkçisi vəzifəsində çalışırdı və gözəl nitq qabiliyyəti vardı.

Onda biz "Əl-Qaidə"nin yenicə törətdiyi terror hadisələri haqqında danışmışdıq. Kaşıkçı təşkilatın rəhbəri Üsamə ibn Ladeni şəxsən tanıyırdı, onların tanışlığı bir neçə on il əvvəl başlamışdı. Hətta bir zamanlar Camal "Əl-Qaidə"nin Yaxın Şərqdəki avtoritar rejimləri yıxmaq planını anlayışla qarşılayırdı. Ancaq sonralar onun həyata baxışları liberallaşdı və və aktiv şəkildə demokratiyanı müdafiə etməyə başladı.

2007-ci ildə Kaşıkçı ölkəsinə qayıdıb və hökumətyönlü "Əl-Vətən" qəzetinə rəhbərlik edib. Ancaq üç il sonra "Səudiyyə cəmiyyətində müzakirəsinə icazə verilən mövzuların sərhədlərini genişləndirdiyi üçün" vəzifəsindən kənarlaşdırılıb.

2011-ci ildəki "ərəb baharından" ilhamlanan Kaşıçkı repressiv və avtoritar hesab etdiyi Səudiyyə rejiminə qarşı ictimai çıxışlar etməyə başlayır. 2017-ci ildə onun məqalələrinə rəsmən qadağa qoyulur, Camal könüllü şəkildə ölkəni tərk edib ABŞ-a gedir. Arvadını ondan boşanmağa məcbur edirlər.

Amerikada Kaşıkçı "Washington Post" qəzetində köşə yazıları və məqalələr yazır.

"O, Səudiyyə Ərəbistanında qəzet redaktoru olanda "qırmızı xətləri" keçirdi. Düşündüklərini yazdığı üçün tez-tez problemlərlə üzləşirdi" - Jamal-ın dostu, "Washington Post"un jurnalisti və köşə yazarı David Ignatius belə deyir.

Kaşıkçının əsas tənqid hədəflərindən biri Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman olub.

Qərb ölkələrində ibn Salmanın xeyli tərəfdarı olub. Bir çoxları onu islahatçı, modernist, gələcəyə yeni baxışı olan lider hesab edib.

Ancaq Səudiyyə Ərəbistanında şahzadə tənqidi fikirlərə qarşı kəskin ciddi mübarizə aparıb. Kaşıkçı "Washington Post"da bu haqda yazıb.

Vəliəhd şahzadəyə isə belə imic lazım deyildi.

"Məncə, ibn Salmanı ən çox qıcıqlandıran bu idi, ona görə məsləhətçilərindən xahiş edirdi ki, "Camal problemini" həll etmək üçün bir şey fikirləşsinlər"- tez-tez Səudiyyə Ərəbistanında olan və Ər-Riyadın siyasəti haqqında yazan David Ignatius belə deyir.

Kaşıkçının İstanbula gəlməsi şahzadənin məsləhətçilərinə problemi, nəhayət ki, həll etmək fürsəti qazandırır.

Kaşıkçı ilk dəfə konsulluğa gedəndə Hatice Cengiz onu küçədə gözləyib. Ordan yaxşı ovqatla çıxan Camal Haticeye deyib ki, bura gəlməsi konsulluq işçilərini təəccübləndirib, ona çay və qəhvə təklif ediblər.

"Camal dedi ki, qorxulu bir şey yoxdur. O, vətəni üçün çox darıxırdı, tanış mühit onun əhvalını yüksəltmişdi", - Cengiz belə deyir.

Konsulluqda Kaşıkçıya deyiblər ki, bir neçə gün sonra yenidən gəlsin.

Ancaq o, bayıra çıxan kimi Ər-Riyada zəng vurublar - Türkiyə kəşfiyyatınını səsyazma cihazı bu danışığı qeydə alıb.

Anyes Kalamar: "Maraqlıdır ki, telefon danışığı zamanı Kaşıkçı haqqında axtarışda olan şəxs kimi danışıblar".

Ehtimal olunur ki, konsulluq işçiləri birinci dəfə şahzadənin nüfuzlu məsləhətçisi, "vəliəhd şahzadənin kommunikasiya ofisinin" rəhbəri Saud əl-Qahtaniylə əlaqə saxlayıblar.

"Kommunikasiya ofisindən biri əməliyyatın keçirilməsinə icazə verib. Ona görə də deyə bilərik ki, hadisənin bu ofisə aidiyyatı varsa, deməli, Saud əl-Qahtaniyə də aidiyyatı var", - bunu da Kalamar deyir.

Hüquq müdafiəçisi bildirir ki, "Onun adı Səudiyyə Ərəbistanında bir neçə nəfərə qarşı kampaniyalarda da hallanıb".

Saud əl-Qahtanini dissidentləri, o cümlədən, rəsmi icazəyə qədər avtomobil idarə edən qadınları həbs etdirib işgəncə verməkdə də ittiham edirlər. Bundan başqa, hesab olunur ki, rejimə qarşı xəyanətdə şübhəli bilinən Səudiyyə varlılarının tutulub saxlanmasına da o cavabdehdir.

Kaşıkçı öz məqalələrində yazırdı ki, əl-Qahtani vəliəhd şahzadə üçün dissidentlərin "qara siyahısını" hazırlayır.

"Bəlli bir məqamdan sonra əl-Qahtani gizli əməliyyatlarla da məşğul olmağa başlayıb. Bu, məsləhətçinin işinin bir hissəsinə çevrilib, hansını ki, böyük qəddarlıqla yerinə yetirib" - əl-Qahtaninin fəaliyyətini araşdıran Ignatius belə deyir.

Sentyabrın 28-də konsulluq və Ər-Riyad arasında ən azı dörd telefon danışığı olub. Onlardan birində Xarici İşlər Nazirliyinin təhlükəsizlik xidmətinin rəhbəri baş konsula "milli borc" adlandırdığı əməliyyatın planlaşdırması haqqında məlumat verir.

"Mən qətiyyən şübhə etmirəm ki, bu, yuxarıların rəhbərliyi altında və detallı şəkildə hazırlanmış plan olub. Bu, nə kiminsə improvizasiyasıdır, nə də özfəaliyyəti", - Kennedi hesab edir.

Oktyabrın 1-də, günorta saatlarında Səudiyyə Ərəbistanının üç kəşfiyyatçısı İstanbula gəlib. Onlardan ikisinin vəliəhd şahzadənin administrasiyasında çalışdığı bildirilir.

Anyes Kalamar onların kəşfiyyat məqsədilə gəldiyini düşünür:

"Ola bilsin, həmin şəxslər konsulluğun binasına baxış keçiriblər, nəyin mümkün, nəyin qeyri-mümkün olduğunu müəyyənləşdiriblər".

Bosfor boğazına baxan kölgəli terrasda Türkiyə kəşfiyyatının keçmiş rəhbəri, 27 il xüsusi xidmət orqanlarında çalışmış Mətin Ərsözlə görüşürəm.

Səudiyyə Ərəbistanı üzrə mütəxəssis olan Ərsöz deyir ki, Məhəmməd İbn Salman vəliəhd şahzadə olandan sonra krallığın kəşfiyyat orqanları daha inadlı və aqressiv fəaliyyətə başlayıblar.

"Onlar insanları oğurlamağa və dissidentlərə təzyiq göstərməyə başladılar. Kaşıkçı təhlükəni çox gec gördü, buna görə də həyatını itirdi", - Mətin Ərsöz deyir.

Oktyabrın 2-də gecə İstanbul aeroportuna içində 8 sərnişin, o cümlədən, məhkəmə eksperti və patoloqoanatom Salah əl-Tubeyginin olduğu şəxsi təyyarə enir.

Həmin şəxslərin bioqrafiya və fəaliyyət sahələrini araşdıran Kalamar bu qənaətə gəlib ki, gələnlər məhz qatillər olub.

Kalamar deyir ki, "əməliyyat dövlət qulluqçuları tərəfindən həyata keçirilib, onlar öz xidmət sahələri çərçivəsində hərəkət ediblər".

Ərsöz bu səviyyədə xüsusi əməliyyat üçün Səudiyyə Ərəbistanı kralının və ya vəliəhd şahzadənin razılığının tələb olunduğunu bildirir.

İstanbula gəlmiş qrup "Mövenpick" otelinə yerləşib. Bu oteldə həmişə xeyli qonaq olur, personal onlara xüsusi diqqət ayırmır, amma ordan Səudiyyə konsulluğuna ayaqla cəmi 5 dəqiqəyə çatmaq olur.

Səhər təxminən 10 radələrində xarici müşahidə kameraları İstanbula gəlmiş səudiyyəlilərdən birinin konsulluğa daxil olmasını qeydə alıb.

Görüntünü analiz edən Kennedi belə nəticəyə gəlib ki, bu şəxs əməliyyata yerində rəhbərlik edən Maher Əbdüləziz Mutrebdir.

Vəliəhd şahzadəni xaricə səfərlərində müşayət edənlər arasında tez-tez Mutreb də olub, ancaq o, həmişə kölgədə qalmağa çalışıb.

Kennedi deyir ki, "Mutrebin və baş konsulun telefon danışıqlarında Kaşıqçının çərşənbə axşamı gələcəyi qeyd olunub".

Bir az sonra Kaşıkçıya zəng vurub deyirlər ki, gəlib sənədi götürə bilər.

O və Cengiz konsulluğa çatana qədər Mutreb və Salah əl-Tubeygi arasında dəhşətli telefon söhbəti olub.

Kennedi həmin söhbəti belə təsvir edir:

"Əl-Tubeygi meyitləri necə yarmasından danışır. Mutrebin və onun güldüyü eşidilir. Əl-Tubeygi deyir ki, meyit kəsəndə, adətən, musiqiyə qulaq asır. Bəzən əlimdə qəhvə fincanı və siqar olur".

Kennedinin sözlərinə görə, telefon danışığından doktorun az sonra hansı işlə məşğul olacağını bildiyi məlum olur.

"Ömrümdə birinci dəfə (meyiti) yerdə kəsməli olacam. Hətta qəssab da olsan, kəsmək üçün cəmdəyi asmalısan", - səudiyyəli məhkəmə eksperti belə deyib.

Konsulluğun üst mərtəbəsindəki otağı hazırlayıblar. Yerə polietilen döşəyiblər. Konsulluğun türkiyəli əməkdaşlarını həmin gün istirahətə göndəriblər.

Kennedi: "Onlar Kaşıkçının nə vaxt gələcəyi barədə danışırdılar. "Qurbanlıq heyvan nə vaxt gələcək?" - Kaşıkçı haqqında belə deyirdilər".

Bunları mənə danışa-danışa, o, qeyd dəftərçəsinə baxır. Səsində dəhşət hiss olunur.

Kameralar 13:15-də Kaşıkçının konsulluq binasına daxil olduğunu qeydə alır.

"Biz əl-ələ tutub gedirdik, konsulluğun yanına çatanda Camal telefonunu mənə verib «Hələlik, əzizim, məni burda gözlə» dedi", - Hatice Cengiz hadisənin baş verdiyi günü xatırlayır.

Kaşıkçı bilirdi ki, girişdə telefonunu götürəcəklər. Ona görə də şəxsi məlumatlarının Səudiyyə hakimiyyətinin əlinə keçməsini istəmirdi.

Səs yazısından məlum olur ki, onu böyük bir qəbul komissiyası qarşılayıb. Camala həbs edilməsi üçün İnterpolun sifariş verdiyini və Səudiyyə Ərəbistanına qayıtmalı olduğunu söyləyiblər.

Oğluna mesaj yazıb hər şeyin qaydasında olduğunu bildirmək təklifini Camal rədd edib.

Kennedi:

"Söhbətin bir yerində Kaşıkçının səsində həyəcan, qorxu, dəhşət hiss olunur. O başa düşür ki, tezliklə çox pis şeylər baş verəcək. Onun səsinin dəyişməsində nəsə qorxulu bir şey var. Audioyazını dinlədikcə, baş verənlərin necə böyük qəddarlıq olduğunu anlayırsan".

Kalamar deyir ki, Kaşıkçının Səudiyyə hakimiyyətinin niyyətindən duyuq düşdüyünü anlamaq çətindir:

"Bilmirəm, o, öldürüləcəyini təxmin edirdimi? Ancaq oğurlana biləcəyini çox dəqiq başa düşürdü. Bir yerdə o soruşur: "Siz mənə iynə vurmağa hazırlaşırsız?" Ona "hə" deyə cavab verirlər".

Kennedi bildirir ki, oğurlanacağı barədə Kaşıkçı iki dəfə sual verib, sonra "səfirlikdə bunu necə edə bilərsiz" deyib:

"Bu dialoqdan sonra eşidilən səslərdən aydın olur ki, onu boğurlar. Ola bilsin, başına paket keçirirlər. Zorakılıqla ağzını da qapayırlar - ya əllə, ya da nəsə başqa bir şeylə".

Kalamar hesab edir ki, bu yerdə əməliyyat rəhbərinin tapşırıqlarını icra edən patoloqoanotom işə qarışır:

"Kimsə deyir ki, "İmkan verin, kəssin". Deyəsən, bu, Mutrebin səsidir. Sonra kimsə "Bitdi" deyə qışqırır, ardınca başqa biri də qışqırır: "Çxarın bunu, çıxarın bunu. Bunu onun başına qoyun. Sarıyın". Mən ancaq təxmin edə bilərəm ki, həmin an onun başını bədənindən ayırıblar".

Bütün bunlar baş verərkən Hatice Cengiz Kaşıkçını konsulluğun qarşısında gözləməkdə davam edib.

Camalın içəri daxil olmasından cəmi yarım saat keçmişdi.

"O dəqiqələrdə mən toyumuz haqqında düşünürdüm. Biz ancaq yaxınlarımızın iştirak edəcəyi kiçik bir məclis planlaşdırmışdıq", - Hatice danışır.

Kamera qeydlərindən görünür ki, təxminən 15:00 radələrində konsulluğun maşınları binanın həyətindən çıxıb baş konsulun iki küçə aralıdakı rezidensiyasına daxil olur. Əllərində çamadanlar və polietilen paketlər olan üç nəfər binaya daxil olur. Kalamar hesab edir ki, onların içində Kaşıkçının parçalanmış cəsədi ola bilərdi.

Bir müddət sonra maşınlar rezidensiyanı tərk edir.

Kaşıkçının cəsədi hələ də tapılmayıb.

Onun qətli və cəsədinin parçalanmasıyla bağlı danışılanlarda sümük mişarından da söhbət gedir. Kennedi səs yazısında cərrahiyə alətinə aid cırıltı səsi yox, sakit vızıltı eşidildiyini bildirir. Türkiyə kəşfiyyatı hesab edir ki, bu, sümük mişarının səsidir.

15:53-də müşahidə kameraları Səudiyyə Ərəbistanından gəlmiş qrupun iki üzvünün konsulluğu tərk etdiyini qeydə alıb.

Onlardan biri Kaşıkçının paltarlarını geyinib, amma ayağındakı ayaqqabılar fərqlidir. Paltarının başlığı üzünü örtmüş ikinci adam əlində ağ polietilen paket aparır.

Onlar Göy Məscidə tərəf gedirlər. Növbəti müşahidə kamerasının görüntüsündə Kaşıkçı qiyafəsinə girmiş adam artıq başqa paltarda görünür.

"Mövenpick" otelinə küçədən tutduqları taksiylə gedən bu iki şəxs əllərindəki polietilen paketi zibil qabına atırlar - həmin paketdə Kaşıkçının paltarları olduğu ehtimal olunur.

"Planlaşdırma və reallaşdırma yüksək səviyyədə olub. Hər şeyi elə nizamlayıblar ki, Kaşıkçının başına pis bir iş gəlmədiyi təəssüratı yaransın", - Kalamar belə deyir.

O anlarda Hatice Cengiz hələ də konsulluğun qarşısında dayanıb öz nişanlısı gözləməkdəydi:

"Mən gözlədim, gözlədim, 15:30-a kimi gözlədim. Başa düşəndə ki, konsulluq artıq bağlanıb, darvazanın yanına qaçıb Camalın niyə çıxmadığını soruşdum. Mühafizəçi nədən danışdığımı anlamadığını dedi".

16:41-də qadın artıq ümidini itirir və Kaşıkçının köhnə dostu Yasin Aktaya zəng vurur. Onun nömrəsini Haticeye Camal özü vermişdi - hər ehtimala qarşı, onun başına bir iş gəlsə və ya Cengizin özünə kömək lazım olsa, əlaqə saxlaması üçün.

Yasin Aktay hakim AKP-nin üzvüdür, ölkə rəhbərliyi ilə əlaqələri var.

Yasin Aktay: "Tanımadığım bir nömrədən zəng gəldi, tanımadığım bir qadın həyəcanlı bir səslə nişanlısı Camal Kaşıkçının Səudiyyə konsulluğuna girdiyini və hələ də çıxmadığını dedi".

Yasin Aktay dərhal Türkiyə kəşfiyyatının rəhbəriylə əlaqə saxlayıb. Baş verənlər haqqında prezident Recep Tayyip Erdoğanın adminsitrasiyasına məlumat verib.

Kaşıkçını qətlə yetirmiş qatillər qrupu 18:30-da artıq təyyarədəydi, Ər-Riyada uçurdu. Onlar gəlişlərinin bir sutkası da tamam olmamış İstanbulu tərk edirdilər.

Növbəti gün Türkiyə və Səudiyyə Ərəbistanı hakimiyyətləri konsulluqda baş verənlərlə bağlı bir-birinə zidd açıqlamalar veriblər.

Səudiyyə Ərəbistanı israrla bildirib ki, Kaşıkçı konsulluq binasını tərk edib. Türkiyə hakimiyyəti isə onun hələ də həmin binada olduğunu iddia edib.

Türkiyə kəşfiyyatı artıq konsulluqdakı dinləmə qurğularının qeydlərini, o cümlədən, Kaşıkçının yoxa çıxmazdan əvvəlki 4 günün telefon danışıqlarını dinləmişdi.

Türkiyə hakimiyyəti Kaşıkçının həyatının təhlükədə olduğunu əvvəldən bilirdimi və əgər bilirdisə, niyə onu xəbərdar etməmişdi?

Kalamar:

"Bildiklərini düşünmürəm. (Konsulluqdakı dinləmə cihazlarının qeydə aldığı) səs yazılarının real rejimdə dinləndiyini sübut edən hər hansı dəlil yoxdur. Bu, müntəzəm tipli kəşfiyyat fəaliyyətidir, belə qeydlərə hər hansı səbəb yarandığı zaman müraciət edilir. Səs yazılarını Kaşıkçı itdiyi və öldürülmüş ola biləcəyi üçün dinləyibər".

Ərsöz deyir ki, keçmiş həmkarları tərsinə xronologiya üzrə 4-5 min saatlıq audiomateriala qulaq asıblar, onun 45 dəqiqəsini Kennedi və Kalamara təqdim ediblər.

Kaşıkçı qətlə yetiriləndən 4 gün sonra Səudiyyə Ərəbistanından Türkiyəyə daha bir rəsmi nümayəndə heyəti gəlib. Onlar nə baş verdiyini öyrənmək niyyətində olduqlarını bildiriblər.

Kalamar hesab edir ki, əslində bu qrupun məqsədi izləri və dəlilləri yox etmək olub.

Beynəlxalq hüquqa görə, konsulluq Səudiyyə Ərəbistanının ərazisi hesab edilir və Kaşıqçının ölümündən keçən iki həftə ərzində qurumun əməkdaşları Türkiyə müstəntiqlərini diplomatik missiyanın ərazisinə buraxmayıblar.

"Müstəntiqlərə konsulluğa daxil olmaq imkanı veriləndə orda artıq heç nə olmayıb, hətta Kaşıkçıya aid bircə DNT də. Ortaya çıxan yeganə məntiqi nəticə budur ki, cinəyət yeri xüsusi kimyəvi vasitələrlə ciddi şəkildə təmizlənib" - Kalamar deyir.

Türkiyə kriminalistləri konsulluq binasına daxil ola bilən gün rəsmi dairələr Kaşıkçının Səudiyyə Ərəbistanı konsulluğunda qətlə yetirildiyini açıqlayıblar.

"Camalın bundan çox-çox yaxşı taleyə haqqı çatırdı. Onu o şəkildə öldürmələri mənim həyata olan bütün ümidimi öldürüb", - Hatice Cengiz deyir.

İstanbulda və bir diplomatik missiya binasında qətl törədilməsi Türkiyə hakimiyyətini çətin vəziyyətə salıb.

Onun təzyiqlərinə baxmayaraq Ər-Riyad Kaşıkçının öldürüldüyünü etiraf etməyib. Əvvəlcə onlar konsulluqda nəsə bir dava baş verdiyini, sonra qətlin şəxsi təşəbbüs olduğunu bildiriblər.

Türkiyə hakimiyyəti kəşfiyyata məlum olan faktların yerli və beynəlxalq mətbuata hissə-hissə sızdırılması taktikasını seçib. Sonra onlar ABŞ MKİ-ni, Britaniya Mİ6-nı və bir neçə başqa xarici kəşfiyyat xidmətini Kaşıkçının Səudiyyə orqanları tərəfindən öldürüldüyünü sübut edən audio materialları dinləməyə dəvət ediblər.

MKİ ekspertləri bu qənaətə gəliblər ki, Məhəmməd ibn Salmanın Kaşıkçının qətlinə razılıq verməsi ehtimalı "ortadan yüksəyə" qədərdir. Bir müddət sonra MKİ rəhbəri Cina Haspel bu məsələ haqında quruma məlum olanları Senatın beynəlxalq əlaqələr komtəsinin üzvlərinə danışıb.

Ötən ilin dekabrında ABŞ Senatı jurnalist Camal Kaşıkçının qətlinə görə Səudiyyə Ərəbistanına Yəmənlə münaqişədə hərbi dəstəyi dayandırmaq haqqında qərar qəbul edib. Qəbul edilmiş qətnamədə vəliəhd şahzadə qətlin günahkarı olaraq göstərilib.

Yanvar ayında Səudiyyə Ərəbistanı hakimkiyyəti Kaşıkçının ölümüylə bağlı 11 nəfəri məhkəmə qarşısına çıxarıb. Onların arasında Mutreb və doktor əl-Tubeygi də var, amma qətlin ehtimal olunan təşkilatçısı - şahzadənin nüfuzlu məsləhətçisi Saud əl-Qahtani yoxdur.

Ona qarşı ittiham irəli sürülməyib, onu ifadə vermək üçün heç məhkəməyə də çağırmayıblar.

Mənə danışdılar ki, hazırda əl-Qahtani təcrid olunmuş vəziyyətdə saxlanır, heç kimlə, hətta ailəsiylə də ünsiyyəti yoxdur, ancaq vəliəhd şahzadəylə əlaqəsi qalmaqdadır.

Anyes Kalamarın BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatın nəticəsi birmənalıdır: "Beynəlxalq hüqüqa nəzərən Kaşıkçının öldürülməsini dövlətin törətdiyi qətl kimi qiymətləndirməmək üçün heç bir əsas yoxdur".

Kennedi deyir ki, konsulluğa aid audioyazıları cavabsız qoymaq olmaz:

"Konsulluqda törədilən əməl namərdlikdir, dəhşətli bir şeydir. Beynəlxalq ictimaiyyət ən yüksək səviyyədə beynəlxalq məhkəmə araşdırması tələb etməyə borcludur".

Ankara Kaşıkçının qətlində iştirak etmiş bütün şəxslərin İstanbulda məhkəmə qarşısına çıxarılması üçün onların Türkiyəyə ekstrdisiyasını tələb edib. Ancaq Ər-Riyad bu tələbi rədd edib.

Səudiyyə Ərəbistanı hakimiyyəti BBC Panorama-nın suallarına cavab verməkdən imtina edib, ancaq bəyan edib ki, hökumət bu "iyrənc qətli" pisləyir və bütün iştirakçıları məsuliyyətə cəlb etmək niyyətindədir.

Həmçinin Ər-Riyad bir daha vurğulayıb ki, vəliəhd şahzadənin bu "iyrənc qətlə" heç bir aidiyyatı yoxdur.

Konsulluqda baş vermiş hadisələrdən bir il sonra Hatice ilə bir kafedə oturub söhbət edirik. Nişanlısının vəhşicəsinə öldürülməsi onu hələ də ağrıdır.

Vidalaşarkən, o, Camal Kaşıkçının qətlinin həqiqi mənasını ifadə edir:

"Bu təkcə mənim faciəm deyil, bütün insanların faciəsidir - onun kimi düşünən, onunla eyni mövqedə olan insanların".

BBC Panorama-nın "Kaşıkçının qətlinin qeydləri" ("The Khashoggi Murder Tapes") adlı filminə BBC World News sputnik kanalında, 5-6 oktyabr tarixlərində baxmaq olar. Verilişin dəqiq vaxtı saytda göstərilib. /BBC/



Oxşar Xəbərlər

Xəbər lenti