KÖRFƏZ DÖVLƏTLƏRİ ÇİNİN TƏLƏSİNƏ DÜŞÜR – Parlaq vitrin arxasındakı dərin borc quyusu

KÖRFƏZ DÖVLƏTLƏRİ ÇİNİN TƏLƏSİNƏ DÜŞÜR

 


 

 

Yaxın Şərqdə, Livandan İraqa qədər, hökumətin maliyyə qaynaqları və xidmətləri ilə əlaqədar məyusluq və qəzəb artmaqdadır.

 

Fiskal siyasət populyar siyasətin mərkəzindədir. Bəzi dövlətlərdə subsidiyaların azaldılması, vergilərin artırılması, mülkiyyətin dövlət və hərbi sahibkarlığının dəyişdirilməsi və şişirdilmiş dövlət sektorlarını ləğv etməkdən çəkindiyi üçün əlavə pul mənbələri tapmağın bir neçə seçimi qalır.

Hökumətlər borc ala bilər. Aktivləri sata bilər. Xarici yardımdan asılılığı artıra, ya da valyutalarını devalvasiya edə və islahat apara bilmədiyindən əmanətlərini xərcləməklə, vəziyyəti nisbi düzəldə bilərlər.

Pulun qaynağı haradır?

Xarici sərmayəni aldatmaq bəzən gözləniləndən daha çətin olur.

Səudiyyə Ərəbistanı öz milli neft şirkəti "Aramco”-nun səhmlərini satışa çıxarmaqla, ilkin kapital toplamağa 3 il sərf edib. Yalnız yerli investorlardan 26 milyard $ toplaya bilib. Səhmlərin daha böyük hissəsini beynəlxalq bazara çıxarmaqla, indi 150 milyard $-lıq qazanca ümid edir.

Yuxulu sultanlıq olan Omanda bir sıra dövlət aktivlərinin özəlləşdirilməsi ilə kapital yığımı sürətləndirilib. Bu ölkədə investorlar dövlətlər və dövlət qurumlarıdır, çoxu da Çindəndir.

Oman dövlət borcunun qaytarılması və davamlı maliyyə kəsiri ilə üzləşib. 2019-cu ilin üçüncü rübündə kəsir 2.4 milyard $ səviyyəsində olub və bu, 2018-ci ildəkindən 75% çoxdur.

Neft sektorunun payına maliyyə gəlirlərinin 70%-dən çoxu düşür və qiymət enişi ilində dövlət xərclərini davam etdirmək üçün alternativ maliyyə tapmaq lazım gəlib.

HSBC-nin araşdırmalarına görə, borcun qaytarılması 2019-cu ilin ilk üç rübündə 1.14 milyard $-dan çox olan dövlət vəsaitlərinin böyük hissəsini udub; borc qaytarma xidməti artıq 3 il əvvəlkindən 9 dəfə çoxdur.

Beləliklə, Omanda satış başlayıb. 2018-ci ildə Oman qaz boru kəmərlərinin satışından 480 milyon $ və Xazzan qaz yatağının 10%-lik payının satışından, Malayziyanın milli neft şirkəti olan "Petronas”-ın hesabına 1,3 milyard $ gəlir əldə edib.

Elektrik sektoru subyektləri üçün holdinq şirkəti olan "Nama” dekabr ayında Oman Elektrik Transmissiya Şirkətinin 49%-lik payını Çinin dövlət şəbəkəsinə 1 milyard $-a satıb.

"Nama” Oman daxilində bir sıra digər elektrik təminatçılarına da nəzarət edir. Onların bir çoxunun qismən özəlləşdirilməsi nəzərdə tutulub, o cümlədən 2020-ci ildə "Muscat Electricity Distribution Company” şirkətinin satışı həyata keçiriləcək.

Oman infrastruktur üçün Çin kreditlərinə etibar etməyə davam edir. Lakin Çinin Duqmdakı yeni liman üzrə investisiya öhdəlikləri ləng gerçəkləşir. Çinlilər zahirən mövcud aktivlər üzrə borc verməkdən və ya almaqdan məmnun görünür, lakin yenilərini qurmaq üçün öz kapitallarını qoymağa az can atırlar.

Yaxın Şərqdə iqtisadi qeyri-sabitliyə liderlikdə ardıcıllığın yoxluğu, xarici müdaxilə və aşağı böyümə, aşağı məhsuldarlıq və gənclər arasında yüksək işsizliyin təsiri böyükdür. Hərbi xərclər cilovlanmır. 2018-ci ildə dünyada ən yüksək hərbi yükü olan 10 ölkədən 5-i ərəb dövləti idi: Səudiyyə Ərəbistanı (ümumi daxili məhsulun 8,8%-i), Oman (8,2%), Küveyt (5,1%) , Livan (5%) və İordaniya (4,7%).

Münaqişəni və münaqişədən sonrakı yenidənqurma işlərini nəzərə almadan böyümənin necə proqnozlaşdırmalı, – bu, iqtisadçılar üçün tapmacadır. Ancaq vergi yığımı Körfəzin neft ixrac edən dövlətlərinə kömək edəcək. Üstəlik, bu həm də dövlət-cəmiyyət münasibətlərində geniş bir dəyişiklik tələb edir.

Körfəz Əməkdaşlıq Şurasının 6 dövlətindən yalnız Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Bəhreyn 5%-lik əlavə dəyər vergisi tətbiq edib. Neftlə zəngin olan Körfəz ölkələrində fərdi gəlir vergisi yoxdur. Doğrudur, alkoqol və tütün məhsullarına aksiz vergiləri artmaqdadır. Amma gəlir vergisi olan dövlətlərdə həm hesabat, həm də yığım zəifdir.

Çox sayda miqrantı və qaçqınları olan dövlətlər əmək bazarlarını tənzimləmək üçün mübarizə aparır, vətəndaşlar üçün güzəştli iş yerləri yaratmağa başlayır.

İqtisadçılar Abhiicit Banerci və Ester Duflonun iddia etdiyi kimi, iqtisadiyyatda mövcud olan mənbələrinin – istər texnologiya, istər insan kapitalı, istərsə də maliyyə kapitalı olsun, – hamısı əhəmiyyətlidir. Aktivlərinizi kimə satdığınız da vacib məsələdir.

İnkişaf haqqında fikirlər əsas fərziyyələrdə normativdir. Hazırda Yaxın Şərqdə dövlət yönümlü böyüməyə üstünlük verilir. Hökumət inkişaf layihələrini maliyyələşdirmək üçün kapital tapa bilmirsə, bunu başqa bir hökumət edə bilər. Çin və Malayziya Omanda favoritdir, lakin Körfəzin suveren sərvət fondları və Rusiya Birbaşa İnvestisiya Fondunun birgə səyləri də Yaxın Şərqdə və ondan kənarda mühüm maliyyə yatırımı və müdaxilə qüvvəsidir.

Bölgədəki inkişaf və infrastruktur layihələri üçün özəl kapitalın çatışmazlığı diqqəti çəkir. "Aramco IPO” məsələsi isbatlayıb ki, hətta parlaq dövlət qurumları özəl institusional kapitalı və xarici investorları cəlb etməkdə çətinlik çəkirlər.

20 il sonra ictimai fikir aktivlərin digər dövlətlərə satış proseslərinə necə baxacaq? Yeni kapitala tələbat yaradan maliyyə siyasətində özəlləşdirmə nəyin bahasına başa gəlir? Xarici suveren aktyorlar iqtisadi alətlərdən necə istifadə edə bilərlər?

Yaxın Şərqdəki özəlləşdirmə vətəndaşlar, firmalar və xarici investorların da daxil olduğu milli iqtisadiyyatlarda pay sahiblərinin sayının genişlənməsi üçün zəmin ola bilər. O həm də bölgə xüsusiyyətləri nəzərə alınmaqla, iqtisadiyyatın dövlət idarəçiliyini gücləndirə bilər.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}