Fermerlerə çatası 470 mini də Həsənov mənimsəyib – Cinayəti ölmüş şəxsin üzərinə atırlar

 

Sahibkarlara Kömək Milli Fondunun ayırdığı pulları kəndliyə ödəməyərək mənimsəməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. İttihama görə, onlarla şəxsin adına xəbərləri olmadan kreditlər ayrılıb və pullar ələ keçirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əhmədov Əyyub Əlihüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Əyyub Həsənov həbs edilməyib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vurğun Əzizov ifadə verib. O, kredit təşkilatından 1200 manat təsərrüfat üçün pul götürdüyünü deyib. Kreditin 900 manatdan artığını ödədiyini deyən V.Əzizov adına 10 min əlavə kredit götürülməsindən xəbərsiz olduğunu deyib. Şahid bildirib ki, prokurorluğa çağırılan zaman adına 10 min kredit ayrıldığını öyrənib.

Digər şahid S.Rüstəmova olub. O, Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətində baş mühasib işlədiyini deyib. Şahid deyib ki, təşkilatdan ayrılan kreditlərdən xəbərsiz olub: "Mən sadəcə qəbzlərə, ödənişlərə nəzarət edirdim. Kredit şöbəsinə Əliyaz Feyzullayev nəzarət edirdi və kreditləri o, ayırırdı. Əliyaz müəllim də vəfat edib”.

Təqsirləndirilən Əyyub Əhmədov da ayrılan kreditlərə mərhum Əliyaz Feyzullayevin nəzarət etdiyini deyib. O, bildirib ki, Feyzullayev kredit alan şəxsləri, ayrılan məbləği müəyyənləşdirib: "Bizə hazır sənədlər gəlirdi”.

Bəhram Nəsirov isə şahid qismində dindirilərkən deyib ki, təşkilatdan 46 min alıb və təsərrüfatla məşğul olmağa başlayıb. Adına yazılmış əlavə 15 mindən də xəbəri olduğunu deyən Nəsirov həmin pulu almadığını deyib: "Xəbər tutanda dedim ki, qaytarsınlar. Onlar da qaytardı. İndi məndə sənəd də var”.

Şahid Səməd Ağayev də təşkilatdan 2300 manat kredit aldığını və 2014-cü ildə ödədiyini deyib. Səməd Ağayev adına əlavə olaraq 11 min manat ayrılmasından isə prokurorluqda xəbər tutduğunu deyib: "Mənə dedilər ki, adına bu qədər pul var. Amma mən almamışam”.

Digər şahid Mehman Məhərrəmov olub. O da təşkilatdan kredit götürdüyünü deyib. Aldığı 2200 manat krediti ödədiyini deyən şahid bildirib ki, adına 13 min manat əlavə pul yazılıb.

Nicat Rəsulov da şahid qismində dindirilən zaman məlum olub ki, aldığı 1000 manat krediti qaytardığı halda, adına əlavə olaraq 13 min manat kredit ayrılıb.

Şahid Amin Rəcəbovun isə ümumiyyətlə kredit almadığı halda adına pul ayrılıb. O da prokurorluğa çağırılan zaman adına 10 min manat kredit götürüldüyünü öyrənib.

Malik Balakişiyev də adına təşkilatdan əlavə olaraq pul ayrıldığını, bunu prokurorluqda öyrəndiyini deyib. O, təsərrüfat üçün aldığı krediti vaxtında ödədiyini bildirib. Digər kreditdən isə xəbərsiz olduğunu qeyd edib.

Məhkəmə iclası sentyabrın 25-də davam etdiriləcək.

İttihama əsasən, Ə.Əhmədov Sahibkarlara Kömək Milli Fondunun 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bildirək ki, Aqroinvest Kredit İttifaqı Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasina əsasən yaradılıb. Aqroinvest Kredit İttifaqı MMC kimi 6 aprel 2001-ci ildə İmişli şəhərində təsis olunub.



Oxşar Xəbərlər

Xəbər lenti