8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sozcu.info xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Gəray Abbasov ifadə verib.
O bildirib ki, iş üzrə zərərçəkmiş Qoşqar Zeynalov ona qohumu Rahib Hüseynovla birlikdə iş qurmaq təklifi edib: "Mən bizneslə məşğul oluram. Qoşqar mənə dedi ki, Rahib xaricdən dəmir yolu qatarının yataq dəstləri üçün üzlük gətirir. Mən də buna görə iş qurmaq adı ilə Qoşqar Zeynalova 800 min ABŞ dolları məbləğində pul verdim. Qoşqar pulu Rahibə verəcəyini deyib. İlk aylarda Rahib verilən pulların faizini Qoşqar vasitəsilə mənə verdi. Sonra isə pulu verməkdən imtina elədi. Mən onunla dəfələrlə görüşdüm, lakin pulu vermədi. Bir müddətdən sonra Rahibi həbs elədilər. 800 min dollardan mənə ümumilikdə 95 min dollar qaytardı”.
Şahid deyib ki, Qoşqar Zeynalova etibar etdiyi üçün pulu ona verib. Şahid prokurorun və hakimin suallarını cavablandırıb. Şahid deyib ki, o, Azadlıq prospektində yerləşən obyektini 700 min ABŞ dollarına sataraq, bu pulu iş qurmaq adı ilə Qoşqar Zeynalova verib.
Təqsirləndirilən Rahib Hüseynov da ifadə verərək, 800 min dollar pulu Qoşqar Zeynalovun ona yox, Arif Əsgərovun Elnar Əsgərova verdiyini deyib.
Sonra digər şahid qismində Zeynal Bayramov ifadə verib. Şahid deyib ki, 2011-ci ildə 1 milyon 725 min manat məbləğində pulu Qoşqar Zeynalova verib: "Qoşqar Zeynalov mənə dedi ki, qohumu iş görür və bu pulu iş qurmaq məqsədilə ona verdim. Bizneslə məşğul olurdum, obyektimi satıb bu pulu ona verdim. Rahib Hüseynovla pulla bağlı söhbətim olmayıb, mən pulu Qoşqara vermişəm. Pulu da ondan tələb edirəm”.
Təqsirləndirilən R. Hüseynov isə Q. Zeynalovun pulları ifadə verən şahidlərdən aldığına inanmadığını deyib: "Mən əminəm ki, bu şahidlərdə o qədər pul ola bilməz. Yenə deyirəm ki, pullar mənə yox, Arif Əsgərovun oğlu Elnar Əsgərova çatıb”.
Proses mayın 16-da davam etdiriləcək.
İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyəti başçısının oğlu Qoşqar Zeynalovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, R. Hüseynov ləğv edilmiş Nəqliyyat Nazirliyində nazir müavini vəzifəsində çalışmış, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri Arif Əsgərovun baldızı oğludur.
R. Hüseynovun digər qardaşı Emil Hüseynov barəsində də cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. E. Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, E.Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub, 2016-cı ilin dekabr ayında "İnrerpol” xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.