Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Ölkənin mənəvi həyatında iqtidara əl verən ümumi kütlük, biganəlik, laqeydlik, arsızlıq hökm sürür
Abel ağaya bir azdan orden, filan da verilə bilər. Kişi zəhmət çəkib burdan oraya, ordansa buraya çoxlu şərab daşıyıb və dünyaya sübut edib ki, biz fanatik müsəlman deyilik, biz yeyib içən oğullarıq...
1906-cı ildə ölkənin namuslu, qeyrətli kişiləri, şəcərəli zadəganları "Difai” təşkilatını yaradıb cəza aksiyalarına başlayan kimi hətta ən harın dövlətlilər belə özlərini yığışdırdılar. Çar polisini, azğınlaşmış qəza, nahiyə rəislərini, erməni silahlılarını vahiməyə salmış bu təşkilat sübut elədi ki, Azərbaycanda qabağından yeməyən kişilər var və onlar millətin qeyrətini çəkməyi də bacarırlar. "Difai”ni başqa təşkilatlardan fərqləndirən amillərdən biri də o idi ki, cəza aksiyasını həyata keçirəndə əməlini başqasının üstünə atmırdı, açıqdan açığa fəxrlə elan edirdi ki, filan din və millət xainini cəhənnəmə vasil edən onlardır.
Gəncə üsyanı zamanı "Difai” təşkilatının demək olar ki, bütün vurub-yıxan üzvləri rus cəlladları ilə qeyri-bərabər döyüşlərdə şəhadətə çatdılar.
Çox az adam mühacirətə gedə bildi. Gedənləri də yaxın qohum-qardaşları zorla dilə tutmaqla aradan çıxarırdılar. Burada isə həlak olan oldu, sağ qalanları Sibirin ölüm düşərgələrinə aparırdılar.
Əlimdə dəqiq fakt var ki, konslagerdə 50-ci illərə qədər sağ qalan "Difai”çilər oralarda dinc durmayıb, dəfələrlə düstaq qiyamları təşkil ediblər.
Bu kişilərin bir ideyası var idi: müsəlmanı heç kim alçaldıb təhqir edə bilməz, təcavüzə qan bahasına olursa da cavab verilməlidir...
Bu son illərdə bizdə qeyrətli qələm sahibləri "Difai” təşkilatının fəaliyyəti barədə gözəl tədqiqatlar ortaya qoyublar. Sağ olsunlar! Səmimi iradlarım da var, arxiv sənədləri tamam açılmayıb, tədqiqatçılar sanki kimdənsə, nədənsə çəkiniblər.
Çəkinən, qorxan, hakimiyyəti zəbt etmiş əski kommunist nomenklaturası və onun imansız yetirmələridir. Azərbaycan gəncliyi üçün yeni bir ilham, örnək mənbəyinin üzə çıxması hakimiyyətə əl vermir.
"Difai”nin əsas zərbə qüvvəsini kimlər təşkil edirdi? Beş-on xırda dövlət məmuru, müəllim çıxmaq şərtilə, adlı-sanlı nəsillərdən olan bəylər, əsl zadəganlar, kübarlar. Bunlar heç bir vaxt çörək dərdi çəkməyib, ehtiyacın nə olduğunu bilməyiblər. Hamısı da bağ-bağat, torpaq, malikanə, mal-qara, qoyun sürüsü, ilxı sahibi...
İmperiya nökərlərinə qarşı ölüm-dirim savaşına qalxan bu kişilər yaxşı bilirdilər ki, özlərinin ailələrinin aqibəti necə olacaq. Bilirdilər, amma geri ayaq da qoymurdular.
Gənclik üçün bundan da yaxşı örnək olardımı?
Müstəqillik dövründə iqtidar sahiblərinin "dobro”su ilə formalaşmış və tədricən əsl yırtıcıya dönmüş məmur oliqarx zümrəsi üçün milli şərəf məsələsi boş şeydir. Bu zümrə nümayəndəsi bir estrada fahişəsinə on minlərlə pul verər, əcnəbi lotular qarşısında arvad-uşağının göbək oynatmasına laqeyd də qalar(Bədnam "Jara” festivalını, ya da digər əcnəbi estrada lotularının bahalı konsertlərini xatırlayın). Kim deyə bilərdi ki, biz tarın üstündə ölümə gedən bədbaxt Müşfiqi və onun kimi nurlu insanları partiya, komsomol iclaslarında çarmıxa çəkib, gedər-gəlməzə yola salanların törəmələri, onların zaman-zaman qulluqlarında duranların qohum-əqrəbaları, buqələmun filoloqlar, müxtəlif "şünaslar” mənəviyyatımıza qənim kəsiləcəklər.
İndiki iqtidar komminist irticasının bütün mənhus ənənələrini təzədən dirildib cəmiyyətə sırıya bilmiş ziyanəvərlərin keşiyindədir. Pul, ənam, fəxri adlar bunların üzərinə dolu kimi yağır. Söz desən, tükünü didərlər. ...Fantasmaqriyaya baxın, kişilər şirin canlarını, var-yoxlarını qurban verib, rus köpəklərinin, erməni qatillərinin üzərinə göz qırpmadan gediblər. Torpağının yarısı düşmən tapdağı olan məmləkətdə isə binamus məmurlar milyardları, milyonları talan edirlər.
Beş-altı aydan bir yalandan haray-həşir qaldırılır, bəs filankəs ifşa edildi, milyonlar üzə çəxdı, millət rahat nəfəs ala bilər. Onu gördük ki, bir qərinə ərzində Bakının yeraltı dünyasını şəxsi "Kubinka”sına döndərə bilmiş Tağı Əhmədov heç bir şey olmamış kimi oturub konsert salonunda özü üçün kefə baxır. Ziya Məmmədova, "İstiqlal” ordenli Abbasova güldən ağır söz deyən var? Onlarla giyena xislətli məmur yeddi arxasını əməlli başlı təmin edib, heç kimdən, heç nədən qorxub eləmirlər. 12 il olar ki, Razim Məmmədovun Xətai rayonunda kəsdiyi başa sorğu-sual yoxdur. Bu "kişinin” sayəsində rayon əhli çoxdan Prezidentdən üz döndərib. Başqa dərdlər o yana, durub deyəndə ki, a kişilər, Yeni Əhmədlidə binalar iki ballıq zəlzələyə də davam gətirməyəcəklər. Səbəblər göz qabağındadır! Heç kimin heç nə vecinə deyil!
Bir köpəkoğlu da soruşmur ki, siz nəyin əsasında belə vahiməli söz-söhbət yayırsınız?
Xəbər çıxır ki, "Qaçqınkom”da Əli Həsənovun savab əməlləri sayəsində 2 milyard həzm-rabedən keçirilib. Sonra? Biraz danışıb, danışıb yorulacaqlar və onu görəcəyik ki, Əli Həsənov da elit konsertdə Tağı Əhmədovun yanında oturub.
... Bu gün ayın 17-si səhər saat 4-dür. Artıq üç sutkadır ki, ağrılardan və bir saniyə də dayanmayan öskürəkdən yata bilmirəm. Dərman almağa, təcili yardım çağırmağa pulum yoxdur. Ölümü xilas kimi gözləyirəm...
Haşiyə: Mən hələ neçə il bundan əvvəl yazmışdım ki, bu iqtidar dikbaş qələm sahiblərini sındırmağın yollarını yaxşı tapıb. Əvvələn, bu və ya digər bəhanə ilə adamın oğul-uşağını, yaxınlarını işdən çıxarır, ailəsinin içində narazılıq yaradır. Bu artıq mənim başıma gəlib. Və saniyən, ən şərəfsiz bir fəndlə çörəyinə toxunurlar. Bir il olar ki, qocalıq təqaüdümü kəsiblər, cəmi 95 manat pul alıram. Qorxmadan, çəkinmədən birinci vitse-prezidentə yazdım ki, alman nasistləri də siyasi rəqibləri ilə belə rəftar etməyiblər. Mən qəsdən belə həqarətamiz cümlə işlətdim ki, bəlkə Birinci vitse-prezidentin məiyyətindən bir kişi çıxıb məni danışdıracaq. Camaatın dediyi düz çıxdı, bu iqtidar heç nəyi vecinə almır! İstəyirsən söy, istəyirsən nifrətini daha tünd vasitələrlə izhar elə. Hökmdar taxtının yanında sülənən hər hansı bir nökər, ya da freylina səninlə nə istəsə edə bilər.
Və salisən, adamın ağzını təcili yardımla yumurlar. Adam özünü pis hiss edir, əlbəttə ki, təcili yardım çağırmali olurlar. Bəli, həkim gəlir, o yana baxır, bu yana baxır və hansısa iynəni vurub çıxıb gedir. Əgər xəstə yaşlıdırsa və xroniki xəstyəlikdən əzab çəkirsə məsələ tez həll olur. On-on beş gündən sonra adam dünyasını dəyişir, heç kim heç nədən şübhələnmir. "Onsuz da qoca idi, infarktı vardı, çox yaşamayacaqdı...”. (indi mənim də başıma bu gəlib, dörd sutkadır əzab çəkirəm, görünür vaxt-vədə tamam olub...) İqtidarın qəzəbinə gəldiyim üçün çox tanışlar mənə telefon açmırlar. "Telefonlara qulaq asırlar, siz də dözməyib ”tuz”ları söyəcəksiniz, bizim başımız ağrıyacaq. Qoca, xəstə adamsınız, sizə olan olub, incimə, iki kəlmə kəsəcəyik, sonra altını çəkə bilməyəcəyik....” – bu sözləri də mənə tanışlarım deyir. Onları çox gözəl başa düşürəm, çünki, bu mənhus iqtidardan nə desən gözləmək olar. Doğrudan da nə desən gözləmək olar.
Ayın 17-də Rusiya telekanalları ölkənin çox rayonlarında "Yəhova şahidləri” və digər təxribatçı sektalara, qurumlara qarşı aparılan əməliyyatlardan reportajlar verdilər. Mənim çoxdankı dərdim bu murdar "Yəhova şahidləri” adlanan düşmən qurumdur. Bu qurum bizim xain, pulgir məmurlarımızın nakişiliyindən istifadə edərək Bakıda, bölgələrdə əllərindən gələni edir. Bütün qonşu ölkələrdən bu qurumun təbliğatçılarını it kimi qovublar, bircə bizdən başqa. Aha, budur siyasi sabitqədəmlikdə hamıya örnək olan Mübariz Qurbanlının müavini Səyyad ağa teleekranda görünür. Kişi maşallah millətin din-iman dərdini çəkməkdən əriyib çöpə dönüb. Sözlərindən belə çıxır ki, kürreyi-ərzdə nə qədər ins-cins varsa hamısı bizim tolerantlığa heyrandır.
Səyyad ağa, siz tüfeyli bir təşkilatda işləyirsiniz, sənətinizi, sübutunuzu hamı bilir. Ölkənin mənəvi həyatında iqtidara əl verən ümumi kütlük, biganəlik, laqeydlik, arsızlıq hökm sürür. Siz isə bu müdhiş ideoloji boşluğa tolerantlıq deyirsiniz.
Ən yeni tarixdə mən elə məmləkətə, elə dövlətə rast gəlməmişəm ki, o həm məğlub olsun, həm torpağının yarısının itirsin, həm saysız-hesabsız insan qurbanları versin, həm də daxildə onlarla dini təxribatçı qruplar, mason - keşiş köpəkləri üçün hər cürə şərait yaratsın. Yuxarıda ərz elədim ki, ağrıyıram, dava-dərmana pulum yoxdur, bir yandan da ikrah hissi məni qoymur bu məsələni uzadım.
Abel ağanın şücaətləri məni qətiyyən təəccübləndirmədi. Camaat da deyir ki, bundan min qat beşbetər oyunlar baş verir, ya "diplomat” vaxtında çatdırılmayıb, ya da Abel ağa qırmızı xətti nəqafil keçəndə yava-yava danışıb. Sadəcə olaraq köhnə bakılılar demişkən, onu başa salıblar ki, "məhəllənin bir qoçusu olar!”, yəni, özünə zəhmət verib pirə zada getsə yaxşı olar. Bəziləri soruşur, Abel ağaya nə edəcəklər? Cavab verirəm, heç nə, millətin təhsil sistemini məhv edib qırx arşınlıq quyuya salan, müdhiş rüşvətxorluq üçün zəmin yaradan, neçə nəsli mənən şikəst edən Misir Mərdanov heç bir şey olmamış kimi yaxşı işdədir, yığdıqları törəmələrinə neçə qərinə bəs edəcək.
Abel ağaya bir azdan orden, filan da verilə bilər. Kişi zəhmət çəkib burdan oraya, ordansa buraya çoxlu şərab daşıyıb və dünyaya sübut edib ki, biz fanatik müsəlman deyilik, biz yeyib içən oğullarıq.
Təzə bir xəbər də eşitdim, bizim ağıllılar noyabrın 29-da Heydər Əliyev mərkəzində hipperrealist "əsərlərin” sərgisinin təşkil edir. Əgər bu "mədəni-tədbir” belə adlı-sanlı yerdə sahmanlanırsa, deməli onma icazəni birinci vitse-prezident verib. Hipperrealist "əsərin” nə olduğunu mən yaxşı bilirəm.
Qabaqcadan deyirəm, bu əsərlərə əsəbləri xəstə olanlar baxmamalıdırlar, çünki düşər-düşməzi var. Çox istərdim ki, bu sərgi təşkil olunanda ora birinci olaraq YAP-ın ideoloqları, saray məddahları buraxılsın. Qoy Elman Nəsirov, Rasim Musabəyov kimi savadları qıcqıranlar bu sənət "incilərinə” tamaşa edib, sonra da Şuşanın bu gün sabah qaytarılacağı barədə yaxşı bir mühazirə də oxusunlar.
Bəli, bu dəfə də "müasir incəsənətin” təbliğatçıları gələcək, "O, Baku! O, Baku” deyə-deyə o ki, var kefə baxacaqlar. Axırda hərəsinin cibinə çəngələrlə pul qoyulacaq. Durub iradını bildirsən, deyəcəklər ki, bu fondun puludur, adi rəiyyət bu işlərə müdaxilə etməməlidir.
Mən fəqir də susmaq fikrində deyiləm, soruşuram, sizlərə kim ixtiyar vermişdi, bu başı bəlalı xalqın halal pullarını katolik, provoslav kilsəsinin ziyarətgahlarının təmirinə sərf edəsiniz? Sərvəti başından aşan Vatikana, türklərə patoloji nifrət bəsləyən bolqarlara, başımızı arxadan kəsən rus şovinistlərinə, müxtəlif çaplı estrada lotularına milyonlar verirsiniz, amma dilənçi təqüdümü kəsib saray məddahınıza verməkdən utanmırsınız. Sizi görüm lənətə gələsiniz!
Qəzəbinizi qəzetin üzərinə tökməyin, onsuz da yeriyə bilmirəm, hansı repressiyanız varsa, mənə yönəldin!
Fikirləşirəm, Xudavəndi-aləmin iradəsi ilə möcüzə baş verəydi və "Difai” nin comərd kişiləri məzarlarından dirçəlib dadımıza çataydılar, görəsən nə baş verərdi? Onlar əvvəlcə vətənin tən yarısının əldən getdiyini, iki cüt bir tək erməni qarşısında aciz qalmağımızı, hələ də rusların qarşısında quyruq buladığımızı görüb çöz yəqin üzümüzə tüpürüb məzarlarına qayıdardılar.
İşdir şayəd bir-iki gün qalsalar, iqtidarın imansız məmurları, satqın qələm zinakarları, rüşvətxor banda onların başına elə oyunlar gətirərlər ki, anadan əmdikləri süd burunlarından gələr.
Firuz Haşımov