“ARTIQ YEGANƏ HƏLL YOLU MÜHARİBƏDİR!” – “Nəzərə almalıyıq ki, Paşinyan da bunu istəyir…”

“ARTIQ YEGANƏ HƏLL YOLU MÜHARİBƏDİR!” – “Nəzərə almalıyıq ki, Paşinyan da bunu istəyir…”

 

"Ermənilər Azərbaycana qarşı ikinci cəbhə yaratmaq istəyir”

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Azpolitika.info”ya müsahibə verib.

Sozcu.info  həmin müsahibəni oxuculara təqdim edir.

- Tofiq bəy, Gürcüstan mediasında Keşikçidağ məbəd kompleksi ətrafında yaranan problemdən çıxış yolu haqqında müsahibələriniz gedir, təkliflər irəli sürürsünüz. Konkret hansı təklifləriniz var?

– Əslində Gürcüstandakı jurnalistlər daima mənə zəng edib fikirlərimlə maraqlanırlar. Bu jurnalistlər Gürcüstanda rusdilli auditoriyanı əhatə edir. Biz də çalışırıq ki, fikirlərimizi ifadə edək. Konkret mövzuya gəldikdə isə, bəzi məlumatları vermək lazımdır. Əvvəla, Keşikçidağ kompleksini SSRİ-dən qalma əsasla götürsək, gürcü tərəfindən 22, bizdə isə 2 məbəd var. Gürcülər üçün məbəd iki baxımdan əhəmiyyətli hesab olunur. Birincisi, bu məbəddən dini məqsədlər üçün istifadə, ikincisi, elmi-mədəni irs kimi təbliğ etmək. Azərbaycan üçün məbəd kompleksi tarixi, elmi-mədəni abidə kimi əhəmiyyətlidir. Üstəlik, bu tarixi komplekslə bağlı cənab Prezidentin sərəncamı olub. Mən təklif edirəm ki, delimitasiya və sərhəd olduğu kimi qalsın. Yəni suverenlik hüquqları olduğu kimi qalır, ərazi bütövlüyündə güzəşt olmur. Sadəcə olaraq iki tərəf razılığa gəlir ki, məbədi əhatə edən sərhəd ortadan keçə bilər, amma obyekt iki tərəfin koordinasiyası formasında idarə olunur.

- Əgər gürcülər məbədin onlara məxsus olduğunu iddia edirlərsə birgə idarəçilik necə ola bilər?

– Əgər tərəflər məbəddə sərhəd qurursa, bu zaman iki sərhəd qapısı olacaq. Bir qapı Gürcüstandan, digəri Azərbaycandan. İstər dini məqsədlə, istərsə də turist məqsədilə Gürcüstandan məbədə gələn şəxslər girdikləri kimi Gürcüstan sərhəd qapısından çıxmalıdır, biz tərəfdən gedənlər də Azərbaycan sərhəd qapısından çıxmalıdır. Yəni burada sərhəddi heç kəs pozmayacaq. Sərhəd də deyəndə orada bir xətt olacaq və turistlərdə gəlib bir ayağını Azərbaycan, digər ayağını da Gürcüstan tərəfinə qoyub selfə çəkdirəcək. Üstəlik prosesə YUNESKO-nun da cəlb edilməsini vacib sayıram. Çünki gürcü tərəfi obyekti dini baxımdan əhəmiyyətli məbəd sayır. Yəni gürcülər üçün məbədin tarixi irs kimi tərəfi ikinci dərəcəlidir. Bizdə isə əksinə, məbəd tarixi mədəni irs kimi qiymətlidir. Burada YUNESKO-nun iştirakı mahiyyət baxımından ona gətirib çıxaracaq ki, obyekt öz mahiyyətini dəyişməyəcək. Yəni nə tam şəkildə dini məbəd olmayacaq, nə də tarixi mədəni irs. Məbəd kompleksi də hər iki tərəfin nümayəndələrinin iştirakı ilə idarə edilər. Hər tərəfdən 3 nümayəndə ola bilər və bir nəfər də YUNESKO-nun təmsilçisi. Vacib əhəmiyyətli qərarlar da müzakirələr və konsensus əsasında qəbul edilə bilər. Beləcə, biz nə kiməsə ərazi veririk, nə də kimdənsə ərazi alırıq. Konflikt təşkil edən səbəblərdən də uzaq oluruq. Əvəzində biz bu ölkə və xalqla tarixi dostluq əlaqələrimizi və müttəfiqliyimizi davam etdiririk. Yəni bu birgə fəaliyyətdən nə udan, nə də uduzan tərəf olur.

kesikci

- Sizcə, bu təklifləri həyata keçirmək üçün real zəmin varmı?

– Hesab edirəm ki, mümkündür. Siz gürcü tərəfindən "Пограничная ZONA” youtube kanalında müzakirələrə baxa bilərsiniz. Onlar bu təklifləri müzakirəyə çıxarıblar. 10 mindən çox baxışları var və 600-ə qədər şərh yazılıb. Orada ən çox canfəşanlıq edən erməni tərəfdir və bu da çox məsələlərin üstünü açır. Yəni bu məsələdə ermənilər faktiki olaraq Azərbaycana qarşı ikinci cəbhə yaratmaq istəyirlər.

- Bunu hansı formada yarada bilərlər?

– Strateji baxımdan biz indi Keşikçidağ məbədi ətrafında yaranan gərginlikdən nə uduzan, nə də udan tərəf kimi çıxmalıyıq. Əksinə, tərəflər normal və dialoq yolu ilə problemi həll etməlidir. Əgər tərəflərdən kiminsə marağı varsa, bu mənim təklif etdiyim həll variantında öz əksini tapır. Bu halda daha başqa nə problem var ki? Sözsüz ki, ermənilər çalışır ki, Azərbaycanın problemləri çox olsun. Çünki bizim problemlərimiz nə qədər çox olsa, bu ermənilərin xeyrinədir. Başqa sözlə, biz qüvvələrimizi Gürcüstan tərəfə yönəldək, gürcülər bizə qarşı təbliğat aparsın, gərginlik yaransın. Bu, bəllidir ki, ancaq ermənilərin xeyrinə olar.

İkincisi, buna ermənipərəst Rusiya dairələri də maraq göstərir. Geopolitik mənzərə də bəllidir. Bizim regional və transregional proyektlərin əksəriyyəti Gürcüstan vasitəsilə həyata keçirilir. Əksər ölkələr də, bu əməkdaşlığı yüksək qiymətləndirir. Konflikt olsa, təbii ki, bu proyektlərin icrası da mümkün olmaz. Sizə deyim ki, bu günlərdə mən Eldar Namazovla görüşdüm və fikirlərimiz üst-üstə düşdü. Belə bir ideya artıq ortadadır. Bunu həyata keçirməklə biz həm də regionda nümunə göstərəcəyik ki, bizlər bir-birimizlə dil tapa bilirik.

- Ancaq bizdə bu mövzu ilə bağlı fərqli fikirlər səsləndirən siyasətçilər də var…

– Mən onları populist adlandırıram. Biri deyir ki, sərhədçi güllə atmalı, vurmalı idi. Bu adamlar, ümumiyyətlə, düşünürmü? Bunun sonu necə olardı? Sözsüz ki, ermənilərin arzuladığı ikinci cəbhə açılardı. Bəyəm biz ermənilərin arzuladığı ssenari üzərində hərəkət etməli, onların arzuladığı şəraiti yaratmalıyıq? "Vətənpərvərlik” göstərib populist fikirlərlə çıxış edənlər bəyəm bizim xeyrimizə çalışırlar? Yox! Biz bunları açıq görməliyik.

- Siz, Gürcüstan mediasına müsahibənizdə eyni zamanda "5-ci kolon” haqqında danışmışınız…

– Bəli, danışmışam. İstisna etmirəm ki, bizdə də "5-ci kolon” ola və belə fikirləşə bilər. Yəni xaricdən idarə olunan populist şəxslər. Nemət Pənahlı sayağı siyasət mərhələsini artıq Azərbaycan keçib. Bəyəm biz belə populist siyasətə getməliyik? Ən yaxşısı sivil şəkildə yol tapmaqdır. Mən dediyim layihədə biz uduzmuruq, əksinə, uduruq. Çünki 22 məbəd obyekti onlarda var, ikisi bizdə. Biz problemsiz 22 məbədə də çıxış imkanı əldə edirik. Biz nə torpaq veririk, nə də ərazimizdən imtina edirik. Dövlət sərhəddi də olduğu kimi qalır. Əvəzində bu yeri əməkdaşlıq mərkəzinə çeviririk.

- Söhbət ermənilərin Azərbaycana qarşı planlarından düşmüşkən, siz indi Dağlıq Qarabağ konflikti ətrafında yaranan vəziyyəti necə qiymətləndirirsiniz?

– İlin əvvəlində bir neçə görüş olub. Hər görüşdən sonra bizim bəzi mütəxəssislər iddia edirdi ki, danışıqlar başlayacaq, irəliləyiş əldə olunacaq, razılaşma baş verəcək və s. Mən o zaman deyirdim ki, erməni tərəfinin indiki mövqeyi imitasiya danışıqları aparmaqdır. Onlarda real danışıqlar aparmaq imkanı yoxdur. Paşinyan bəyanatlarında bunu açıq ifadə edib. İndisə artıq imitasiya prosesini də aparmırlar. Amma son nəticədə problem həll edilməyib, Azərbaycan torpaqları işğal altındadır. Artıq mən hesab edirəm ki, bu problemin həllinin yeganə yolu hərbi əməliyyatların bərpasıdır. Bunu deyərkən nəzərə almalıyıq ki, Nikol Paşinyan da hərbi əməliyyatların bərpasına maraq göstərir. Çünki Rusiya Paşinyanı qəbul etmir. O da, istəyir ki, qərbyönlü siyasəti gücləndirsin və qərbdən dəstək alsın. Bunu erməni ictimaiyyətinə qəbul etdirmək və bu yolun alternativi olmadığını sübut etmək üçün hərbi əməliyyatları bərpa etdikdən sonra deyəcək ki, ruslar bizi satdı, bizə dəstək vermədi. Bundan sonra qərbyönlü siyasəti daha effektiv şəkildə həyata keçirə biləcək. Eyni zamanda Paşinyan anlayır ki, onun müxalifəti Rusiya meyllidir. Paşinyan müharibədən sonra deyəcək ki, müxalifət satılıb və məhz buna görə biz müharibəni uduzduq. Təxminən ssenari belədir və hadisələr bu şəkildə inkişaf edə bilər.

eliyev pasinyan

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu görüşü ABŞ-da Ağ Evin milli təhlükəsizlik müşaviri Con Boltonun vasitəçiliyi ilə baş tutmuşdu. Yəni ABŞ Qarabağ konfliktində fəallıq nümayiş etdirdikdən dərhal sonra nədən danışıqlar prosesi dayandı?

– Bu təsadüfi deyil. Hamı başa düşür ki, prosesdə irəli getmək üçün işğal edilən ərazilərin bir qismi azad edilməlidir. Paşinyan da deyir ki, bu mümkün deyil, əgər buna getsəm müxalifət məni yeyəcək. Bu baxımdan yeganə ssenari müharibədir və bu Paşinyan üçün də əlverişlidir.

- Deməli vaxtilə Qarabağ konfliktinə dair erməni tərəfi ilə danışıqlar aparan Tofiq Zülfüqarov da artıq müharibə variantının yeganə həll olduğunu deyir…

– Əslində 4 aydan sonra 20 il olacaq ki, mən Qarabağ danışıqlarında iştirak etmirəm. Bu 20 ildə təkcə Tofiq Zülfüqarovun fikri deyil, çox şey dəyişib.

- 20 ildən sonra Siz müharibə deyirsiniz…

– 20 il əvvəl də bəlli idi ki, erməni tərəfi müharibəsiz bizə torpaqları verməyəcək. Ancaq bizim gücümüz o səviyyədə deyildi. Neft kontraktları işləmirdi, ordumuzun inkişafı üçün maliyyə yox idi. O zaman ermənilərin üzərində üstünlük qazanmaq üçün potensialımız yox idi. Sadəcə, heç nədən daha çox itki verə bilərdik. Amma siyasət mürəkkəb şeydir. İndi vəziyyət dəyişib və müharibənin mümkünlüyü barədə boş yerə danışılmır. Biz dərk edirik ki, indiki Azərbaycan hərbi cəhətdən Ermənistanı qat-qat üstələyib.

İkincisi, Rusiya artıq Ermənistandan çıxır. Gec və ya tez bu baş verəcək. Rusiyada güclü olan erməni lobbisi imkanları çərçivəsində bu prosesi ləngidir. Real müşahidəçilər baş verənləri görürlər və regionda baş verən proseslər də bunu göstərir. Ermənistanın yaranması və indiki vəziyyətə gəlməsinin səbəbi Rusiya imperiyasının Osmanlı imperiyası ilə rəqabət aparması olub. İndi Rusiya-Türkiyə əlaqələri inkişaf edir, əməkdaşlıq forması tapılır. Onların arasında olan əlaqələrdə daha Ermənistan kimi alətə ehtiyac olmur. Siyasət nə qədər pafoslu deklarasiya ilə ifadə edilsə də, real maraqlardan ibarət olur. Bu gün real maraqlara baxanda bəlli olur ki, Ermənistan tarixi funksiyasını itirməkdədir. Hesab edirəm ki, bu mərhələ bizə imkan verəcək ki, ərazi bütövlüyümüzü bərpa edək



Oxşar Xəbərlər

Xəbər lenti