8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Nikol Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sarkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel savaşı haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. Nikol Paşinyan Ermənistanda inqilab yoluyla hakimiyyətə gələr-gəlməz ordudakı korrupsiyadan danışmağa başladı.
Sozcu.info xəbər verir ki, bu fikirləri "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoliq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Paşinyan bunun ardınca parlamentdə aprel savaşını tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif edib: "Əslində Paşinyan bu təklifi ilə aprelin Ermənistan üçün ağır nəticələrinə işarə edirdi. Daha sonra Paşinyana yaxın deputatlardan biri aprel savaşında Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki, itkilər mövzusu da Ermənistanda tabu idi. Nikol Paşinyan növbəti sirrin üstünü açıb. Sən demə, 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda ölkədəki dövlət strukturlarının faciəvi durumda olduğu bildirilirdi. Əgər Serj Sarkisyan bu hesabatı gizli saxlayırdısa, Nikol Paşinyan gizliliyə ehtiyac duymayıb və yazdığı statusda məsələnin üstünü bu şəkildə açıb: "Bu hesabatı oxuyanda bu nəticəyə gəlirsən ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları iflic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursuzluğa düçar olub”. Paşinyan durumun ağırlığı haqqında fikirlərini davam etdirərək ölkədə insanların problemlərini həll edəcək strukturların qalmadığını etiraf edib. Paşinyanın fikirlərini tamamlayan bir başqa acı etiraf da diqqəti çəkir: "Hakimiyyətə gələndə elə bilirdim ki, heç olmasa işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, vəziyyət acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq”". Nikol Paşinyan bu hesabatı indi niyə faş edir? E.Şahinoğlu hesab edir ki, Nikol Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gələrək vəziyyətin acınacaqlı olduğunu ona görə indi cəmiyyətə anladır: "Burada məqsəd odur ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər. Paşinyan onu da izah etməyə çalışır ki, əlindəki resurslar islahatları sürətləndirməyə və müsbət nəticə əldə etməyə imkan vermir. Nikol Paşinyanın bu etirafları bizim üçün müəyyən ipucları verir. Ermənistanın dövlət strukturlarının acınacaqlı durumuna baxmayaraq, ermənilərin öz düşüncələrində yeganə "uğurları" Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır. Ancaq bu da onlara baha başa gəlir, işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir. Elə Paşinyanın dili ilə desək, Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bizdən tələb olunan odur ki, bunu Paşinyana daha geniş şəkildə anladaq. Bu izahın siyasi, iqtisadi və hərbi yolları var".