Fransanın Azərbaycan düşmənçiliyi


Fransanın Azərbaycana qarşı düşmənçiliyi yeni mərhələyə keçib. Fransa Senatı 25 noyabrda qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı Konstitusiyanın 34-1-ci maddəsinin tətbiq edilməsinə dair səsvermə keçirəcək. Bir neçə senatorun hazırladıqları qətnamə layihəsi ilə bağlı müzakirələr noyabrın 18-də aparılıb və səsvermənin noyabrın 25-də keçirilməsinə qərar verilib. Hüquqi qüvvəsi olmayan, Fransa Xarici İşlər Nazirliyi üçün tövsiyyə xarakterli olsa da bu qətnamənin qəbulu Ermənistanı sülh prosesinə əngəl törətməsinə, hətta yeni hərbi avanturaya da sövq edə bilər. Üstəlik Fransanın mövqeyi açıq-aşkar anti Azərbaycan xarakteri almağa başlayıb.

Bu münasibət Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyi hərbi əməliyyatların ilk günündən hiss olunmağa başladı. Azərbaycana qarşı qeyri-obyektiv, ədalətsiz mövqe tutanların arasında Fransanın mövqeyi xüsusilə diqqət  çəkir.

Fransa prezidenti Makron özünü Avropanın əsas dövlətlərindən birinin prezidenti kimi deyil, Ermənistan səfiri kimi aparır. Ümumiyyətlə, özünü Ermənistanın səfiri kimi aparan çoxsaylı fransız siayətçilər mövcuddur. Məsələn, Fransa parlamentin deputatı Səid Axamad, Parisin meri Ann Hidalqo, Sarsel şəhərinin meri Patrik Haddad, sabiq prezident Fransua Oland özlərini Ermənistanın səfiri, müdafiəçisi və təbliğatçısı kimi aparırlar. O qədər əcaib vəziyyət yaranıb ki, hətta bir çox siyasətçilər Fransanın açıq-aydın ermənipərəst mövqe tutmasına baxmayarq bunu yetərli hesab etmir, rəsmi Parisdən açıq şəkildə ermənilərin tərəfini tutmağı tələb edirlər. Bütün bunlar onu göstərir ki, Fransa bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədri olaraq qalması mümkün deyil. Fransanın bundan sonra ATƏT-in Minsk Qrupunun həmsədri qalacaqsa, bu faktiki olaraq Ermənistanın həmsədr olması anlamına gələcək.

 

Belə görünür ki, fransız siyasətçilər Azərbaycanın Fransa iqtisadiyyatına və mədəniyyətinə verdiyi tövhələri də unudublar. Azərbayan Fransaya 3 milyard avroya yaxın sərmayə yatırıb. Fransız şirkətləri Azərbaycanda böyük layihələrdə yer alırlar. Total şirkətinin Azərbaycanda qazandığı pulu bütün Fransız şirkətləri Ermənistandan qazanmırlar. Heydər Əliyev Fondu Fransada çoxsaylı layihələr həyata keçirib. Məsələn, Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasında yaxından iştirak edib. İndi isə fransız siyasətçilər Qarabağdakı xristian abidələrinin azərbaycanlılar tərəfindən dağıdılacağını iddia edirlər.

Anti-Azərbaycan mövqeli fransız siyasətçilərin xristian həmrəyliyi ilə izah edilməsi isə daha utancvericidir. Xristian həmrəyliyi ilə Parisin Azərbaycana qarşı siyasətinin dəyişməsini tələb edənlərin çağdaş dövrün təmsilçiləri olmalarına inanmaq mümkün deyil. Bu şəxslər orta əsrlərin, xüsusilə də Fransa tarixinin ən utancverici səhifəsi olan 15-16 əsrin radikal din xadimərinə bənzəyirlər. Fransız siyasətçilərin özlərini bir neçə əsr öncənin din təəssübkeşləri kimi aparması heç şübhəsiz ki, bir gün Fransanın utancverici tarix səhifəsi olacaq.

 

Fransanın anti Azərbaycan mövqeyi bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması üçün mənəvi haqqını da itirdiyini göstərir. Ümumiyyətlə, hazırda beynəlxalq təşkilatlardakı düzən mövcud olan reallıqlara uyğun deyil. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası ikinci dünya müharibəsinin yekunlarına uyğun olaraq formalaşıb. Həmin dövrdən 75 il keçir və dünyada qüvvələr nisbəti kəskin dəyişib. Eyni zamanda bir sıra dövlətlərin öz mövqelərindən sui-istifadə etdikləri də aydın görünür. Fransanın anti Azərbaycan mövqeyi buna nümunədir.

Fransa ermənipərəst mövqeyini davam etdirərək Azərbycanın ərazi bütövlüyünü sual altına alacaqsa, bu ölkə münasibətlər yenidən müzakirə olunmalıdır. Məlum olduğu kimi prezident İlham Əliyev bəyan edib ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nı müstəqil ölkə kimi tanıyan dövlətlə diplomatik münasibətlər bir saatın içərisndə kəsiləcək. Əgər, Fransa məhz bunu arzu edirsə, Azərbayan özünün hüquq və maraqlarını qorumaq üçün bir an da olsa tərəddüd etməməlidir. Çünki, əks halda Fransanın ardıcılları tapıla bilər. Fransa şirkətlərinin də Azərbaycanda sərvət qazanmalarına bundan sonra imkan verilməməlidir.

Arzuman Loğmanoğlu,

“Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti