Ilham Əliyevin başladığı yeni siyasi kurs

Ilham Əliyevin başladığı yeni siyasi kurs

 

Ciddi kadr dəyişiklikləri başlayacaq

Dövlət başçısının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda çıxışında bu günə kimi heç toxunmadığı məqamlara toxunması yeni siyasi kursun başladıla biləcəyindən xəbər verir. Prezidentin 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərkən digər müttəfiq respublikalar arasında birincilər sırasında deyil, sonuncular sırasında olmasını kəskin tənqid edib.Dövlət başçısı bildirib ki, "Azərbaycan o vaxt öz dövlət müstəqilliyini daha əvvəl elan edə bilərdi. Bu qədər gözləmək lazım deyildi. Xüsusilə onu da yaddan çıxarmamalıyıq ki, Sovet İttifaqının özəyini təşkil edən Rusiya öz dövlət müstəqilliyini avqust ayında, bizdən iki ay əvvəl elan etmişdi”.

Bu fikirlərin ardınca dövlət başçısı qeyd edib ki, hələ 1990-cı ildə Ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atmışdır. "20 Yanvar faciəsindən sonra o, birinci şəxs idi ki, sovet rəhbərliyini pislədi, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını bildirdi, onları ittiham etdi, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədi. Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi və bu, müstəqillik uğrunda birinci addımlar idi. Ondan sonra, artıq Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, "Sovet Sosialist” sözlərini oradan çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı o vaxt Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanın dövlət bayrağı kimi elan edilmişdir və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdır ki, burada da bu addım atılsın. Əfsuslar olsun ki, bunu etmədilər. 1991-ci ilin əvvəllərində Sovet İttifaqının saxlanılmasına dair Azərbaycanda referendum keçiriləndə Naxçıvanda Heydər Əliyevin təşəbbüsü ilə referendum keçirilməmişdir. Bütün bu addımlar müstəqillik yolunda atılan addımlardır. Digər tərəfdən bütün bu addımlar onu göstərir ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir”.

Siyasi şərhçilər, ekspertlər hesab edir ki, dövlət başçısı çıxışında tamamilə yeni siyasi kursun anonsunu verib.Belə ki, prezident bəzi məmurların Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə çıxmasına, bu prosesə mane olmasına və Ulu öndər Heydər Əliyevin bu istiqamətdə apardığı işlərə maneə törətməsinə açıq işarələr edib. Bəziləri qeyd edir ki, prezident ayrıca şəxslərin adlarını çəkmədiyi üçün hansısa yenilikdən danışmaq olmaz. Biz bu fikirlərlə razı deyilik. Dövlət başçısının bu məsələdə kimlərinsə adını çəkməməsini önəmli məsələ hesab etmirik. Əksinə, dövlət başçısının bu fikirləri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda səsləndirməsini nəzərə alaraq, məhz ümumi formada ifadə edilməsini ən doğru yol hesab edirik.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümü, xüsusilə bu hadisənin 25-ci ildönümünün qeyd edildiyi tədbirin ruhuna uyğun fikirləri səsləndirə bilərdi ki, dövlət başçısı da məhz bunu edib. Prezident dövlət müstəqilliyinin bərpası ərəfəsində siyasi prosesləri qiymətləndirib, ümumi şəkildə kimin nə mövqe tutduğuna qiymət verib.

Prezidentin bundan əvvəl müstəqilliyin bərpasının gecikdirilməsinə görə tənqidi fikir səsləndirməməsi, məhzindiki məqamda bunu etməsi isə onu göstərir ki, dövlət başçısı yeni siyasi kurs başladacaq. Bu kurs əsasən ciddi kadr dəyişikliləri ilə müşaiyyət olunacaq. Bu zaman isə dövlət müstəqilliyinin ruhuna uyğun olmayan kadrlar yeni şəxslərlə əvəzlənəcək. Hətta dövlət aparatının bir qədər yeniləşməsi, gəncləşməsi də baş verəcək. Müstəqilliyin bərpası prosesində yer alan bir çox şəxslər dövlət idarəçiliyinə cəlb oluna bilər. Məsələn, deputat Əli Məsimli və Vahid Əhmədov gələn il Nazirlər Kabinetinin rəhbərliyində təmsil oluna və yaxud da nazirliklərdən birinə rəhbər təyin oluna bilərlər.

Sovet dövrünün bacarıqlı təsərrüfat rəhbərləri və bahalı neft dönəmində infrastruktur layihələrinin həyata keçirilmsində bacarıqları ilə fərqlənən şəxslər yeni kadrlarla, əsasən dövlət üçün pul qazanabilən şəxslərlə əvəzlənə bilər. Yerli icra hakimiyyəti başçılarından rəhbərlik etdikləri rayonun iqtisadiyyatına sərmayə cəlb etmələrinin, rəhbər şəxslərin üzərinə bir vəzifə kimi qoyulması da dövlət başçısının yeni siyasi kursundan xəbər verir. Artıq məmurlara belə bir mesaj verilib ki, indi pul xərcləyən, yox pul qazana bilən kadrlara ehtiyac var. İndiki rəhbər şəxslərin arasında isə bu vəzifənin öhdəsindən gələcək şəxs çox azdır. Buna görə, dövlətin məmur təbəqəsinin yenilənməsinə ciddi ehtiyac yaranıb. Prezidentin ən yaxın ətrafı bilir ki, səhiyyə və təhsil işçilərin pambıq yığmaq üçün şəxsi rəhbərliyi altında tarlaya aparan Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev kimi şəxslərlə heç bir uğur qazanmaq olmaz. Buna görə, ciddi kadr dəyişikliklərinə ehtiyac var. Bu isə məhz yeni siyasi kursla, dövlət aparatının tamamilə yenilənməsi nəticəsində effektli ola bilər.

Ancaq hər kəs də bu prosesin asan olmayacağının fərqindədir. Uzun illər dövlət büdcəsininsağa-sola istədiyi kimi xərcləməyə adət etmiş məmurların vəzifələrindən könüllü əl çəkəcəyini heç kim gözləməməlidir. Eyi zamanda belə məmurların mümkün müqavimətini nəzərə alıb, onları ifşa etməklə dövlət başçısının islahatlar kursunun yolunu açmaq indi əsas vəzifə olmalıdır. Bu proses isə ilk öncə müstəqilliyin əleyhidarlarından başlamalıdır.

Arzuman LOĞMANOĞLU



Oxşar Xəbərlər

Xəbər lenti