8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
25 il əvvəl müstəqilliyin əleyhinə çıxanlara müstəqilliyi necə etibar etmək olar?
Oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul dilməsinin 25-ci ili tamam oldu. Qeyd edək ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu zərurəti avqustun 30-da Müstəqillik Bəyannaməsinin qəbulu və əksər sovet respublikalarının öz müstəqilliklərini elan etməsindən sonra zəruri addıma çevrilmişdi. Qeyd etmək lazımdır ki, Azərbycan Ali Sovetinin bu addımından çox əvvəl, 1990-cı ilin martın 11 də Litva, mayın 4-də Latviya, mayın 8-də isə Estoniya Sovet İttifaqının tərkibindən çıxdıqlarını və müstəqilliklərini elan etmişdilər. Ağlı başında olan üçün bu Sovet İttifaqının dağılması demək idi. Ancaq o zaman Azərbaycana rəhbərlik edən Ayaz Mütəlibov belə həqiqətləri görə biləcək lider deyildi. Hətta Ermənistan Ali Sovetinin 23 avqust 1990-cı ildə Dövlət Müstəqlilliyi haqqında Bəyannamə qəbul etməsi, Gürcüstanın 31 mart 1991-ci ildə Dövlət Müstəqlliyinin Bərpası haqqında referendum keçməsi belə Ayaz Mütəlibov iqtidarını Moskvaya olan sədaqətdən imtina edib, müstəqillik yolu tutmasına səbəb olmamışdı. Qeyd edək ki, Gürcüstan 31 mart 1991-ci ildə Dövlət Müstəqilliyinin Bərpası haqqında referendum keçirəndə Ayaz Mütəlibov hökuməti SSRİ-nin tərkibində qalmaq üçün saxta referendum keçirirdi. Çox təəssüf ki, müstəqillik illərində buna siyasi-hüquqi qiymət verilmədi. Bunun nəticəsi olaraq Azərbaycan xalqına qarşı törədilmiş bir çox cinayətlər kimi, bu cinayət də cəzasız qaldı. Yeri gəlmişkən qeyd edək ki, Gürcüstanın dövlət müstəqilliyinin bərpasına çalışmasına ilk dəstək ABŞ-dan gəlmişdi və ABŞ Konqressi martın 31-də də Dövlət Müstəqiliiyinin Bərpası haqqında Referendumunun nəticələrini tanıyan Qətnamə qəbul etmişdi.
Azərbaycanda isə həmin mart günlərində başqa küləklər əsirdi. Mərhum Heydər Əliyevin və o zaman Demblok adlanan müxalifətin bütün cəhdlərinə baxmayaraq Ayaz Mütəlibov müstəqilliyin əleyhinə çıxaraq, Azərbaycanı daha bir müddətə Rusiyanın əsarətində saxlamağa çalışırdı. Ancaq tarix Ayaz Mütəlibovun və Rusiyanın əleyhinə işləyirdi. Litva, Latviya, Estoniya, Ermənistanın ardınca 1991-ci ilin yayından başlayaraq Ukrayna, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan dövlət müstəqilliklərini elan etdilər. Rusiyanın 12 iyunda Dövlət Müstəqilliyi Haqqında Bəyannamə qəbul etməsi də Ayaz Mütəlibov hökumətini müstəqillik haqqında düşünməyə vadar edə bilmədi. Görünür, Ayaz Mütəlibov hökuməti hələ də nəyinsə ümidi ilə yaşayırdı. 1991-ci ilin avqustun 18-də SSRİ-nin hərbi-siyasi rəhbəriyi tarixə QKÇP-i adı ilə düşən SSRİ-də Fövqəladə Vəziyyətüzrə Dövlət Komitəsi yaradaraq hakimiyyəti öz əllərinə aldıqlarını bəyan etdilər. Ayaz Mütəlibov hökuməti dərhal QKÇP-ni dəstəklədi və bu Azərbaycan xalqının dünyadakı mövqelərinin zəifləməsində mühüm rol oynadı. Dağılmaqda olan SSRİ-ni qorumaq üçün edilən bu axmaq və qeyri-qanuni cəhd imperiyanın süqutunu daha sürətləndirdi. Moskva da QKÇP-i əleyhinə etirazlara başladı və avqustun 21-də artıq hər şey başa çatmışdı. QKÇP-nin məğlubiyyətindən dərhal sonra SSRİ-nin tərkibinə daxil olan respublikalar müstəqəlliklərini elan etməyə başladılar. Ancaq Ayaz Mütəlibov hökuməti Qazaxıstan, Belarus və Tacikistan istisna olmaqla 11 sovet respublikasının müstəqillik qoluna qədəm qoymasından sonra, 18 oktyabrda belə bir addım atdı. Bütün bu hərəkətlərə real müstəqillik illərində qiymət verilmədiyi üçün müstəqilliyin əleyhinə çıxanlar bu gün yüksək vəzifə tuta bilirlər.
Məsələn, SSRİ-nin qorunub saxlanılması üçün referendumun keçirilməsinə səs verən deputatlardan biri Əli Həsənov olub. Bu şəxs indi Qaçqın və Məcburi Köçkünlərin içi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavinidir. Onun qardaşı Ramiz Həsənov isə Zəngilan rayon icra hakimiyyətinin başçısıdır. Göründüyü kimi, müstəqillik Həsənov qardaşlarına düşərli olub. Baxmayaraq ki, Əli Həsənov SSRİ-nin saxlanılmasının tərəfdarı olub.
SSRİ-nin saxlanılmasının tərəfdarı və bu gün müstəqillikdən bəhrələnən o zamankı deputatlardan biri də Əhməd Əhmədzadədir. Əhməd Əhmədzadə müstəqilliyin əleyhinə səs verməsinə baxmayaraq 24 ildir ki, müstəqil Azərbaycanın meliorasiya və su təsərrüfatına rəhbərlik edir. Onun qardaşı Mübariz Əhmədzadə isə Zaqatala rayonunun icra başçısıdır. Oğlu isə Cuma Əhmədzadə isə müstəqil dövlətin iş adamlarından biridir. Çox maraqlıdır, müstəqillik üçün çalışan, bu yolda həbsxanalara düşən, rus əsgərləri tərəfindən döyülən şəxslər indi iş tapa biilmədiyi halda vaxtilə müstəqillik əleyhinə çıxış edən şəxslər ölkədə böyük söz sahibidirlər. Görünür bu da tarixin bir ironiyasıdr. Görünür, 18 oktyabr 1991-ci ilə kimi baş verən proseslərə siyasi-hüquqi qiymət verilənə kimi belə davam edəcək. Ramiz Həsənovun və Mübariz Əhmədzadənin rəhbərlik etdiyi rayonlarda baş verən proseslər, eləcə də büdcə vəsaitlərindən necə istifadə olunması ilə bağlı geniş araşdırmalarımız olacaq.
Müstəqillik əleyhinə olub, bu gün yüksək vəzifə tutanlarla bağlı mövzunun aktuallığını nəzərə alıb, qarşıdakı saylarımızda da diqqətdə saxlamağa çalışacağıq. Eyni zamanda müstəqillik əleyhinə çıxış edib, bu gün yüksək vəzifələr tutan başqa şəxslərlə bağlı da həqiqətləri üzə çıxarmağa çalışacağıq. Yazıda adları çəkilən şəxslərin mövqeyini də dinləməyə hazırıq.
P.S. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin çoxsaylı şirkətlərinin maliyyə qaynağı ilə bağlı suallara isə baş Prokurorluqda aparılan bir araşdırma aydınlıq gətirə bilər. Məlumata görə, bir vətəndaşın şikayəti üzrə Baş Prokurorluqda Cuma Əhmədzadənin şirkətləri ilə bağlı araşdırılma aparılır. Araşdırmanın nəticələri ilə bağlı məlumat əldə etməyə çalışacağıq
Azad Aydın,
"Yeni Sözçü"qəzeti