8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Məmurlar dövlət başçısının siyasətini həyata keçirə biləcəkmi?
Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı imzaladı və aylardır gözlənilən intizara son qoydu. Son iki ildə cəmiyyət iqtidardan ölkəni böhrandan çıxaracaq proqramın qəbulunu gözləyirdi. Fərman qeyri-resurs sektorunun davamlı və rəqabət qabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətləri elan olunub. 400 nəfərə qədər xarici və yerli ekspertin birbaşa iştirakı ilə hazırlanan sənədin yazılması üçün 4 min nəfərlə 150-yə qədər görüş keçirilib. Yerli və xarici akademik dairələr, təhsil müəssisələri, özəl sektor və vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən 1 000-dən çox yazılı təklifi alınıb. Strateji yol xəritəsinin hazırlanmasında Nobel mükafatçılarından başlamış, Azərbaycanın sadə vətəndaşlarına qədər ən müxtəlif insanlarla müzakirələr aparılıb. Hətta on-line qaydada təkliflər verilməsi üçün də imkanlar yaradılıb. Aparılan inklüziv müzakirələr Strateji yol xəritəsinin həqiqətən də mükəmməl bir sənəd olmasını təmin edib.
Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzun müddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələr elan olunub. Strateji yol xəritəsində strateji baxışa uyğun olaraq prioritetlər, tədbirlər və indikatorlar müəyyənləşdirilib. Fərmanla müəyyən edilib ki, strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir. Eyni zamanda Fərmanla təsdiq edilən strateji yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərinə görə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məsul olacaq.
Bütün bu müsbət, ümidverici məqamlarla yanaşı narahat edici məqamlaar da var. İlk növbədə əsas narahatlıqlar məmurlarla bağlıdır. Məmur təbəqəsinin önəmli bir hissəsinin korrupsiyaya uğradığı heç kimə sirr deyil. Korrupsiyalaşmış, şəxsi marağını hər şeydən üstün tutan məmurlarla "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanda nəzərdə tutulan vəzifələri icra etmək çox çətin, hətta qeyri-mümkün iş kimi görünür. Məlum olduğu kimi, mükəmməl proqram yalnız başlanğıcdır, ilk addımdır. Bundan sonra çoxsaylı addımlar atılmalıdır. Həm də bu zaman məmurların hansı münasibəti göstərməsi önəml rol oynayacaq. Digər tərəfdən iqtisadi proseslərdə iştirak edən ən böyük təbəqə, cəmiyyət məmurlara inanmasa, güvənməsə bu proses müsbət nəticə verə bilməz. Məmurların davranışında isə heç bir yenilik, islahata meyillik hiss olunmur. Buna görə də, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanda nəzərdə tutulan tədbirlərin effektli həyata keçirilməsi üçün yeni kadrlara ehtiyac var. Hətta məmur təbəqəsinin önəmli bir hissəsinin yenilənməsinin vacibliyini iddia edənlər də var. Ancaq istənilən halda məmur təbəqəsəində ciddi yeniləşmə olmalıdır. İnsanlar korrupsioner məmurları iş başında gördükcə yeniləşməyə, islahatlara inanmayacaqlar. İnsanların inamı olmadan isə heç bir uğura nail olmaq mümkün olmayacaq. Strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarətin Prezident Administrasiyasına həvalə olunması məüyyən ümidlər yaratsa da, Nazirlər Kabinetinin tam yeniləşməsi günümüzün qaçılmaz tələbinə çevrilib. Eyni zamanda yerli icra hakimiyyəti orqanlarında da ciddi kadr dəyişikliyi həyata keçirilməlidir. Heç kimə sirr deyil ki, cəmiyyətin ən böyük narazılığı yerli hakimiyyət orqanlarıdır. Yerli hakimiyyət orqanlarının elə rəhbərləri var ki, 15-20 ildir ki eyni vəzifəni tutur. Hətta onların bir çoxu yenilikləri sadəcə olaraq qəbul edə bilmirlər. Belə məmurlarla hansı müsbət nəticə əldə etmək isə qeyri-mümkün olacaq və çox böyük zəhmət hesabına hazırlanan "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanda nəzərdə tutulan vəzifələri həyata keçirmək sadəcə olaraq mümkün olmayacaq.
"Yeni Sözçü” qəzeti