Baş nazir postu uğrunda mübarizə başlayıb


İqtidardakı qruplaşmalar Nazirlər Kabinetini ələ keçirməyə çalışırlar

Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibətilə xalqa ünvanladığı təbrik çıxışında olduğu kimi, yanvarın 10-da hökumətin 2015-ci ilin yekunlarına və cari ilin qarşıda duran vəzifələrinə həsr olunmuş ənənəvi iclasında Prezident İlham Əliyev yaxın günlərdə struktur islahatlarının həyata keçiriləcəyi və yeni idarəetmə mexanizmlərinin yaradılacağı ilə bağlı bəyanatlar verdi. Dövlət başçısının bu bəyanatları cəmiyyətdə nikbinlik və ümidlə qarşılansa da, iqtidardakı qruplaşmaların deyəsən, öz məqsədləri var. Bunu baş nazir Artur Rasi-zadənin şəxsi tənqidinə yönəlmiş yazıların dərhal artması və bu günə kimi hökumətin ünvanına tənqid deməyə cəsarət etməyənlərin birdən-birə Nazirlər Kabinetinin başçısını sərt tənqid etməyə başlamaları da təsdiq edir. Əsasən iqtidar daxil qrupların nəzarətində olan media orqanlarında baş nazir iqtisadi böhrana görə əsas günahkar olaraq sərt tənqid edilir. Bəzi saytlarda isə hətta Artur Rasizadənin yaşı və səhəti də müzakirə mövzusuna çevrilərək, 81 yaşlı şəxsin baş nazir ola bilməycəyi vurğulanır. Struktur islahatları və kadr dəyişikliklərinin zəruriliyini hələ ötən ildən gündəmdə saxlayan "Yeni Sözçü” qəzeti olaraq prezident İlham Əliyevin bəyan etdiyi struktur islahatların və kadr dəyişiklilərini dəstəkləyirik. Hətta bu islahatların bir qədər gecikdiyini, bu prosesin 2015-ci ildən başlamalı olduğu qənaətindəyik. Ancaq prezident İlham Əliyevin dövlətin və xalqın maraqları naminə həyata keçirməyə islahatlardan da oliqarxların öz məqsədləri üçün istifadə etmələri halında gözlənilən dəyişikliklərin nəticəsiz qalacağını deməyə əsas verir.

Nazirlər Kabinetinin əksər üzvülərindən fərqli olaraq baş nazir Artur Rasizadənin adı bu günə kimi heç bir maliyyə fırıldağında, korrupsiya şəbəkəsi yaratmaqda və inhisarçılıqda hallanmayıb. Baş nazir özünün və ailə üzvülərinin hansı xarici ölkədə mülklərinin,şəxsi təyyarəsinin, bahalı avtmobillərinin olması ilə bağlı bu günə kimi heç bir iddiaya rast gəlinməyib. Baş nazirin yaxın qohumlarının cəmiyyəti narazı salan hərəkətlərinin olması ilə bağlı bu günə kimi mediada bir iddia yer almayıb. Baş nazirdən fərqli olaraq bir çox nazirlər və komitə sədrləri var ki, onların adı cəmiyyətdə korrupsiyanın, rüşvətxorluğun və inhisarçılığın sinonimi kimi qəbul olunur. Çox təəssüf ki, bu gün heç kim ölkənin maliyyə sektorunu dərin bataqlığına salmış maliyyə naziri Samir Şərifovun istefasının zəruriliyini qabartmır. Halbuki, Azərbaycan Beynəlxalq Bankında yaranmış dərin böhrana görə əsas cavabdeh şəxslərdən biri və bəlkə də birincisi də maliyyə naziri Samir Şərifovdur. Ancaq bu gün maliyyə naziri Samir Şərifovun istefası əvəzinə Azərbaycan Beynəlxalq Bankındakı kredit fırıldaqlarının üstünü açmış baş nazir Artur Rasi-zadənin vəzifədən kənarlaşdırılması bu günün əsas vəzifəsi kimi qabardılır. Heç kim inkar edə bilməz ki Artur Rasizadə bu iqtidarın dövründə baş nazir vəzifəsini tutmuş bütün şəxslərdən peşəkarlığına görə ən yaxşısı hesab oluna bilər. Ancaq  Azərbaycanın bəlkə də Samir Şərifovdan zəif maliyyə naziri olmayıb. Bunu Maliyyə Nazirliyində çalışan bəzi peşəkarlar da qeyri-rəsmi söhbətlərində qeyd edirlər. Burada qeyri-adi heç nə yoxdur. Çünki, Samir Şərifov Maliyyə naziri olsa da, maliyyəçi deyil.Məsələ ondan ibarətdir ki, Samir Şərifov aldığı təhsilə görə maliyyəçi yox, iqtisadçıdır. Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib. Ali məktəbi bitirdikdən sonra 1983–1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində iqtisadçı olaraq çalışıb. Heç şübhəsiz k, Samir Şərifov bu gün İqtisadiyyat və Sənaye Nazirliyinə rəhbərlik etsəydi, daha çox faydalı ola bilərdi. Buna görə də, baş nazir Artur Rasizadəyə linç məhkəməsi qurmağa hazır olanlar, dövlətin və ölkənin mənafeyini düşünürlərsə, ilk öncə Maliyyə Nazirliyinə peşəkar bir maliyyəçinin gətirilməsi məsələsini qabartmalıdırlar. Əgər bu gün ölkəni iqtisadi böhrandan xilas etməyə yardım edəcək peşəkar maliyyəçi yoxdursa, onu xaricdən də dəvət etmək olar. Məsələn, Ukraynanın maliyyə naziri ABŞ vətəndaşı Nataliya Yareskodur. Yeri gəlmişkən ABŞ vətəndaşının Ukraynanın maliyyə naziri olması Kiyevin beynəlxalq maliyyə qurumları ilə daha yaxşı əlaqə qurmasına imkan verir. Azərbaycanda bəzi media orqanlarının təqdim etməsindən fərqli olaraq biz bu məsələdə qəbahətli heç nə görmürük. Baltikyanı respublikalar müstəqilliklərini əldə edəndən sonra hökumətdə bəzi postları, əsasən iqtisadi islahatlar və maliyyə nazirliklərini Avropa və ABŞ-dan olan mütəxəssislərə həvalə etməklə, islahatları uğurla həyata keçirdilər. Azərbaycan peşəkar bir maliyyəçini Türkiyədən dəvət edə bilər. Eyni sözləri İqtisadiyyat və Sənaye Nazirliyinə də aid etmək olar. Iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev sələfləri ilə müqayisədə çox zəif görünür. Halbuki, onun sələfləri də gözəl iqtisadçılar deyildi. Ancaq həm Heydər Babayev, həm də Fərhad Əliyev daha peşəkar təsir bağışlayırdılar. Buna görə də bu gün Artur Rasizadənin istefasını cəmiyyət qarşısında əsas məsələ kimi qoyan dairələr və onların media dəstəkçiləri diqqətləri maliyyə naziri Samir Şərifovun, eləcə də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin istefasına, onların yerlərinə peşəkarların gətirilməsinə yönəltsələr, daha çox fayda verə bilərlər. Ancaq görünən budur ki, iqtidardaxili qrupları düşündürən ölkənin böhrandan çıxaracaq peşəkarların iş başına gəlməsi deyil. Onlar prezident səlahiyyətlərini icra edə bilmədikdə dövlət başçısının səlahiyyətlərini həyata keçirəcək baş nazir postunu ələ keçirməyə çalışırlar. Bunun arxasında hansı məqsədlər durur, bunu təxmin etmək o qədər də çətin deyil.

 

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti