Deputatlar onlara təhlükə yaradan qalmaqallı qanun layihəsinə qarşı

 

Bu gün müzakirəyə çıxarılacaq "Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin əleyhinə olanların sayı artıb; onlar layihənin gündəlikdən çıxarılmasına nail ola biləcəklərmi?

Hurriyyet.org bildirir ki, bu gün - iyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək. İclasın gündəliyinə 16 məsələ daxildir. İclasda "Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında” (2-ci oxunuşda), Sessiyada "İşsizlikdən sığorta haqqında” qanun layihəsi (2-ci oxunuşda), "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, "İcra haqqında”, "Məişət zorakılığının qarşısının alınması haqqında”, "Reklam haqqında”, "Dövlət rüsumu haqqında”, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və.s qanunlara edilən əlavə dəyişikliklərə də baxılacaq.

Bugünkü iclasda ən maraq doğuran məsələ "Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi olacaq. 13 maddədən ibarət qanun layihəsində göstərilir ki, deputat öz fəaliyyətində insanların hüquqlarını, azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan kobud, təhqiramiz sözlərə yol verməməlidir. Deputat öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur və vəzifələrinin icrası ilə bir araya sığmayan sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) məşğul olmamalıdır.

Qeyd olunub ki, etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir. İntizam komissiyası deputatın etik davranış qaydalarına riayət etməsi uyğunluğuna nəzarət edir, bu qaydalar üzrə rəy və tövsiyələr verir, qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görür.

Komissiya eyni zamanda deputatın etik davranış qaydalarına riayət etməsi məsələlərinə dair mütəmadi ümumiləşdirmələr aparır, bu məsələlərlə bağlı məruzələri və tövsiyələri Milli Məclisin sədrinə təqdim edir, qaydaların tələblərinin pozulması halları ilə bağlı müraciətlərə baxır. Həmçinin qaydaları pozmuş deputatlar barəsində intizam tədbirlərinin görülməsi haqqında qərar qəbul edir.

Image result for Deputatlar

Layihədə qeyd olunub ki, bu qayda qonaqpərvərliklə bağlı və dəyəri "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda nəzərdə tutulmuş məbləğdən (55 manat) yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

Maraqlıdır ki, qanunun icrasına nəzarət edəcək İntizam komissiyasının sədri Ağacan Əbiyev bugünlərdə açıqlama verərək layihəni "çox mənasız” adlandırıb. "Milli Məclis deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi çox mənasız qanundur. Bizim bundan vacib işlərimiz var. Camaat bizdən yaxşı xəbərlər gözləyir, bu isə qeyri-ciddi qanun layihəsidir". Komissiya sədri qanun layihəsində qeyd edilən "deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisin İntizam komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır” sözlərini belə cavablandırıb: "Bəlkə biz deputat hədiyyə alanda ondan çek də tələb edək? Bizim bütün problemlərimiz həll oldu, qaldı hədiyyə... Elə deputat var ki, ildə 1 dəfə, eləsi də var ki, 2-3 dəfə hədiyyə alır. Biz ondan soruşmalıyıq ki, hədiyyənin qiyməti nə qədərdi? Bu, çox qeyri-ciddi məsələdir”.

Image result for Deputatlar

"Yeni Müsavat” bir neçə gün əvvəl biznesmen deputatların da müəyyən vasitələrlə qanun layihəsinin müzakirələrdən çıxarılmasına və ya daha "dişsiz” bir hala gətirilməsinə çalışdığını xəbər vermişdi.

Qeyd edək ki, qalmaqallı layihəni Milli Məclisin İnsan hüquqları ilə Hüquq siyasəti və Dövlət quruculuğu komitəsi hazırlayıb. Hələ müzakirələr zamanı vitse-spiker Bahar Muradova bildirib ki, qanun layihəsinin hazırlanması Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərin tələbidir: "Konstitusiyada göstərilib ki, deputatın etik davranış qaydaları qanunla müəyyən edilməlidir. Bu qanun layihəsinin əsas məqsədi deputatların fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılması, o cümlədən Milli Məclis üzvünün nüfuzuna xələl gətirə biləcək hərəkətlərdən çəkindirməkdir. Azərbaycanda parlament ənənələri və beynəlxalq təcrübə nəzərə alınaraq bu qanun layihəsi hazırlanıb”.

Image result for Bahar Muradova

Layihənin əleyhinə olan Fazil Mustafa isə qeyd edib ki, layihədə deputatlara verilən hədiyyələrlə bağlı müddəa düzgün deyil: "Milli Məclisin İntizam komissiyasının rəyi qərəzli ola bilər. Məsələn, bir sahibkar hansısa çıxışıma görə mənə qonaqlıq vermək istəyir. O zaman ona deməliyəm ki, bir həftə gözlə, qoy mən İntizam komissiyasına müraciət edib rəy alım, ondan sonra qonaqlığını ver? Çıxışım sahibkarın xoşuna gəlib qonaqlıq vermək istəyirsə, bunun nəyi qəbahətdir?”

Deputat Qüdrət Həsənquliyev isə bildirib ki, deputat hər kiçik insidentə görə mandatından məhrum edilməli deyil.

Bəs bugünkü müzakirələrdə nə olacaq? Ağacan Əbiyev və digər deputatlar layihənin gündəlikdən çıxarılmasına nail ola biləcəklərmi? /musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti