Yasamalın başçısı postuna üç iddialı var: Köhnə komandanı həbs təhlükəsi gözləyir

Yasamalın başçısı postuna üç iddialı var: Köhnə komandanı həbs təhlükəsi gözləyir

 

Paytaxtın elitar  rayonlarından hesab olunan Yasamal rayonuna 26 sentyabr 2006-cı ildən rəhbərlik edən İbrahim Mehdiyev ötən ayın ilk günü 11 il ərzində tutduğu vəzifədən azad edildi. Rəsmi açıqlamalarda İbrahim Mehdiyevin hansı günahına görə vəzifəsindən azad edildiyi haqqında hər hansısa məlumat verilməsə də, elə həmin gün AZƏRTAC agentliyi Yasamal rayon icra hakimiyyətinin başçısının Hacı Cavad məscidinin sökülməsini "özbaşına həyata keçirən" vəzifəli şəxsin "cəzalandırıldığı" barədə məqalə dərc etdi. Məqalədə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, İbrahim Mehdiyevin dövlət başçısının tapşırığının əksinə olaraq", yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə "özbaşına qərar" verdiyini bildirirdi:

 

"Prezident İlham Əliyev məsələ barədə (məscidin sökülməsi –mül.) məlumat aldıqdan dərhal sonra həmin vəzifəli şəxslərin ciddi şəkildə cəzalandırılması barədə göstəriş vermişdir”,

Bir məmurun hansı səbəbdən cəzalandırılması haqqında bəlkə də ilk dəfə idi ki, belə geniş məlumat yayılıdrdı. İstisna deyil ki, hakimiyyət bununla Hacı Cavad məscidinin sökülməsindən narazı qalan dindarların əsəblərini sakitləşdirmək məqsədi güdmüşdü.

Məlum olduğu kimi, hələ aprel ayında Hacı Cavad məscidinin sökülməsi ilə bağlı paytaxtda gərginlik yaşanmış, məsələ yalnız dövlət başçısının müdaxiləsindən sonra səngimişdi. Bütün bunlar İbrahim Mehdiyevin məhz Hacı Cavad məscidinin sökülməsinə özbaşına göstəriş verdiyinə görə vəzifəsindən faktiki olaraq qovulduğuna işarə edirdi.

Təsadüfi deyil ki, İbrahim Mehdiyev vəzifəsindən azad ediləndən sonra iqtidaryönlü mediada sabiq icra başçısının fəaliyyəti barədə sərt tənqidi yazılar çap olunmağa başladı. Hətta yazılarda sabiq icra başçısı cinayət əməllərində ittiham olundu. İbrahim Mehdiyevin başı üzərində "qara buludların” onun işdən qovulmasından sonra da çəkilməməsi hakimiyyət daxili mübarizənin qurbanı olması haqqında düşüncələrə yol açır.

Etibarlı mənbə bildirir ki, İbrahim Mehdiyevin istefası məsələsində eyni mövqedən çıxış edən iqtidardaxili qruplar indi Yasamal rayonun rəhbərliyinə öz adamını gətirmək üçün bir-biri ilə mübarizə aparırlar. Məlumata görə, hal-hazırda Yasamal rayon icra hakimiyyətinin başçısı postuna üç əsas iddialı şəxs var. Bunlardan biri Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, digərləri isə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovdur. Məlumatlı şəxs qeyd edir ki, hər üç şəxsi birləşdirən yeganə amil onların hər üçünün icra hakimiyyəti başçısı postuna İlham Əliyev dövlət başçısı olduqdan sonra təyin olunmalarııdır. Yəni hər üç şəxs prezident İlham Əliyevin kadrları hesab olunurlar.

Bununla belə, onların hər biri ayrı-ayrı iqtidardaxili qrupları təmsil edirlər. Məlumatlı şəxs Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevi digər namizədlərdən daha şanslı hesab edir. Çünki, Əhəd Abıyevin daxil olduğu iddia edilən iqtidardaxili qrup indi daha güclü mövqelərə malikdir.

Digər namizədlərə gəlincə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı hesab olunur və məhz bu amil onun şanslarını bir qədər azaldır. Məlum olduğu kimi, fövqəal nazirin karyerasının qürüb çağına qədəm qoyub və onun özünün vəzifəsindən kənarlaşdırılmasına hazırlıq getməsi haqqında şaiyələr yayılır.

Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov isə Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyevin kadrı hesab olunur. Məlumata görə, Rafil Hüseynov  məhz Zeynal Nağdəliyevin təqdimatı əsasında gətirilib, icra başçısı postuna da onun təqdimatı əsasında təyin olunub.

Məlumatlı mənbə onu da bildirir ki, 2005-ci ildən Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri və hal-hazırda eyni zamanda dövlət başçısının köməkçisi olan Zeynal Nağdəlievin paytaxtın rayonlarına rəhbərlik edən şəxslər arasında kadrı yoxdur.

Ən şanslı namizəd hesab olunan Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin iki il əvvəl paytaxtın Nəsimi rayonuna gətirilməsi gündəmdə olub, ancaq son anda bu vəzifəyə Asif Əsgərov təyin olunub. Məlumatlı şəxs bildirir ki, həmin dövrdən Əhəd Abiyevin paytaxtın rayonlarından birinin rəhbərliyinə gətirilməsi gündəmdən çıxmayıb. Onun şansını azaldan yeganə amil səhhətilə bağlı yaranmış problem ola bilər.

Qeyd edək ki, bu yaxınlarda mətbu orqanlarda Əhəd Abiyevin ürəyində ciddi problemlər yarandığı, hətta yerli klinikalardan birində əməliyyat keçirdiyi barədə məlumatlar dərc olunmuşdu. Məlumata görə, əməliyyat uğursuz keçirilmiş və icra başçısı təcili Almaniyaya aparılmışdır. İnformasya mənbəmiz bu məlumatın dezinformasiya olduğunu və icra başçısının rəqibləri tərəfindən mətbuata ötürüldüyünə inanır.

Bir sözlə, Yasamal rayonuna kimin rəhbərlik edəcəyi ilə bağlı hakimiyyətdaxili qruplar arasında mübarizə son mərhələsinə qədəm qoyub və ən yaxın günlərdə İbrahim Mehdiyevin sələfinin kimliyi məlum olacaq.

Hələlik isə Yasamal rayonun bir sıra idarə və təşkilat rəhbərləri çətin günlərini yaşayırlar. Onların bir çoxunun fəaliyyəti araşdırılacaq. Məlumata görə, fəaliyyəti araşdırılcaq məmurların sıarsına Yasaml rayon Mənzil Kommunal Təsərrüfati Birliyinin rəisi Akif Haciyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinin rəisi Vüqar Abdullayev, Yasamal rayon İcra Hakimiyyətinin Layihə-Smeta Bürosunun direktoru Mübariz Ağayev və Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov daxildirlər. Bu şəxslərin rəhbərlik etdikləri sahələrlə bağlı redaksiyamıza daxil olan məlumatla bağlı jurnalist araşdırmamızı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

 

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti