Vladimir Putinin Azərbaycana böyük səfəri

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana iki günlük dövlət səfəri xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində Rusiya dövlət başçısının Prezident İlham Əliyevlə görüşü, mətbuata birgə bəyanatlar, qəbul edilən sənədlər iki ölkə arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
2022-ci ilin fevralında imzalanmış qarşılıqlı mütəffiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Bu da iki dövlət arasında siyasi-iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir. Səfər zamanı bir sıra fərqli məqamlar diqqəti cəlb etdi. Humanitar əməkdaşlıq sahəsi xüsusi strateji məsələ kimi önə sürüldü. Azərbaycanda rus dilində tədris aparan məktəblərin olması, rus dilinin ikinci dil kimi geniş vüsət alması iki dövlət arasında sıx və qarşılıqlı fəaliyyətin yüksək nəticəsi kimi qiymətləndirildi.
Digər bir məsələ isə dövlətlərarası nəqliyyat dəhlizlərinin xüsusi əhəmiyyətə malik olması və Şimal-Cənub layihəsinin həyata keçirilməsi idi. Məlumdur ki, Azərbaycan ərazisində bu layihənin həm dəmir yolu, həm də avtomobil yol seqmentləri tam şəkildə reallaşdırılıb. Müasir standartlara cavab verən layihənin uğurla həyata keçiriliməsi hər iki dövlətin birgə fəaliyyətinin nəticəsidir.
Energetika və neft-qaz sahəsində sənədlərin imzalanması və regional təhlükəsizlik kimi məsələlər və bu sahədə görülən işlər xüsusi vurğulandı.
Səfər çərçivəsində ekoloji fəlakətlərin qarşısının alınması üçün birgə tədbirlər planı da imzalandı. Bu planda ekoloji fəlakətləri dəf etmək üçün Rusiyanın dəstəyinin əhəmiyyəti qeyd olundu. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın COP29 iqlim konfransında ev sahibliyi etməsini xüsusi dəstəkləyib. Prezident qeyd edib ki, bu, yüksək və məsuliyyətli bir addımdır. Bu addım Rusiya tərəfindən dəstəklənir. Hazırda ikitərəfli formatda bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparılır.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında səhiyyə, tibbi təhsil və tibbi elmi sahələrdə əməkdaşlıq haqqında imzalanmış sazişlər hər iki dövlətin gələcəkdə iqtisadi-siyasi münasibətlərinin möhkəmlənməsi deməkdir.
Qeyd etmək lazımdır ki, ikigünlük səfər diplomatik baxımdan ən yüksək dövlət statusuna malikdir. Səfər çərçivəsində Rusiya-Azərbaycan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də aktual beynəlxalq və regional məsələlər müzakirə olundu.
Səfərin yekununda dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi  və hökümətlərarası sənədlərin imzalanması Azərbaycan-Rusiya münasibətlərinin inkişafında müstəsna və əvəzsiz rol oynayır.
Kərəm Mehdiyev
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti