Polad Bülbüloğlu atasının Şuşadakı ev-muzeyində - Fotolar


Xalq artisti, millət vəkili Polad Bülbüloğlu görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Bülbülün ev-muzeyini ziyarət edib. Sozcu.info xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.

"Hörmətli Polad Bülbüloğlu ilə Bülbülün ev muzeyində", - deyə Anar Ələkbərov paylaşımında qeyd edib.

Qeyd edək ki, Şuşa şəhərində yerləşən Bülbülün ev-muzeyi böyük sənətkarın doğulub boya-başa çatdığı məkandır. İki otaq və eyvandan ibarət olan ev uzun illər onun Bakıdakı memorial muzeyinin filialı kimi fəaliyyət göstərib. Bülbül burada uşaqlıq illərini keçirib, ilk musiqi təəssüratlarını məhz bu evdə qazanıb, dövrünün tanınmış xanəndə və musiqiçilərini dinləyərək sənət yoluna qədəm qoyub.

Tarixi mənbələrə görə, evin divarında aşkar edilmiş yazı binanın 1788-ci ildə inşa olunduğunu göstərir.

Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalıb və fəaliyyətini dayandırıb. Şuşanın işğalı dövründə muzey ciddi dağıntılara məruz qalsa da, şəhərin azad edilməsindən sonra burada geniş bərpa işləri həyata keçirilib.

2021-ci ilin avqustunda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bülbülün Şuşadakı ev-muzeyinin yenidən açılışı olub. Muzey qısa müddətdə ziyarətçilərin böyük marağına səbəb olub və fəaliyyətinin ilk ilində 40 minə yaxın qonaq qəbul edib.

Mədəniyyət Nazirliyinin 2 sentyabr 2021-ci il tarixli əmri ilə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli muzeyin direktoru vəzifəsinə təyin edilib.

Polad Bülbüloğlunun bu ziyarəti Azərbaycanın mədəni irsinin qorunması və Şuşanın tarixi-mədəni simasının bərpası istiqamətində görülən işlərin növbəti rəmzi hadisələrindən biri kimi qiymətləndirilir.

Polad 2.jpg (333 KB)

Polad 1.jpg (223 KB)

Polad 3.jpg (355 KB)



Oxşar Xəbərlər

Xəbər lenti