Milli Qurtuluşdan tarixi zəfərə


1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb siyasi, hərbi və sosial-iqtisadi çağırışlarla üz-üzə qalmışdı. Hakimiyyət uğrunda mübarizə, ölkədə hökm sürən xaos və vətəndaş qarşıdurması təhlükəsi dövlətçiliyin gələcəyini ciddi şəkildə sual altına qoyurdu. Xüsusilə 1993-cü ilin iyun hadisələri Azərbaycanın taleyində həlledici mərhələ kimi tarixə düşdü. Məhz belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət institutlarının möhkəmləndirilməsinə və müstəqil Azərbaycanın inkişaf strategiyasının formalaşdırılmasına zəmin yaratdı.

Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti, həmin dövrün siyasi reallıqları və bu günə qədər uzanan inkişaf yolunun əsas istiqamətləri barədə Gundelik.az-ın suallarını siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu cavablandırıb.

Elşad müəllim, 1993-cü ilin iyun hadisələri Azərbaycan dövlətçiliyi üçün hansı təhlükələri yaradırdı?

– Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqillik qazansa da, ölkə dərin siyasi böhran mərhələsinə daxil olmuşdu. Müxtəlif silahlı qruplar arasında hakimiyyət uğrunda mübarizə gedir, dövlət idarəçiliyində ciddi problemlər yaşanırdı. Əhalinin sosial-iqtisadi vəziyyəti getdikcə ağırlaşır, ölkədə anarxiya və qeyri-sabitlik hökm sürürdü. Xüsusilə 1993-cü ilin yayında Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi.

Gəncə hadisələrinin ölkədəki siyasi proseslərə təsiri necə oldu?

– 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun rəhbərliyi ilə qiyamın başlaması vəziyyəti daha da gərginləşdirdi. Hadisələr sürətlə digər bölgələrə və Bakıya yayılmağa başladı. Dövlət rəsmilərinin belə əsir götürüldüyü bir şəraitdə hakimiyyət böhranı daha da dərinləşmişdi. Mövcud iqtidarın yaranmış vəziyyəti idarə etmək imkanlarının məhdud olduğu açıq şəkildə görünürdü.

Belə bir vəziyyətdə Heydər Əliyevin Bakıya dəvət olunması nə ilə şərtlənirdi?

– Ölkədə yaranmış böhrandan çıxış yolu kimi xalqın və siyasi dairələrin böyük əksəriyyəti Heydər Əliyevin hakimiyyətə qayıdışını zəruri hesab edirdi. Naxçıvandan Bakıya gələn Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz həmin tarix Azərbaycan dövlətçiliyinin xilası və yeni inkişaf mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.

Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ilk növbədə hansı addımlar atıldı?

– İlk növbədə ölkədə siyasi sabitliyin təmin olunmasına və vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olundu. Dövlət idarəçiliyində nizam-intizam bərpa edildi, dövlət institutlarının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildi. Bu addımlar Azərbaycanın müstəqil dövlət kimi inkişafı üçün möhkəm zəmin yaratdı.

Milli Qurtuluşdan sonra həyata keçirilən islahatların əsas istiqamətləri nədən ibarət idi?

– Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında genişmiqyaslı islahatlara start verildi. Dövlət təsisatları gücləndirildi, milli iqtisadi sistemin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, müasir ordu quruculuğu həyata keçirildi, nəqliyyat infrastrukturu inkişaf etdirildi Azərbaycanın beynəlxalq əlaqələri genişləndirildi. Bütün bunlar ölkənin gələcək inkişaf modelinin əsasını təşkil etdi.


“Əsrin müqaviləsi”nin Azərbaycan üçün əhəmiyyəti nədən ibarət idi?


– 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişaf tarixində xüsusi yer tutur. Bu sənəd xarici investisiyaların ölkəyə cəlb edilməsinə, enerji sektorunun inkişafına və Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyasına geniş imkanlar açdı. Sonrakı illərdə əldə olunan iqtisadi uğurların təməlində də məhz həmin strateji qərar dayanırdı.


Milli Qurtuluş Gününün müasir Azərbaycan üçün əsas mesajı nədir?


– Milli Qurtuluş Günü dövlətçiliyin qorunmasının, siyasi uzaqgörənliyin və strateji düşüncənin təntənəsidir. Bu tarix Azərbaycan xalqına göstərdi ki, mürəkkəb və böhranlı şəraitdə düzgün qərarlar ölkənin gələcəyini müəyyənləşdirə bilir. Milli Qurtuluş Günü yalnız tarixi hadisə deyil, həm də sabitlik, inkişaf və güclü dövlətçilik ənənələrinin başlanğıc nöqtəsidir.


Bu gün Milli Qurtuluşdan başlanan yolun nəticələrini necə qiymətləndirirsiniz?


– Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin inkişaf strategiyası uğurla davam etdirilir. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirib, güclü iqtisadi potensiala malik dövlətə çevrilib və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə olunub. Bütün bunlar Milli Qurtuluşdan başlayan inkişaf yolunun məntiqi nəticəsi kimi qiymətləndirilə bilər.


Müsahibəni tərtib etdi: Fəridə Sadıqzadə




Oxşar Xəbərlər

Xəbər lenti