13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
2025-ci il iyulun 4-də Prezident cənab İlham Əliyevin ev sahibliyi ilə Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü tarixi və siyasi baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu tədbir təkcə iqtisadi inteqrasiyanın müzakirə olunduğu beynəlxalq toplantı olmaqla yanaşı, həm də Qarabağın və ümumilikdə Azərbaycanın suverenliyinin möhkəmlənməsinin təzahürüdür.
Prezident cənab İlham Əliyev çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri apardığını bildirdi. 30 il ərzində Ermənistan tərəfindən viran qoyulmuş şəhər və kəndlər, dağıdılmış mədəni və dini irs, basdırılmış milyonlarla mina – bütün bu fəsadlar dövlət tərəfindən aradan qaldırılır. Prezident vurğuladı ki, artıq 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır və fəaliyyət göstərir.
Zirvə görüşünün başqa mühüm məqamı Azərbaycanın regional təşəbbüsləri və enerji layihələri ilə bağlı idi. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və tranzit potensialını getdikcə artırır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsi baxımından strateji önəm daşıyır. Qarabağda keçirilən bu cür beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq diplomatiyadakı fəallığının nəticəsidir. Prezidentin çıxışında qeyd etdiyi kimi, 2023-cü ildə Şuşada ECO Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, 2025-ci ilin mayında isə Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin üçtərəfli görüşü keçirilib. İndi isə növbə Xankəndiyə çatıb.
ECO Zirvə görüşü çərçivəsində həm də bir sıra yeni təşəbbüslər irəli sürülüb. İlk dəfə olaraq təşkilat çərçivəsində ECO Həftəsi elan edilib, Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu təşkil olunub. Bu tədbirlər Azərbaycanın təşkilata inteqrasiya prosesini daha da dərinləşdirir.
Nəticə etibarilə, Prezident cənab İlham Əliyevin Xankəndidəki çıxışı və ev sahibliyi etdiyi Zirvə görüşü Azərbaycanın güclənən mövqeyini, iqtisadi və diplomatik fəallığını, həmçinin tarixi ədalətin bərpası istiqamətində atdığı ardıcıl addımları bir daha nümayiş etdirdi. Qarabağ bu gün sülhün, bərpanın və beynəlxalq əməkdaşlığın yeni simvoluna çevrilməkdədir.
Səadət Məmmədova
Suraxanı rayonu, 282 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info