PREZİDENT İLHAM ƏLİYEV: “Biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik”

PREZİDENT İLHAM ƏLİYEV:  “Biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik”

 

Xəbər verdiyimiz kimi, sentyabrın 6-da Zaqrebdə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Dövlət başçısı rəsmi ziyafətdə çıxış edib.

Prezident İlham Əliyev dəvətə və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlq edib. İ. Əliyev deyib ki, səfər Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətlərini gücləndirəcək.

"Bu gün biz enerji, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, sənayenin inkişafı sahələrində genişmiqyaslı əməkdaşlıq məsələlərini müzakirə etdik. Eləcə də regional məsələləri müzakirə etdik. Müzakirə etdiyimiz bütün məsələlərdə bizim ümumi yanaşmamız var. Bu, çox vacibdir. Bu, bizi həqiqi strateji tərəfdaş edir. Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Prezident qeyd edib ki, Azərbaycan qitələrarası dəmir yolu əlaqəsi layihəsinin də təşəbbüskarı olub və bu da artıq Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Bütün bu layihələr konkret nəticələri olan layihələrdir və bu layihələr bizi birləşdirir.

"Avropa İttifaqı ilə münasibətlərimizdə bizə davamlı dəstək göstərdiyinə görə Xorvatiyaya minnətdarıq. Bu gün müzakirə etdiyimiz kimi, biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik və bu da bizim əməkdaşlığımızda çox mühüm mərhələ olacaq. Bu, bütün sahələri – Azərbaycanın siyasi, demokratik və iqtisadi inkişafını, enerji siyasətini, nəqliyyat, multikulturalizmlə bağlı olan sahələri əhatə edən hərtərəfli sənəddir. Bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq”.

"Siz bizim NATO-nun "Qətiyyətli dəstək” missiyasına verdiyimiz töhfəni qeyd etdiniz. Biz lap əvvəldən Əfqanistandayıq, mən əsgərlərimizi nəzərdə tuturam. 2002-ci ildən bəri biz koalisiyaya qoşulmuş azsaylı ölkələrdən biriyik. Biz bu yaxınlarda Əfqanistandakı hərbi kontingentimizi 120 hərbiçiyə qədər artırmışıq. Bu da NATO-ya üzv olmayan ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Əlbəttə ki, biz koalisiya qüvvələrinə logistika, nəqliyyat dəstəyini, ərazimiz üzərindən uçuş imkanını təmin edirik və bizim töhfəmiz NATO və üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir”.

Prezident bildirib ki, Azərbaycan dərin multikulturalizm, dinlərarası, sivilizasiyalarası dialoq ənənələri olan bir ölkədir: "Əlbəttə ki, biz hamımız Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana tarixi rəsmi səfərini xatırlayırıq. Onun Bakıdan çatdırdığı mesajlar həqiqətən də vacib idi. O, müxtəlif dinlərin nümayəndələri arasında daha çox anlaşmaya nail olmaq üçün bizim siyasətimizin vacibliyini vurğulamışdı. Beləliklə, Xorvatiya ilə müzakirə etdiyimiz və əvvəl qeyd etdiyim kimi, bütün məsələlərdə bizim ümumi anlaşmamız və yanaşmamız var. Bu, bizim tərəfdaşlığımızı daha da güclü edir.

 Bu gün Sizin gözəl ölkənizi xoş ovqatla tərk edirəm. Mən həqiqətən özümü burada evdəki kimi hiss edirəm. Fürsətdən istifadə edərək əməkdaşlığımızı davam etdirmək üçün xanım Prezidenti bir daha Azərbaycana səfərə dəvət etmək istəyirəm”.



Oxşar Xəbərlər

Xəbər lenti