8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Virtualaz.org –un mobil telefon biznesi sektorundakı mənbələrdən əldə etdiyi rəqəmlərə görə Azərbaycana təkcə bu ilin 10 ayı ərzində 80 min ədəddən çox yeni "İphone” qeyri-leqal yollarla idxal edilib. İşlənmiş, yəni ikinci əl "iPhone” cihazlarını qeyri-leqal yollarla ölkəyə gətirilməsinin miqyası isə daha böyükdür-bu rəqəm il ərzində 140-160 min (bəzi mənbələrə görə, hətta daha çox) arasında dəyişir. Başqa sözlə, il ərzində ölkəyə təkcə qeyri-leqal yollarla gətirilən "iPhone” cihazlarının ümumi sayı 240 minə yaxındır.
Qaçaqmalçıların büdcəyə vurduğu ziyan: azı 100 milyon dollar!
Bu rəqəmlərin mötəbərliyi şübhə doğurmur, ona görə ki, "Apple” şirkəti əməliyyat sistemi üzərindən istehsal etdiyi mobil cihazların dünya üzrə hərəkətini təqib edə bilir. Azərbaycanda isə Nazirlər Kabinetinin tətbiq etdiyi qaydalara görə ölkəyə gətirilən mobil cihazlar qeydiyyata alınır və İMEİ kodu qeydiyyata alınmayan cihazların ölkə daxilində işləməsi mümkün deyil. Həmin qeydiyyat sistemi sayəsində ölkədə hər il neçə "iPhone” cihazının aktivləşdiyini izləmək mümkündür.
Yeni "iPhone” modellərinin qiyməti Avropada 1000-1500 avro arasında dəyişir. Əgər bu cihazlar ölkəyə leqal yollarla idxal olunsaydı o zaman idxalçı cihazın dəyərinin 18 faizi həcmində ƏDV, 15 faizi həcmində isə gömrük rüsumu ödəməliydi. Başqa sözlə, yeni "iPhone” telefonlarının leqal yollarla idxalından büdcəyə orta hesabla azı 350-380 dollar daxil ola bilərdi. Bu hesabla 2019-cu ilin 10 ayı ərzində büdcənin təkcə yeni "iPhone” modellərinin qeyri-leqal idxalı ucbatından 28-30 milyon dollar itirdiyi ortaya çıxır.
Nisbətən köhnə modellərin və ikinci əl cihazların ölkəyə qeyri-leqal yollarla gətirilməsi və satışı nəticəsində dövlətin itirdikləri də bura əlavə edilərsə ümumi itkilərin həcmi, ən ehtiyatlı hesablamalarla, 80-100 milyon dollar təşkil edir.
Gömrükçülər hərdən "ayfon” qaçaqmalçılarını yaxalayır…
Azərbaycan gömrükçüləri vaxtaşırı olaraq ölkəyə "iPhone” telefonlarının qeyri-leqal yollarla gətirilməsi hallarının qarşısının alınması faktlarını açıqlayırlar. Məsələn, 2018-ci ilin avqustunda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları "Dubay-Bakı” aviareysi ilə gələn Azərbaycan vətəndaşı 4 ədəd "İphone X” markalı mobil telefonun olması barədə sadələşdirilmiş bəyannamə tərtib edib. Lakin onun rentgen aparatıyla yoxlanılarkən 10 ədəd, paketin içərisində isə 2 ədəd "İphone X 256GB” markalı mobil telefonlar aşkar edilib.
Həmin ilin oktyabrında Dağıstan gömrükçüləri Rusiyadan Azərbaycana 62 ədəd "iPhone” cihazının qeyr-leqal yollarla keçirilməsinin qarşısını alıb. Həmin cihazlar Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes”in arxa oturacağının içərisində gizlədilmişdi.
2019-cu il noyabrın 1-də isə yenə də Dubay-Bakı aviareysi ilə ölkəyə gələn Azərbaycan vətəndaşından gömrük nəzarətindən gizlədərək keçrməyə çalışdığı 4 "iPhone” aşkarlanıb.
Bu ilin iyulunda isə gömrükçülər Rusiyadan Azərbaycana gələn mikroavtobusda gizlədilmiş 4 ədəd "İphone 8 Space Gray”, 1 ədəd "İphone 8 Plus Space Gray” və 15 ədəd "İphone 8 Plus Gold” markalı mobil telefonlar aşkarlayıb.
2019-cu ilin martında növbəti "iPhone” qaçaqmalçılığı faktı Azərbaycanla Gürcüstan sərhədindəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsində qeydə alınıb. Gömrüçülər Azərbaycan vətəndaşının ölkəyə qeyri-leqal yollarla 10 ədəd "İphone 8” və 1 ədəd "İphone X” markalı mobil telefonun gətirilməsinin qarşısını alıblar.
Gədəbəyin Şınıx kəndində yaşayan qarı ayda bir "ayfon” dəyişir?
Belə faktlar çoxdur və istər Azərbaycan, istər Dağıstan gömrükçüləri vaxtaşırı olaraq onları açıqlayır. Lakin gömrükçülərin aşkarladığı faktlar aysberqin görünən tərəfinin cüzi hissəsi sayıla bilər-qaçaqmalçılar əksər hallarda öz mallarını maneəsiz keçirə bilirlər. "iPhone” qaçaqmalçıları bu cihazları təkcə yüklərinin içərisində, avtomobillərin gizli saxlanc yerlərində gizlədib ölkəyə keçirmirlər. Ötən il gömrük rəsmiləri ölkəyə qeyri-leqal "iPhone” gətirilməsində yerli poçt xidmətinin də rolunu gündəmə gətirmişdilər.
Məsələn, Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı Fikrət Ələsgərli Qusarda Komitənin jurnalistlər üçün təşkil etdiyi "Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.
Onun sözlərinə görə, bu işbazlar bəzən hətta vətəndaşlardan xəbərsiz onların şəxsiyyət vəsiqələrnin nüsxələrini və yaxud insanların şəxsi məlumatlarını əldə edərək qanunsuz yollara əl atırlar: "Onlar anlamır ki, bu yolla ölkə iqtisadiyyatına ziyan vururlar və dövlət büdcəsinə köçürmələrin qarısını alırlar. Üstəlik qeyri-qanuni mobil telefon idxalı ilə bu sahədə fəaliyyət göstərən şirkətlər müflis olurlar. Məsələn, 4 ay ərzində Gədəbəyin Şınıx kəndindən olan bir qadının adına 4 ədəd "iPhone X” telefonu gətirilib. Mən əminəm ki, bu qadının həmin telefonlardan heç xəbəri yoxdur və o, heç "iPhone X”in nə olduğunu bilmir”.
Leqal idxaldan 200-230 dəfə çox!
Bu cür sxemlər və qaçaqmalçılıq nəticəsində ölkəyə qeyri-leqal yollarla daxil olan "iPhone” telefonlarının sayı leqal yollarla gətirilən belə cihazların sayından 200-230 dəfə (!) çoxdur.
Bəli, yanlış oxumadınız, real situasiya məhz belədir. Çünki gömrük qaynaqlarından əldə etdiyimiz rəqəmlərə görə leqal yolla Azərbaycana bu ilin 10 ayı ərzində gətirilən "iPhone” sayı heç min ədədə də çatmır. Ötən il ərzində isə leqal yolla ölkəyə cəmi 1200-ə yaxın belə cihaz idxal edilib.
"Apple” şirkətinin məhsullarını leqal yolla Azərbaycana "Alma Store” ticarət markasının və eyni adlı firma mağazalar şəbəkəsinin sahibi olan ASBC MMC və "Azercell” idxal edir. ASBC şirkəti ilə əlaqə saxladıq və ölkəyə leqal yolla idxal edilən "iPhone” telefonlarının miqdarını dəqiqləşdirməyə çalışdıq. Şirkət kommersiya sirri olduğu üçün dəqiq rəqəm açıqlamaq istəmədi, amma təsdiq etdilər ki, Azərbaycana leqal yolla, yəni ASBC MMC şirkətinin bütün vergi və rüsumları ödəməklə idxal etdiyi "iPhone” telefonlarının sayı qeyri-leqal yolla daşınan cihazların heç bir faizi qədər də deyil.
"Azərbaycanda "Apple” şirkətinin rəsmi tərəfdaşı ASBC MMC şirkətidir, həmçinin "Apple” məhsullarının texniki servisini də biz həyata keçiririk. Lakin təəsüflə deməliyik ki, bu gün Azərbaycana qaçaqmalçılıq yolu ilə "iPhone” gətirilməsinin miqyası olduqca böyükdür, nəticədə qanuni idxalla məşğul olan şirkət kimi bizim bu cihazları daxili bazarda daha ucuz təklif edən qaçaqmalçılar qarşısında haqsız rəqabətə davam gətirmək imkanlarımız tükənir. Şirkətimizin "Apple” məhsullarının Azərbaycanda reklamına, marketinqinə xərclədiyi vəsaitlərin də xeyrini belə çıxır ki, həmin qaçaqmalçılar götürür”,-şirkətdən bildirdilər.
53 min cihaz aktiv edildi, cəmi 5726 cihaz idxal edilsə də…
Məhz əməliyyat sisteminin təqib edilməsi nəticəsində məlum olub ki, 2016-2017-ci illərdə Azərbaycanda cəmi 53 min ədəd yeni "iPhone” cihazı aktiv edilib. Və həmin illər ərzində iki rəsmi idxalçı (ASBC və "Azercell”) ölkəyə cəmi 5726 ədəd "iPhone” idxal ediblər. Özü də bu həmin dövr idi ki, "Azercell” "iPhone”-lar üçün aqressiv kredit kampaniyası həyata keçirirdi və nəticədə bu cihazların satışında əsl bum yaşanırdı. Sonrakı illərdə isə rəsmi idxalçıların satışı kəskin azalıb.
Gömrük statistikasında ölkəyə məhz nə qədər "iPhone” idxal edildiyi haqda rəqəmlər yoxdur, amma Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 945 min 423 ədəd mobil telefon idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64.5 faiz çoxdur. 2018-ci ildə isə ölkəyə cəmi 884 min mobil qurğu idxal edilmişdi və bu göstərici 2017-ci illə müqayisədə 37.8 faiz artıq idi. Azərbaycana mobil telefon idxalının son iki ildə bu cür kəskin artması təkcə tələbatın artması ilə əlaqəli deyil. Bu həm də mobil telefon qaçaqmalçılığına qarşı mübarizə və gömrük sistemində şəffaflığın artması ilə izah olunur. Amma qaçaqmalçılığın miqyası o dərəcədə böyükdür ki, hətta bu amillərə baxmayaraq ölkəyə qanunsuz yolla daşınan "iPhone” sayı yüz minlərlə ölçülür.
İMEİ qeydiyyat sistemi qaçaqmalçılığa qarşı niyə işə yaramır?
Bəlli olduğu kimi Azərbaycanda mobil cihazların qeydiyyatı sistemi yaradılıb və "iPhone” telefonları üçün qeydiyyat rüsumu 150 manatdır. Başqa sözlə, qaçaqmalçı heç bir gömrük rüsumu və vergi ödəmədən ölkəyə gətirdiyi cihazı 150 manat ödəməklə qeydiyyatdan keçirdə, sata bilər. Nəticədə o, qiymət məsələsində leqal idxalçıya qarşı bəribaşdan böyük üstünlük əldə edir, eyni zamanda yüksək marja götürə bilir.
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən "iPhone” cihazını qeydiyyata qoymaq üçün xüsusi maneə yoxdur. Bunun üçün cihazın leqal yolla idxal edildiyini təsdiqləyən sənədlər, gömrük rüsumlarının və ya vergilərin ödənilməsinə dair sübutlar tələb olunmur. Hansı ki, həmin cihazın qaçaqmalçılıq yolu ilə ölkəyə gətirildiyini yoxlamaq dövlət orqanları üçün heç bir çətinlik törətmir.
Doğrudur, kimsə xarici ölkələrdən özü üçün "iPhone” alıb gətirə bilər və bu zaman bir ədəd cihazın gətirilməsi üçün o, idxal rüsumu, vergi ödəməli deyil. Lakin qaçaqmalçılığın qarşısını almaq üçün belə hallarda həmin vətəndaşdan telefonu məhz özünün və ya yaxınlarından birinin istifadəsi üçün gətirdiyinə dair əlavə sübutlar (məsələn, telefonun alındığı iddia edilən ölkəyə təyyarə bileti, viza və s…) tələb edilə bilər. Əgər belə sübutlar mövcud deyilsə heç bir şübhə yeri qalmır ki, həmin cihaz ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. Lakin maraqlıdır ki, qaçaqmalçılar yüz minlərlə cihazı qeydiyyata aldırmaqda çətinlik çəkmirlər.
Mütəxəssislər qeyd edirlər ki, qaçaqmalçılar təkcə büdcəyə hər il on milyonlarla dollar ziyan vurmur, eləcə də istehlakçıların aldadılması, yeni adı altında içərisi köhnə, korpusu təzə cihazların onlara satılması halları geniş yayılıb. Köhnə cihazları "yenilənməsi” isə beynəlxalq mafiya tərəfindən əsasən Dubayda, günü 3-4 dollara işləyən hindistanlıların əliylə həyata keçirilir…
P.S. Azərbaycana qaçaqmalçılıq yolu ilə "iPhone”-lar necə və hansı ölkə üzərindən daşınır? Əsas qaçaqmalçılıq kanalları hansılardır və bu qanunsuz biznesdən varlanan daha kimlər var? Bu və digər suallar haqda növbəti araşdırmada…