“Xəzər” televiziyasının yeni rəhbəri kim olacaq? – İki tanınmış şəxsin adı çəkilir

“Xəzər” televiziyasının yeni rəhbəri kim olacaq?

 

Bir neçə gündür sosial şəbəkələrdə və mediada Prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus olan "Xəzər” telekanalının rəhbərliyinin dəyişdiyi haqda məlumatlar verilir. Bildirilir ki, Ə.Həsənovun oğlu Şamxal Həsənov idarəçilikdən uzaqlaşdırılıb, hazırda təhvil-təslim prosesi gedir.

 

Bir neçə gün əvvəl - dekabrın 7-də bu iddialarla bağlı "Xəzər” TV MMC-nin açıqlamasında isə bildirilirdi ki, yayılan məlumatlar əsassızdır. Televiziyada hər hansı bir dəyişiklik yoxdur, o, "əvvvəllər olduğu kimi Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq qalaraq normal iş qrafikində öz fəaliyyətini davam etdirir”.

Lakin bir çox mötəbər mənbələr yenə də iddia edirlər ki, "Xəzər" televiziyasında rəhbərliyin dəyişdirilməsi haqda məlumatların əsası var. Belə ki, Şamxal Həsənov idarəçilikdən kənarlaşdırılıb, onun səlahiyyətləri müvəqqəti olaraq uzun müddət adıçəkilən kanalda çalışan bir hüquqşünasa həvalə olunub.

Məlumatlı mənbə bildirib ki, böyük ehtimalla, ilin sonuna qədər kanala kimi rəhbərlik edəcəyi dəqiqləşəcək. "Xəzər” telekanalının rəhbərliyinə "Space” televiziyasının keçmiş rəhbəri Etibar Babayevin və ya "ATV” telekanalının əvvəlki rəhbəri Vüqar Qaradağlının gətiriləcəyi haqda da söz-söhbətlər gəzir.

Xatırladaq ki, "Xəzər TV” MMC 2007-ci ildə təsis olunub. Sonuncu dəfə 2013-cü ildə 6 il müddətinə lisenziya verilib. 2015-ci ildə "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Prezidentin Fərmanı ilə lisenziyası müddətsiz hesab edilib.



Oxşar Xəbərlər

Xəbər lenti