“Araz” və “Rahat” marketlərdə bir sıra qanun pozuntusu aşkarlanıb

“Araz” və “Rahat” marketlərdə bir sıra qanun pozuntusu aşkarlanıb

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva qida təhlükəsizliyi ilə bağlı bir sıra mühüm məqamlara aydınlıq gətirib.

AQTA rəsmisi bununla bağlı fikirlərini paylaşıb:

"Qida təhlükəsizliyi kimi vacib bir mövzuda göstərdiyiniz həssaslığa görə hər birinizə təşəkkür edirəm. Qida Təhlükəsizliyi Agentliyi demək olar ki, hər gün istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınması ilə bağlı məlumatlar yayır. Rəyə yüzlərlə xəbərin linkini də ata bilərəm. Bəli təəssüf ki, hələ də bəzi "sahibkarlar” istehlakçıların məlumatsızlığından istifadə edib, spred yağı-digər bitki tərkibli yağları kərə yağı kimi satmağa cəhd göstərirlər. Plandankənar yoxlamaların əksəriyyəti vətəndaşların müraciətləri, eləcə də jurnalist həmkarlarımın verdiyi məlumatlar əsasında həyata keçirilir. Burada məsuliyyət birbaşa sahibkarın üzərinə düşür. Çünki o istehlakçını daha ucuz yağla aldatmağa cəhd göstərir. Narahatedici məqam isə ondan ibarətdir ki, bəzən bunu paylaşan həmkarlarımız istehlakçını aldatmağa çalışan dələduz sahibkarlar əvəzinə AQTA-nı hədəf seçir.

Amma Agentliyin Əsasnaməsi ilə az da olsa tanış olan bilir ki, AQTA nəinki satış, ümumilikdə qida zənciri boyu tərəflərin vəzifələrini, öhdəliklərini müəyyən edir. Hər gün Agentliyin qaynar xəttinə onlarla belə şikayət daxil olur və hər biri də yerində araşdırılaraq ən sərt tədbirlər görülür. Əlbəttə media nümayəndələrinin də prosesə bu cür aktiv qoşulması ümumi işin xeyrinədir. Sadəcə burada AQTA-nın adını həvəslə hallandıran həmkarlarıma nacizanə tövsiyəm odur ki, "auditoriyaya oynamaq” əvəzinə, bizimlə əl-ələ verib məlumatsız istehlakçıları bilgiləndirsinlər və onları aldatmağa çalışan "sahibkarlar” lardan qorusunlar.

Yeri gəlmişkən onu da deyim ki, əməkdaşlarımız Bakıda Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20 ünvanında yerləşən "Araz” marketdə və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən "Rahat” marketdə yoxlamalar keçiriblər. Yoxlamalar zamanı hər iki marketdə bir sıra yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb. Yoxlamada bitki spred yağların istehlakçılara kərə yağı adı altında satılması halları aşkarlanıb ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır.

Hər iki marketin rəhbərliyi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb və inzibati qaydada cərimə tətbiq olunub. Əməkdaşlarımız tərəfindən ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və və istehlakçı hüquqlarının pozulmasına qarşı ən sərt tədbirlər həyata keçirəcək".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}