Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Hər bir ölkədə ortalama olaraq gənc oğlanların və qızların evlənmə yaşı müxtəlifdir. Azərbaycanda bu rəqəm rəsmi olaraq qızlar üçün 24-25, oğlanlar üçün 27-28 arasında dəyişir. Bəzən bu rəqəm oturuşmuş milli düşüncələrlə ziddiyyət təşkil edir. 25 yaşını keçmiş qızlar ölkəmizin çox bölgəsində "qarımış” sayılırlar.
İş o yerə çatıb ki, mental düşüncələr həkimlərimizin də xəstələrə yanaşmasına təsirini göstərir.
Yoxsa son vaxtlar həkimə hər hansı narahatlıqla bağlı müraciət edən xanımlara verilən ilk sual "ərdəsən?” olmaz. "Yox” cavabını alan həkim isə müayinəsiz-filansız diaqnoz qoyur: "ərə get düzələcək”.
Maraqlıdır ki, "ərsizlik” diaqnozu qoyulan xanımlar müxtəlif orqanlardan şikayət edirlər. Amma bizim bəzi həkimlər onları ərə getməyə təhrik edir. "Ərsizlik” diaqnozu qoyulan xanımların "əri hardan tapım” çarəsizliyilə "dərd”inin üstünə biri də əlavə olunur.
Doğrudanmı, xanımlarda yaranan xəstəliklərin mənbəyi ərsizlikdir?
Kişi-qadın münasibətinin sağlamlığa təsiri yoxdur...
Mövzu ilə bağlı Modern.az-a danışan Respublika Perinetal Mərkəzin direktoru Sevinc Məmmədova bildirib ki, belə diaqnozlar doğru deyil:
"Gec ailə qurulması xanımlarda psixoloji vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Amma qadının cinsi münasibətdə olub-olmamasının onun sağlamlığına hansısa təsiri yoxdur.
Bizdə lap qədimdən qızın yaşı artdıqca, qohum-əqrəbanın "hər şeyi vaxtında etmək lazımdır”, "vaxtında ailə qurmaq lazımdır”, "vaxtında doğmaq lazımdır” fikirlərilə böyüyən gənclərin psixoloji durumunu pozulur. Onlar fikirləşirlər ki, sabah gec ərə getsə onda da bu problemlər olacaq. Eyni zamanda, insanlar ərə gedəndən sonra arxayın, güvəncli olurlar.
Amma kişi-qadın münasibətləri sağlamlığa, mübadiləyə, hormonal pozğunluğa təsir göstərmir. Yəni bununla bağlı təbabətə əsaslanan fakt yoxdur. Keçmişdə deyirdilər ki, hər qadın mütləq uşaq doğmalıdır. Guya uşaq doğmasa, hansısa düyün əmələ gələcək. Zaman keçdikcə bu fikirlər də təsdiqini tapmadı.
Elə qadınlar var ki, 50 yaşına kimi ərə getmir, ailə qurmur, münasibətdə olmur, amma tam sağlamdır. Eləsi də var ki, ərə gedir, 2 uşaq dünyaya gətirəndən sonra 25 yaşında elə yararsız hala düşür ki, deyirsən ərə getməsə bundan yaxşı idi. Ona görə kimlərinsə "ərə get” fikirləri kökündən yanlışdır”.
Ərə getməklə heç nə düzəlmir...
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov məsələ ilə bağlı Modern.az-a deyib ki, evlənmək üçün yaş həddi artırılsa yaxşıdır:
"İndi bir yandan evlənirlər, o biri yandan boşanırlar. Boşanmalar həddindən artıq çoxalıb. Bu gün evlənən bir il, hətta bir neçə ay keçəndən sonra bir uşaqla boşanır. Ailə quran gənclər ailə qurmaq, onu saxlamaq qabiliyyətinə malik olmalı, məsuliyyəti dərk etməlidirlər. Ona görə də gənclər elə yetkin vaxtında evlənsələr, ərə getsələr yaxşıdır. Həkimlərin "ərə get düzələcək” mövqeyindən çıxış etməsi düz deyil.
Evlənəndən, ərə gedəndən sonra nə yaxşı ola bilər?! Heç nə!
Bizdə çox yaxşıdır ki, nikaha girənləri müayinəyə cəlb edirlər. Mən çox istərdim ki, təkcə təhükəli xəstəliklər yox, psixi durum da həmin siyahıya əlavə edilsin. Yəni insanın psixologiyası ailə qurmağa imkan verir, vermir yoxlanılsın. Çünki indi elə lap azyaşlıların da psixoloji durumu yerində deyil. Əksəriyyəti gərgin, stresslidir. Yediyimiz qidalar, udduğumuz hava insanların psixloji dururumuna da təsir edir.
Ümumiyyətlə, ailə quranlara milli-mənəvi dəyərlərinin nə olduğunu daha dərindən aşılamaq lazımdır ki, onlar ailənin nə olduğunu dərk etsinlər. Amma inanın, həkimlərin "ərə get düzələcək”, "evlən düzələcək” diaqnozu ilə heç nə düzəlmir”.