Şəxsin sosial media hesabları vərəsələrə ötürülə bilərmi? -Rəqəmsal miras


Son zamanlarda hüquq sahəsində meydana çıxan terminlərdən biri də “rəqəmsal miras”dır (digital inheritance).Hər şeyin zaman və məkan etibarilə rəqəmsal sferaya keçid etdiyi dövrdə şəxslərin rəqəmsal məlumatlarının, ümumiyyətlə rəqəmsal resursların miras əmlakının tərkibinə daxil olub-olmaması ilə məsələlər maraq doğurur. Məsələ ilə bağlı situasiyalar iki şəkildə yarana bilər: İlk olaraq,  şəxs sağlığında özünün sosial media hesabları ilə bağlı məlumatları (məs, hesab parolu)  vərəsələrinə verə bilər. Bu vəziyyətdə vərəsələrin istifadəsinin tənzimlənməsi, yaxud vərəsələr də heç bir məlumat olmadan onun verilməsini tələb edə bilər.  Bu halla bağlı müxtəlif istiqamətli yanaşmalar mövcuddur. Belə ki, bir qrup məhz şəxsi həyatın toxunulmazlığı baxımdan məsələyə yanaşaraq, rəqəmsal resursların miras əmlakı ola bilməyəcəyini müdafiə etmişdir. Digər bir qrup isə miras əmlakı kimi ötürülmə tərəfdarlarıdır. Bildirək ki, mövcud dünyada şəxslərin öz şəxsi və iqtisadi fəaliyyətlərini rəqəmsal sferaya daşımaları ilə qarşımıza çıxan “rəqəmsal miras” qavramı yalnız şəxsi həyat toxulmazlığı baxımdan qiymətləndirilə bilməz. Eyni zamanda bir sıra nümunələrdə rəqəmsal mirasla bağlı iddiaların  şəxsin aktiv və passivlərini (miras tərkibini, mal varlığını) aydınlaşdırmaq məqsədli, bəzən isə şəxsin ölüm səbəbini müəyyənləşdirmək ilə bağlı bu cür iddiaların qaldırıldığını da görə bilərik. Rəqəmsal resursların miras əmlakı tərkibinə daxil olub-olmamasını aydınlaşdırmaqdan öncə miras əmlakına nəzər salaq.

Miras əmlakı

Miras dedikdə, ölən şəxsin əmlakının keçdiyi vərəsələrin əldə etdikləri haqq başa düşülür. AR MM-in 1151.1-ci maddəsinə əsasən , mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi)  və vəzifələrinin (miras passivi toplusu) daxildir. göründüyü kimi, qeyd olunan maddə uğurlu hesab olunmalıdır.  Maddənin məzmunundan da göründüyü kimi, ölən şəxsin  miras əmlakının tərkibinə miras aktivi və miras passivi daxildir. Miras aktivləri dedikdə, miras əmlaka daxil olan əmlak hüquqları, miras passivi dedikdə  mirasa daxil olan öhdəlik və vəzifələrin toplusu miras passivini əmələ gətirir. 

Doktrinada şəxsin həyatı, maddi və mənəvi varlığı ilə sıx surətdə bağlı olan hüquq və vəzifələrin miras əmlakının tərkibinə daxil olmadığı müdafə edilir. Şəxsiyyət ilə qırılmaz bağlı olan hüquqlar və vəzifələr ( höchstper-sönliche Rechte) ancaq hüquq sahibi tərəfindən istifadə edilə bilən, təmsil yolu ilə istifadə edilə bilməyən, vərəsələrə keçməsi mümkün olmayan hüquq və vəzifələrdir. Həmçinin MM-də bununla bağlı birbaşa göstəriş nəzərdə tutulmuşdur.  AR MM-in 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.


Rəqəmsal miras

Rəqəmsal məlumatları məhz miras əmlakının tərkibinə daxil olub-olmaması baxımdan qiymətləndirərkən, onun şəxsiyyət ilə qırılmaz bağlı olan hüquq baxımdan qiymətləndirmək lazımdır. Belə ki, Alman hüququnda miras əmlaka dair tənzimələrdə miras əmlakı dedikdə, mülk (malvarlığı, assets) kimi nəzərdə tutulur. Lakin, qeyd edilən, mülk termini, fikrimizcə sadəcə şəxsin əmlakının aktivlərini nəzərdə tutur. Belə ki, şəxsin mülkündə olmayıb, amma miras əmlakının tərkibinə daxil olan hüquqi münasibətlərdə mövcud ola bilər. Məsələn, şəxsin mənəvi zərəri tələb etmək hüququ şəxsin maddi, gözlə görünən maddi mülki deyildir. Lakin, onun miras əmlakı tərkibinə daxil olan aktividir. 

Rəqəmsal məlumatların mühüm bir hissəsi şəxsi məlumatlardan istifadə edilməklə yaranır. Belə ki, bir sıra sosial media hesabı yaradılarkən şəxsin şəxsi məlumatları tələb edilir. Rəqəmsal miras dedikdə isə, tərkibinə şəxsin e-mail, sosial media hesabları, şəxsə məxsus foto, video, səs yazıları və sənədlər başa düşülür. Rəqəmsal mirasla bağlı bir sıra məhkəmə təcrübələrinə nəzər salaq. Misal olaraq, Türkiyədə ilk dəfə olaraq, yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən şəxsin həyat yoldaşı iddia qaldıraraq, ölən şəxsin iCloud hesab məlumatlarının ona verilməsini tələb etmişdi. İlk dəfə olaraq, bunun şəxsi həyat toxunulmazlığı hüququnu pozması səbəbilə rədd edilsə də , Antalya Bölgə Ədliyyə Məhkəməsi bu məlumatların miras əmlakı tərkibinə daxil olması yönündə qərar qəbul etmişdir.

Αlman Federal Məhkəməsinin rəqəmsal məlumatların universal varislik prinsipi baxımdan qiymətləndirərək, vərəsələrə külli şəkildə keçməsi yönündə qərarı mövcuddur. Belə ki, 2012-ci ildə 15 yaşında L.W Berlində metro girişində ölü şəkildə tapılmışdır. Onun ölümündən sonra valideynləri bu ölüün cinayət yaxud intihar olduğunu aydınlaşdırmağa çalışır. Bunun üçün şəxsin Facebook hesabındakı məlumatları əldə etməyin onlara kömək olacağını düşünmüş və Berlin Bölgə Məhkəməsinə müraciət etmişlər. Birinci instansiya məhkəməsi onların tələbini qəbul etsə də, ikinci instansiya məhkəməsi bunun gizlilik qaydasına zidd olduğunu , nəhayət Almaniya Federal Məhkəməsi isə informasiya məxfiliyinə xələl gətirmədiyinə qərar vermişdir. Hətta qərarda Facebookun istifadəçi ilə razılaşmasında olan “üçüncü şəxslərə ötürülə bilməz” ifadəsinin heç bir hüquqi qüvvəsi olmadığı vurğulanmışdır. 


Beləliklə, qeyd edilən nümunələrdən də göründüyü kimi, yanaşmaların bir qismi bu məlumatların şəxsin həyatın toxunulmazlığını pozduğu surəti ilə miras əmlakı kimi hesab olunmasının əleyhinədir. Hesab etsək ki, şəxsin ölümündən sonra onun bütün sosial media hesablarının, bütün məlumatların digər şəxslərə keçəcəyinə dair tənzimləmə mövcuddur. Bu zaman şəxs həyatı boyu öz məlumatlarının, yazışmalarının başqa şəxslərə keçəcəyi düşüncəsi ilə hərəkət etməyə məcbur olacaqdır.. Daha sonra şəxsin öz peşəsi ilə bağlı olaraq müəyyən məlumatların məxfiliyinin qorunması halı yarana bilər. Məsələn şəxs həkimdirsə yaxud vəkildirsə, məxfilik onun peşə əxlaqına daxil qaydalardan hesab edilir. Belə surətdə şəxsin ölümü halında digər şəxslərə dair məlumatların ötürülməsi də mümkün olur. Bu səbəbdən bir sıra , Yahoo ve Ebay, Spotify, iTunes gibi hesabların istifadəsi üçün xidmət müqavilələrində bu hesabların başqa şəxslərə ötürülə bilməyəcəyi, şəxsin ölümü ilə sona çatacağı kimi müddəalar mövcuddur. Hazırda Facebookda isə “hesab varisi” , yəni şəxsin iradəsi ilə onun ölümü halında hesabını istifadə edəcək varisi müəyyənləşdirmək imkanı mövcuddur. 

Eyni zamanda şəxsin ölümü ilə rəqəmsal məlumatlarının  bütünlüklə vərəsələrə keçməsi yanaşması da mövcuddur. Lakin, hər iki yanaşma təklikdə mövcud olduqda tarazlığı pozur.  Belə ki, həm ölən şəxsin, həm də üçüncü şəxslərin hər ikisinin mənfəətləri arasında müəyyən tənzimləmə yaradacaq həllə ehtiyac vardır. Belə ki, bununla bağlı İsveçrə hüququnda, ölənin yaxınları və ya üçüncü şəxslər, ölənin məlumatlarının onlarla paylaşılmasında üstün yarara malik olduqlarını sübut etdiyi zaman bu məlumatların keçməsi mümkün olur.

Hesab edirik ki, rəqəmsal məlumatların mirasa əmlaka daxil olmaması ilə bağlı mülahizələr mövcud dövrdə öz təsdiqini tapmır. Çünki, bir çox məhkəmə qərarları bunun tam əksini göstərir. Digər tərəfdən isə, rəqəmsal məlumatları miras əmlakı kimi ötürərkən şəxsi həyat toxunulmazlığı ölçülərinə riayət edilməli və bununla bağlı tənzimləmə gətirilməlidir. Eyni zamanda məlumatları tələb edən şəxsin ölən şəxslə yaxınlıq dərəcəsi, bu məlumatları əldə etməsində hansı üstün yararı olacağı aydınlaşdırılmalıdır. Nəhayət , sosial media hesabının iqtisadi, yaxud şəxsi məqsədlə istifadə məsələsi aydınlaşdırılmalıdır. Hesab edirik ki, şəxsin sosial media hesabı tamamilə iqtisadi sferaya aid olub, gəlir gətirmə qabiliyyətinə malikdirsə, vərəsəlik qaydasında keçməsi əlverişlidir. Çünki belə məqamda şəxsin əmlakının aktivinə daxil olur. Amma həmin hesablar yalnız şəxsiyyətlə qırılmaz surətdə bağlıdırsa, bunu demək olmaz. Bu zaman yuxarıda qeyd edilən digər məqamlar nəzərə alınmalıdır.

Aysu Nəbizadə

BDU-nun magistrantı



Oxşar Xəbərlər

Xəbər lenti