8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu gün Ukraynada ən çox dartışılan mövzulardan biri də, ölkədə yaşayan Azərbaycan, gürcü və Krım tatarları icmalarına qarşı dövlət səviyyəsində aparılan açıq və ya gizli təhdidlərdir. Yerli media qeyd edir ki, bütün bunlara birbaşa rəhbərlik edən ölkənin erməni mənşəli Daxili İşlər naziri, Bakıda anadan olmuş Arsen Avakovdur.
İndiki demokratik proseslərin təməlini qoyan Viktor Yuşenkonun 2004-ci ildə yaratdığı "Milli Qurtuluş Komitəsi”nin Xarkov vilayətində tərəfdarı qismində bu qurumun bölgədəki liderinə çevrilən erməni kökənli Arsen Avakov sonradan bölgənin qubernatoru statusunu əldə etdi. Onun məqsədi "vauçer biznesi”ndə çirkli yollarla yaratdığı biznes imperiyasını qorumaq idi. 2005-ci ildə "Bizim Ukrayna Hərəkatı”nın rəhbərliyində yer almaqla, vilayət administrasiyasının rəhbəri statusunu qazandı. 1992-ci ildən təsis etdiyi "Bazis Bank”ı və "İnvestor” ASCçiçəkləndi. 2010-cu ildə mövqeyini dəyişərək Yuliya Timoşenkonun "Batkivşina” Partiyasına transfer oldu. Xarkovun meri seçilmək üçün 2010-cu ildə seçkilərə qatıldı. Onun biznes imperiyasına "İnvestor” ASC, "Bazis” Bank, "7-ci Telekanal”, "Saltovskiy” çörək zavodu, "Beşinci element”, "Radio+”, "Yeni dağla radiosu”, "Simon TV kompaniyası”, "Vostorq” supermarketlər şəbəkəsi, "Novosti” TV Agentliyi, "Ukrayna” univermağı, "İnvestor-Neftqaz”, "İnvestor Elit İnşaat”, "İnvestor” Nəşrlər Evi, "İEŞ-3”, "Ahmad Tea” Çay Fabriki MMC-ləri daxil idi. Ukrayna futbolunun gəlir mənbələrindən biri kimi Xarkov vilayətinə məxsus"Metallits” və "Xarkov” klublarının sahibi sayılırdı.
Əməkdar iqtisadçının kriminal həyatı
2012-ci ilin yanvarında Baş Prokurorluq cinayət məcəlləsinin 365-ci maddəsi əsasında Arsen Avakova qarşı cinayət işi açdı. Elə həmin ilin 21 martında İnterpolda axtarışa verildi. O, Ukraynadan qaçaraq İtaliyada gizlənirdi. 25 martda Romada tutuqlanan Avakov böyük həcmdə pul ödəməklə Ukraynaya ekstradisiya olunmadı və həbsdən azad edildi. 28 oktyabrda Rada seçkilərində "Batkvişina”ya sponsorluq etməsi və Yuliya Timoşenkonun sayəsində deputat seçilə bildi. Sonra Radanın reqlament və deputat etikası komitəsinin sədri və partiyanın fraksiyasının sədri müavini seçildi. Beləliklə, Avakov kriminal biznesinin qorunması siyasətini dərinləşdirmək üçün xüsusi status qazandı.
"Kriminal biznes” ekspertlərinin araşdırmasına görə, Oqultsovskoe, Narijyanskoe, Marinskoe və Saxalinskoe qaz kondensatları yataqlarının əsil sahibi Avakovdur. O, bütün bunlara Timoşenkonun himayədarlığı sayəsində sahib çıxmışdır. Avakovun şəriki olmuş Gennadi Kernes mətbuata açıqlamalarında bunları deyib: "Avakovun təbiətini, xarakterik özəlliyini məndən dərin bilən yoxdur. O, bütün karyeralarını avantüra üzərində qurub. Avakov Xarkovda uzun müddət dövlət strukturlarının maliyyə əlaqələrinin "Bazis” Bankın vasitəsilə həyata keçirilməsi siyasətini yürüdüb. Xüsusilə vilayətdəki tenderlərə dolayı yolla rəhbərlik edib. Ukraynanın əsas gəlirli vilayəti olan Xarkovda "Bazis” Bank bütün sahələrə nəzarət edir”.
Eks-prezident Viktor Yanukoviç 2006-cı ilin noyabrında "Bazis” Bankın vasitəsilə yerli büdcənin talan edilməsi, 120 milyon qrivn vəsaitin mənimsənilməsi haqqında rəsmi açıqlama vermişdi. Kupyanskiy rayonundakı "Poladtökmə zavodu”nun səhmlərinə Avakovun qanunsuz yolla sahibi olması faktını yerli prokurorluq da təsdiq edib. 2009-cu ildə "Fokus” dərgisi onun real maddi imkanlarının 327.5 milyon dollar olduğunu qeyd etmişdi. Dərginin 2011-ci ildə dərc olunan sayında qeyd olunur: "Ukraynada 200 zəngin şəxsin reytinqində Avakov 282.9 milyon dollarla 65-ci yeri tutur”.
Onun uzun müddət biznes ortağı olmuş Gennadi Qaev, Andrey Pereedenko, Vladimir Babaev, Aleksandr Protas və Vladimir Şumilkin 2005-ci ilin 12 avqust tarixində etiraf etmişlər ki, vilayətdə qanunsuz yolla ən çox torpaq sahibinə çevrilən şəxslərin siyahısında Avakov ilk sırada yer alır. 3 yanvar 2012-ci ildə Xarkov Vilayət Prokurorluğu Avakovun qanunsuz yolla iri torpaq sahələrini ələ keçirməsi haqqında xüsusi qaydada cinayət işi açıb. Vilayət dövlət administrasiyası hüquq idarəsinin rəisi Konstantin Prokopev prokurorluğa xüsusi sənədlər təqdim edib. Qanunsuz əməllərini pərdələmək üçün Avakov ölkənin siyasi hakimiyyətini qazana biləcək real güclərə sponsorluq etməklə bütün məsuliyyətlərdən yaxasını asanlıqla qurtara bilib. Necə deyərlər: "Dura lex sed lex”. Yəni hesablar cod qanunlarla təsbit olunsa da, hər halda qanunlardan yayınmaq mümkündür.
"Yaşıl Cəbhə”nin arxa baxçası
Xarkov vilayətində "Yaşıl Cəbhə” adlı bir hərəkat mövcuddur. Bu təşkilatın əsas vəzifəsi vilayətin və özəlliklə də Xarkov şəhərinin təbiətini və yaşıllıqlarını qorumaqdır. Hərəkatın lideri İqor Rassoxa etiraf edir ki, təşkilatın qurucusu Avakovdur: "Bizə maliyyə dəstəyi verməsinin səbəbini sonralar bildik. O, azad sözün və demokratiyanın müdafiəsi adı altında öz hədəflərinə yol açmaq üçün bizlərdən istifadə etmişdir. İstənilən iqtidarı vilayətdə susdurmaq və öz biznesini inkişaf etdirmək onun qayəsi idi. Təşkilatımızın əli ilə əhalini ayağa qaldıraraq avantürasını həyata keçirirdi. Hakimiyyət boşluğu içində qazanan Avakov olurdu".
"Yaşıl Cəbhə”nin koordinatoru İqor Qudenkonun 20 fevral 2014-cü ildə etirafına görə, paytaxt Kiyevdə "Maydan” hərəkatında oraya toplaşan yüzlərlə silahsız insanın snayperlər tərəfindən öldürülməsini Avakov təşkil etmişdi. O, bir yandan suçsuz insanları qətlə yetirir, digər yandan bu faciəni xüsusi qrup tərəfindən videoya çəkdirirdi. "Life News” TV kanalının əməkdaşları operator Atsamaz Koçiev və jurnalist Semen Peqovun birgə lentə aldığı bu faciə sadəcə Avakovun avantürası üçün gərək idi. Kiyevdəki İnstitut küçəsində baş verəcək faciənin öncədən planlaşdırılması da artıq kimsəyə sirr deyil. Çünki "Life News” TV-nin bu iki əməkdaşı öncədən olay yerində xüsusi məkan seçərək canlı yayıma qoşulmuşdular. Həmin ərəfədə Peqov canlı yayımla Koçievə bunları söyləyirdi:"Atsik, tezliklə canlı yayımda cənazələrin necə yerə sərilməsini görəcəyik. Sən bunları efirdə dəqiqliklə göstərmək üçün hazır ol”.
İ.Qudenko daha sonra bildirir: "İnstitut küçəsində, guya, həvəskar videoçəkilişlər aparırdıq. Əmrlər Avakovdan gəlirdi. Qrupun başçısı Koçiev Avakovun milliyyətcə osetin anası Tatyana Qabaevanın əmisi oğludur”.
Növbəti avantüra "milli ayrıseçkilik”dir
Ukraynada "Maydan Hərəkatı”nın dalğasında hakimiyətdən devrilən Viktor Yanukoviçin iqtidarından sonra 2014-cü ildə ölkədə koalision iqtidarın sayəsində gözlənilmədən DİN naziri vəzifəsinə təyin olunan Avakov üstün səviyyədə siyasətini irəli sürməyə başladı. Bu, Ukraynada azərbaycanlı və gürcülərin neytrallaşdırılması taktikasından ibarət idi.
Milli diaspor təşkilatları adına "Ukrayna Azərbaycanlıları Konqresi” və"Georgia” gürcü təşkilatları Ukraynanın ərazi bütünlüyü adına çıxış etdilər. Rusiyanın bu ölkənin Krım, Luqansk, Donetsk və Xarkov vilayətlərini işğal siyasətini aparırkən, erməni icmaları bu anneksiyanı müdafiə etdi. "Krım Erməni Milli Şurası”nın sədri Vaqarşak Melkonyan bölgənin işğalını erməni xalqının müdafiə etməsi barəsində 8 mart 2014-cü ildə bəyanat da verdi. Ukraynanın Krım, Luqansk, Xarkov və Donetsk vilayətlərindəki gürcü və azərbaycanlı icmaları bu günə kimi Rusiyanın işğalçılıq siyasətini müdafiə etməmişlər.
Avakov Ukraynanın DİN naziri təyin olunan kimi, "Avropa ilə inteqrasiya” üzrə nazir müavini postuna Tiqran Avakyanı təyin etdi. O, 2006-cı ildən "Ukrayna Erməniləri İttifaqı”nın icraçı sədri vəzifəsini daşıyırdı.
T. Avakyanın ardınca paytaxt Kiyev və vilayət polis idarəsinin rəisi vəzifəsinə isə Vadim Troyanı gətirdi. Beləliklə, Ukrayna DİN-də "erməniləşmə” və Ukraynada Qafqaz məsələsində gürcülər və azərbaycanlıların fəaliyyətinə kölgə salınması siyasəti ortaya atıldı. Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin son zamanlar Avakovu əlindəki dəlillərlə "Ukraynanın baş korrupsioneri” adlandırmışdır. O bildirib ki, "Ukrayna Erməniləri İttifaqı”nın sədri Vilen Şatvoryanın vasitəsilə korrupsiya piramidası qurulmaqdadır və bu, ölkənin demokratik təsisatlarına çox ciddi zərbə vurur.
Avakov və Şatvoryanın korrupsiya əməllərini sübut edən video faktlar vardır.
Avakovun qanqsterləri
Ermənistan-Azərbaycan münaqişəsi bu gün sankiUkraynaya transfer olub. Bu ölkədə nazir statusundan faydalanan Avakov və DİN-də yuva salmış onun xüsusi qrupları azərbaycanlılara qarşı terror siyasətini gücləndirməyə başlayıblar. Bu barədə dəfələrlə Azərbaycan Diasporunun rəhbərliyi və fəalları əllərindəki sənədlər əsasında rəsmi açıqlamalar da veriblər. Ölkədə iş adamı kimi fəaliyyət göstərənlər bildirirlər ki, Ukrayna polisi Avakovun əmri ilə onları həbs etdirir və sonra külli miqdarda rüşvətin qarşılığında azad edirlər. Rüşvət verməkdən imtina edənlərə qarşı sui-qəsdlər təşkil olunur.
Paytaxt Kiyevdə iş adamı kimi tanınan Sakit Hacıyev, Elvar İsgəndərov, Dnepropetrovskda Vitali Şirinov və digər azərbaycanlılar iki ildir olmazın müsibətlərlə üz-üzə qalıblar. Avakovun xüsusi qrupu tərəfindən qaçırılan və oğurlanan azərbaycanlı iş adamlarına işgəncələr tətbiq olunur. Son iki ildə azərbaycanlılara məxsus 12 iri restoran yandırllıb, 6 bahalı avtomobil qaçırılıb. 2014-cü ilin mayında "Ukrayna Azərbaycanlıları Konqresi”nin və "Ukrayna Millətlər Məclisi”nin sədri Rövşən Tağıyevə qarşı sui-qəsdlər, Kremençik şəhər bələdiyyəsinin sədri Oleq Tağıyevin öldürülməsi, iş adamı Xızır Məmmədov, Təbriz Ələkbərov və adlarının çəkilməsini istəməyən yüzlərlə azərbaycanlının polis tərəfindən soyulmasının arxasında "Avakov mafiyası”nın olması artıq kimsəyə sirr deyil. Avakov Ukraynanın tarixində ilk dövlət rəsmisi statusunda olan şəxs kimi qondarma "erməni soyqırımı” məsələsini gündəmə gətirmişdir. Ukrayna Radasının deputatı olan zaman Vilen Şatvoryanla birlikdə qondarma "erməni soyqırımı”nı tanıması üçün təkliflə çıxış etmişdi.Rada onların bu təklifini rədd etmişdi.
Bu ilin 14 sentyabr tarixində Kiyevdə azərbaycanlı və gürcü diaspor təşkilatlarının irəli sürdüyü "Avakova etiraz” mitinqi çox möhtəşəm keçdi. Mitinq zamanı Avakovun bütün cinayət əməlləri də ifşa olundu. Ukraynanın məşhur politoloqlarından biri kimi tanınan Aleksey Voronenko bildirmişdir ki, son iki ildə 20 nəfərdən çox azərbaycanlı iş adamının polis tərəfindən oğurlanması artıq Avakova qarşı xüsusi qaydada cinayət işinin açılması üçün tam yetərli faktdır: "Ukraynada yaşayan xalqların radikal xarakter daşıyan siyasətə üz tutmasına qətiyyən yol vermək olmaz. Bütün bunların tək suçlusu Avakovdur. Bizim əlimizdə çox ciddi faktlar var. Ermənistandan Ukraynaya gələn erməni kriminalitetinin apardığı "vətəndaş qarşıdurması” siyasətinə bağlı şəbəkə Avakov tərəfindən müdafiə olunur. Azərbaycan və Gürcüstan dövlətləri Ukraynaya dəstək verən ölkələr sırasında ilk yerlərdə dururlar. Bunu ölkəmizdə yaşayan gürcü və azərbaycanlı diaspor təşkilatları də əməlləri ilə sübut edirlər. Ermənistan Ukraynanın istiqlalı üçün dəstək verməyib. Bizim ölkədəki erməni diasporunun Krım, Luqansk, Xarkov və Donetsk vilayətlərinin Rusiya tərəfindən işğalı zamanı qəsbkarların yanında yer alması onların əsil simalarını sübut edən mühüm faktordur. Ukrayna xalqı bunu bağışlamayacaq. Azərbaycanın Qarabağ, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Xarkov, Luqansk, Krım və Donetsk bölgələri imperiya siyasəti aparan Rusiyanın "occupation”la üzləşiblər. Deməli bizim xalqların və dövlətlərin taleyi eyni aqibəti bu gün yaşamaq zorundadırlar. Ona görə də, Ukrayna, Azərbaycan və Gürcüstan vahid bir cəbhədə birləşməlidirlər".
Ənvər BÖRÜSOY
hurriyyet.org