"Ermənistan və vasitəçilər yaxın aylarda destruktiv siyasətdən əl çəkməyəcəklər" - Tehlil


"Bu isə regional sabitliyə və Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlər formalaşdırıb, Bakını məsələni güc yolu ilə həll etməyə məcbur edə bilər"

"1 yanvar tarixində nüfuzlu "Foreign Policy" jurnalı "2023-cü ildə izləniləcək 10 Münaqişə" adlı məqalə dərc edib. Məqalədə Ukrayna müharibəsindən tutmuş, İran, Yəmən, Efiopiya, Konqo, Pakistan, Tayvan və Ermənistan-Azərbaycan münasibətlərinə qədər 10 ən kəskin münaqişədən bəhs edilir. Müəlliflərin fikrincə, 44 günlük müharibədən 2 il sonra tərəflər yeni müharibə istiqamətində hərəkət edirlər. İrəvanın isə 2 il müddətində güclü ordu yarada bilmədiyi, Rusiyanın isə Ukrayna müharibəsinə başı qarışdığı vaxtda Azərbaycan Aİ ilə yeni strateji əhəmiyyətli qaz memorandumu imzalamış, öz hərbi potensialını artırmış və Türkiyə ilə hərbi əməkdaşlığı yeni mərhələyə qaldırmışdır"Hurriyyet.az xəbər verir ki, Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində belə deyilir.

Analitiklər bundan belə nəticəyə gəliblər ki, yeni müharibə 44 günlük müharibədən fərqli olaraq daha qısamüddətli olub, Azərbaycanın mütləq qələbəsi ilə yekunlaşacaq: "Mövqe tutarlı arqumentlərlə əsaslandırılsa da, jurnal oxucunu potensial müharibənin fundamental səbəbləri ilə tanış etmir. Necə deyərlər: suallara cavab bizi ağıllı, sualın mahiyyətinin dərk edilməsi isə bizi müdrik edir. Potensial müharibənin səbəbi − Ermənistan və vasitəçilərin destruktiv siyasətidir".

Mərkəzin ekspertləri qeyd ediblər ki, üçtərəfli razılaşmaya görə, Ermənistan Qarabağdan bütün qoşun birləşmələrini çıxartmalı, Zəngəzur dəhlizini açmalı və qanunsuz rejimin maliyyələşməsini dayandırmalı idi: "Lakin Ermənistan münasibətlərin normallaşması istiqamətində zəruri siyasi iradə göstərməmiş, ziddiyyətli və qeyri-ardıcıl mövqe nümayiş etdirmiş, əldə edilmiş razılaşma və üzərinə götürmüş öhdəliklərin icrasından davamlı olaraq boyun qaçırmış, sülh müqaviləsinin mətni üzrə təkliflərdə prosesi uzatmış və normallaşma səylərinə zərbə vurmaq məqsədilə siyasi və hərbi təxribatlara əl atmışdır. Paşinyan Praqa və Soçidə, daha sonra isə müsahibələrində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Qarabağın beynəlxalq tanınmasını prioritet məqsəd adlandıran Milli Təhlükəsizlik Strategiyasını qüvvədə saxlamış və Qarabağın Azərbaycandan "islahedici ayrılma" (remedial secession) siyasətini 2021-25-ci il hökümət proqramına daxil etmişdir. Qarabağdan qoşun birləşmələrinin tam çıxarılmaması, qanunsuz rejimin maliyyələşməsinə 410 mln. dollardan artıq vəsaitin ayrılması İrəvanın destruktiv siyasətinin əyani sübutlarıdır".

Analitiklərin qənaətincə, 44 günlük müharibə Moskvanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirdi, Ermənistanın Rusiyadan iqtisadi və hərbi asılılığını artırdı: "Lakin bu taktiki üstünlüyün uzunmüddətli strateji qələbəyə çevrilməsi üçün Moskva zəruri addımlar atmadı, öhdəliklərin icrası məqsədilə Ermənistana təzyiqlər göstərilmədi. 2021-ci ildə Moskva bunu etmək istəmədi, 2022-ci ildə isə artıq bacarmadı. Brüsselin vasitəçiliyinə böyük ümidlər var idi. Lakin Fransa prezidentinin birtərəfli və qərəzli bəyanatları, Senat və Milli Assambleyanın isə əsassız və iftiradolu qətnamələri bu formatın taleyini qeyri-müəyyən etdi. Danışıqların Brüssel formatında bərpa edilməsi üçün Makron şəxsən və ya Ş.Mişel vasitəsilə bu formatdan kənarlaşdığını bəyan etməlidir. Amma görünən odur ki, Frasanın Cənubi Qqafqaz siyasəti bir yerli icmanın maraqlarına qədər daralıb. ABŞ sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, əməldə bunu göstərmir. Son iki ildə ABŞ-ın Azərbaycandakı səfiri bir dəfə də olsun Şuşaya səfər etmədi. Əvəzində L.Treysi bu müddət ərzində baş verən bütün toqquşmalarda Azərbaycanı günahlandırdı, yeni səfir K.Kvin isə öz təyinatı ilə bağlı Senat dinləmələrində Azərbaycanın məsuliyyətə cəlb edilməsi məqsədilə əlindən gələni edəcəyini Konqresdəki erməni kokusunun üzvü R.Menendezə söz verdi. Görünən odur ki, Ermənistan və vasitəçilər yaxın aylarda destruktiv siyasətdən əl çəkməyəcəklər. Bu isə regional sabitliyə və Azərbaycanın milli təhlükəsizliyinə real təhdidlər formalaşdırıb, Bakını məsələni güc yolu ilə həll etməyə məcbur edə bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti