İRANDA NƏ BAŞ VERİR: VƏTƏNDAŞ HAQLARI HƏRƏKATI, YOXSA İNQİLAB? – ABŞ Dövlət Departamentinin sabiq müşavirindən maraqlı analiz

İRANDA NƏ BAŞ VERİR: VƏTƏNDAŞ HAQLARI HƏRƏKATI, YOXSA İNQİLAB? – ABŞ Dövlət Departamentinin sabiq müşavirindən maraqlı analiz

 

Rza Mərəşi

"Huffington Post” (ABŞ)

İnqilab və ya vətəndaş haqları hərəkatı?

İranda etiraz aksiyalarının son mərhələsi başlayandan bəri məndən dəfələrlə bunu soruşublar. Amma ilk dəfə deyil ki, izah etməyə çalışıram: İranda bir çoxları dərdlərini izhar etmək istəyir.

2009-cu ildə (ABŞ) Dövlət Departamentində İran İşləri üzrə İdarədə vəzifə tuturdum və seçki sonrası etirazları başdan sona qədər təhlil edən bir ovuc adamdan biri idim. Günlər keçdi, bizdən hadisələrin necə başa çatacağını izah etməmiz istəndi – cavabının verilməsi mümkün olmayan sual. Ancaq bir addım geri atıb vəziyyəti qərəzsiz şəkildə nəzərdən keçirdikdən sonra, rəhbərlərimizə doğru olduğu sübut edilən bir təhlil çatdırdıq. Geniş şəkildə düşünülmüş, səkkiz il bundan əvvəl verdiyimiz məsləhətlərin əsas elementləri bu gün də doğrudur.

Bir neçə əsas məqam səbəb göstərilə bilər.

Birincisi, biz vurğulamışdıq ki, İranda hakimiyyət sisteminin dörd sabit dayağı var: əhalinin gözündə qanunilik; dövlətin işlərini idarə etmək səriştəsi; siyasi elitalar arasındakı birlik; hökumətin zorakılıq inhisarı.

2009-cu ildə ilk iki sütun etirazçılara münasibətdə zədələnib və pisləşib. Dörd il sonra, 2013-cü ildə keçiriləcək prezident seçkilərində Həsən Ruhani ətrafında birləşməsinə qədər siyasi elitaların əksəriyyəti tərəddüddə idi. Ancaq hökumətin zorakılıq qabiliyyəti pozulmadı və son nəticədə tam nümayiş etdirildi.

Bu günə qədər sürətlə bərpa olunan status-kvo etirazçılar üçün daha çətin ssenaridir. Hökumətin legitimliyi və səmərəli idarəçiliyi zədəli olaraq qalır, lakin siyasi elitalar, 2009-cu ildəki kimi, bir-birinin boğazlarından yapışmayıb. Bəlkə də daha vacib olan budur ki, artıq söhbət sistemin sağ qalıb-qalmamasından getdiyi üçün İran hökumətinin etirazçılara qarşı güc tətbiq edəcəyinə şübhə edənlər azlıqdadır.

Keçmiş – proloqdur.

Spektrin əks tərəfində etirazçılara "inqilabi" vəziyyət yaratmaq üçün lazım olan dörd sütunu vurğuladıq: əhali arasında kütləvi narazılıq; etirazçıları təşkilati cəhətdən birləşdirən şəbəkə; nümayişçilər arasında vəhdət yaradan ideologiya; etiraz hərəkatı daxilində aydın, geniş şəkildə qəbul edilmiş liderlik.

2009-cu ildə kütləvi narazılıq və liderlik ortaya çıxdı, amma dövlətin zorakılıq inhisarı digər sütunların davamlı şəkildə kök salmasına – etirazları yatırtmaq və müxalifət liderlərini həbs etməklə, – mane oldu.

İranda bu günlərdə baş verən hadisələrdə kütləvi narazılığın səbəbləri açıq-aydındır, lakin nümayişçilər daha az koordinasiyalıdırlar. Hazırda müəyyən təşkilati şəbəkə yoxdur. Hökumətə nifrət çərçivəsindən kənara çıxan heç bir ideologiya ortaya çıxmayıb. Etirazlar da indiyədək hər hansı bir liderlikdən məhrum qalıb. Bundan əlavə, etirazçılar bu sütunları qurma cəhdlərinə başlasalar, bu əsas sütunların ortaya çıxmamasından ötrü hökumətin şiddət inhisarı getdikcə yetərli olmayacaq.

Səkkiz il bundan əvvəl, Dövlət Departamentinin yüksək səviyyəli müşavirlərinə bildirmişdik ki, İranda "inqilabi" vəziyyət yaratmaq üçünhökumətin bütün dörd sütununa qarşı etirazların dörd sütunuqurulmalıdır. Yəni, günlər keçdi… sonra həftələr … və nəhayət, aylar, biz də izlədik. Vaxt keçdikcə, qiymətləndirmələrimiz daha da möhkəmləndi: yuxarıda göstərilən sütunların yoxluğu halında, vəziyyət inqilab deyil, vətəndaş haqları hərəkatıdır.

Bu gün də eyni qiymətləndirmə gerçəkdir. Hazırda bu etirazlar hakimiyyəti devirmək cəhdindən daha çox, İranda nə vaxtdır davam edən vətəndaş haqları hərəkatına bənzəyir. Sözügedən sütunların hər biri üst-üstə düşsə, əlbəttə ki, bu, vəziyyəti dəyişdirə bilər. Status-kvonun saxlandığı təqdirdə, belə bir uyğunlaşma mümkün deyil.

Bununla yanaşı, 2009-cu ilə aid dəyərləndirmə səkkiz il sonra da gerçəkliyini qoruyub saxlayır: İran xalqının siyasi, iqtisadi və sosial istəkləri uzun müddət, İslam Respublikası və onun sələfləri dövründə əlçatmaz qalıb. Bu məsələlər sürətlə, hərtərəfli bir şəkildə həll olunana qədər dövlət və cəmiyyət arasındakı boşluq böyüyəcəkdir.

Bütün bunlar bir sual doğurur: ABŞ hökuməti nə etməlidir?

2009-cu ildə biz başçılarımıza etirazçılara qarşı zorakılığa dair narahatlıqlarını ifadə etməyi və söz azadlığı, demokratik prosesə və sülhsevər yadfikirliliyə hörmətin vacibliyini vurğulamağı tövsiyə etdik. Həmçinin, ABŞ hökumətinin İranın suverenliyinə hörmətini açıq şəkildə ifadə etməli olduğunu vurğuladıq; dedik ki, Amerika etiraz nümayişlərinə müdaxilə etməməli və İranın liderlərini iranlıların təyin etməsinə inandığını bildirməlidir. Bu yanaşma dövlət strukturlararası müzakirə prosesindən keçdi və qərarımız dəstəkləndi. Digər şəxslər, hökumət xaricində olan İran üzrə analitiklərin böyük əksəriyyəti də qərarımızı dəstəklədi.

Qiymətləndirmələrimizlə razılaşmayan azlıq Amerikanı "daha çox şey etməyə" çağırdı, yəni, heç bir gerçəyi, ardıcıllığı olmayan alternativ təklif etdilər.Bəziləri bizə deyirdi ki, İran Amerika işğalı üçün yetişib. Digərləri isə İran hökumətinin çaşqınlıq içində olduğunu və sanksiyaların onları uçurumun kənarına itələyəcəyini söylədi.

Həmin dövrdə ABŞ hökumətinin qiymətləndirməsi doğru deyildi. Bir respublikaçı konqresmen iranlı nümayişçilərə "tirajlama maşınları" göndərməyin lazım olduğunu söyləyərək, bizim yanaşmamızın əleyhinə çıxdı. Ondan izah istədikdə, bu maşınların nə olduğunu və ya İran nümayişçilərinə necə kömək edəcəyini başa sala bilmədi.

Bu gün ABŞ hökuməti İrandaxili məsələlərə təsir etmək üçün böyük qabiliyyətə malik deyil.Beləliklə, səkkiz il əvvəl yaradılmış plandan kənara çıxan hər hansı bir yanaşmanı başa düşmək çətindir. Bundan başqa, iranlı nümayişçilər mənəvi dəstəkdən kənar Amerika yardımını istəmədi. Amerikanın himayəsi "onun köməyi olmadan öz siyasi, iqtisadi və sosial istəklərini uğurla həyata keçirməyə iranlılar qadir deyil” mənası verir. Halbuki 1997-ci ildə prezident Məhəmməd Xatəminin seçilməsindən indiyədək iranlılar – Amerikanın təsiri olmadan, – öz vətəndaş haqlarını dəstəkləyib, hökumətlərə dəyişiklik üçün təzyiq göstərib, yəni, qabiliyyətlərini nümayiş etdiriblər.

İranda bir neçə gün davam edən etirazlardan sonra vəziyyət aktual olaraq qalır. Düzgün meyarlardan istifadə edildikdə, duman arasından bunu görmək mümkündür. Hökumətin sabitliyini ölçmək üçün populyar legitimlik, səmərəlilik, siyasi elitaların birləşməsi və zorakılıq potensialı barometr kimi xidmət edə bilər. Eynilə, etiraz hərəkəti içərisində xalqın narazılığını, təşkilatçılığı, ideologiyanı və liderliyi ehtiva edən barometrlə onun uzunmüddətli həyat qabiliyyətliliyi qiymətləndirilə bilər.

Bütün bunlar birləşdirildikdə, iğtişaşların inqilaba və ya vətəndaş haqları hərəkatına daha çox oxşadığını müəyyən etmək mümkündür. Bu çərçivədən istifadə edərək və etirazçılara mənəvi dəstək verməklə yanaşı, Vaşinqton İran ərazisində gücünün məhdudiyyətini qəbul etməlidir.

Siyasətçilər və ekspertlər bu sadə həqiqəti dəyişə bilməz: problemlər İranındır, etirazçılar da İranındır, həlli də İransayağı olacaq.

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti