“Qorxulu Tehran”ın Kremllə dumanlı ittifaqı –İranlıların siyasi təfəkküründə Rusiyaya qarşı kin niyə həmişə diridir? - TƏHLİL

“Qorxulu Tehran”ın Kremllə dumanlı ittifaqı –İranlıların siyasi təfəkküründə Rusiyaya qarşı kin niyə həmişə diridir? - TƏHLİL

 

Əziz Rzazadə

"Strateq”

 

Rusiya, Türkiyə və İran prezidentləri aprelin ilk günlərində İstanbulda bir araya gəlməlidir. Bundan əvvəl, martın 16-da Astanada üç ölkənin diplomatları Suriya münaqişəsi ilə bağlı növbəti müzakirələr aparacaq. Tərəflərin ara-sıra kəskinləşən ağız davasına baxmayaraq, təmkinli davranış davam edir. Halbuki bu əməkdaşlığın günlərin bir günü tükənəcəyinə əminlik getdikcə daha çox güclənir.

O cümlədən çatları böyüyən Rusiya-İran birgə səylərinin xitam anı zamanın ixtiyarındadır.

Son müddətdə istər Moskva, istərsə də Tehran öz münasibətlərini strateji ortaqlıq kimi səciyyələndirsə də, hökumətpərəst və müxalif mediada əks notlar oxunur.

"Bəlkə də rəsmilərin bir-birinə deyə bilmədiyini KİV-lər çatdırırlar” təəssüratı, yaxud möhtəkirliyi də bundan yaranır.

Bədii bənzətmə aparsaq hazırda Suriya sahəsində İran və Rusiyanın səyləri eyni dəmirçixanada çalışan iki nəfərin ortaqlığını xatırladır. Biri ocağı körükləyir, digəri çəkici isti metala endirir. Sonra hər ikisi ardıcıllıqla zindana zərbə vururlar. Amma fərqli düşüncələrlə…

İran mediasına ötəri nəzərdən də oxşar qoxu duyulur – "dostluq öz yerində, amma…”

Əslində, iranlı analitiklərin bir kəlamını qəribçiliyə salmaq ədalətsizlikdir. Həqiqətən, "Rusiyaya etimadsızlığın uzun bir tarixi var”. Bu tarix haqqında danışarkən, söhbət, əlbəttə,  "ənənəvi” köhnə əhvalatdan başlanır: 1800-cü illərin əvvəllərində rus imperiyası ard-arda iki müharibədə İran ordusunu məğlub edərək, 1813 və 1828-ci illərdə iki müqaviləyə əsasən, Qafqazı, daha sonralar Orta Asiyanı "müqəddəs taxtdan” qoparıb.

(Düzünə qalsa, hekayəti "Tarixi-Nadir”dən, daha doğrusu, hələ siyasi "İran” istilahının mövcud olmadığı I Pyotrun Xəzər sahillərinə yürüşündən, II Yekaterina dönəminin hərbi əməliyyatlarından başlamaq olardı.)

Daha sonra söz 1900-cü illərin əvvəllərinə gətirilir. Məşrutə Hərəkatının məğlubiyyətində və istibdadın güclənməsində Rusiya-İngiltərə əməkdaşlığı, İranın nüfuz dairələrinə bölünməsi, eyni yüzilliyin 40-cı illərində təkrarlanan işğal, 1979-cu ilin İslam İnqilabından sonra Ayətullah Xomeyninin İranın düşmənləri kimi qınadığı ABŞ-ı "Böyük şeytan”, Rusiyanın sələfi Sovet İttifaqını isə "ondan betər” adlandırması ilə əhvalatın ana xətti davam etdirilir.

İnqilabdan sonrakı ilk illərdə, İrana qarşı səkkiz illik müharibəyə başlayan İraq diktatoru Səddam Hüseyni Rusiyanın silahlandırması da Moskvaya qarşı tarixi kinin bir parçasıdır. Hətta Sovet İttifaqının süqutundan sonra nisbi yaxınlaşma, diplomatik əlaqələrin artırılması belə iranlıların siyasi təfəkküründə Rusiyanın simasına müsbət cizgilər verməyib.

Buşəhrdə atom elektrik stansiyasının işə salınmasında və "S-300” hava hücumundan müdafiə sisteminin çatdırılmasında daimi gecikmələr də kütləvi yaddaşdan silinməyib.

Ədalətli olmaq lazımdırsa, son nəticədə, ruslar öz öhdəliklərinin hamısını yerinə yetiriblər. Üstəlik, Moskva-Tehran yaxınlaşması nüvə danışıqları əsnasında belə İrana möhkəm arxanı təmin edib. Rusiyanın Suriyadakı iştirakına gəlincə, Bəşər Əsədin indiyədək hakimiyyətdə qalması Moskvanın müdaxiləsi olmadan mümkün deyildi.

İran KİV-lərinin hesabatlarında, şübhəsiz, Rusiya ilə əməkdaşlığın bu yeni səhifələri, artıq tarixə düşmüş sətirlər inkar olunmur. Amma xəyali qorxular və şübhələr, yəqin ki, qalıcıdır. Çünki hər iki dövlətin keçmişə güclü bağlılığı var. Hətta ən ali səciyyələrdəki görüşlərdə arxada qalmış zamanın hansısa boğçası açılır, müntəzəm təmaslarında diplomatlar qoltuqaltında tutduğu salnamələrdən misallar gətirir, media ictimai fikri tarixi faktlarla diksindirir.

Bir sözlə, azca hikmətli, azca hikkəli yanaşmanı aparıcı dövrü nəşrlər və onlayn nəşrlərin, demək olar ki, hamısında görmək mümkündür. Məsələn, "Aftab-e Yəzd” Vladimir Putinin Rusiyanın nə İran, nə də Şimali Koreya olduğuna dair Ağ Evə etirazını təhqiramiz kimi qəbul edir. İranın kiçildilməsindən, cılızlaşdırılmasından təsirlənərək Rusiya ilə məsafəli davranmanın vacibliyini vurğulayır və təbii ki, dəlillərini qan yaddaşı ilə möhkəmləndirir.

"Mərdom-e Salari” də "ruslar əmindirlər ki, Putinin prezidentliyi ilə sovet dövrünün qüdrətini qaytaracaqlar”, – deyə tarixə baş vurub yaxın günlərin bir hadisəsinə diqqət yetirir. Konkret: xarici işlər naziri Lavrovun Valday Konfransında "sionist İsraili dənizə tökməyin vacibliyini” ifadə etmiş XİN rəhbəri Zərifi sözlə kötəkləməsini…

İslahatçılara meylli qəzet də Rusiyanın cazibəsinə çox yaxınlaşmamağı, Qərblə bütün körpüləri yandırmaya lüzum olmadığını vurğulayır.

Eyni siyasi cinaha mənsub "Qanun” qəzeti Rusiya prezidentinin Federal Məclisə müraciətindən sonra onun "sülh göyərçini” olmasını şübhəyə alıb. Bu, "Kinjal” ("Xəncər”) supersonik qanadlı raketlərinin Cənub Hərbi Dairəsində (Şimali Qafqazda) sınaqdan çıxarılmasının Tehranda doğurduğu narahatlıq kimi də oxuna bilər.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sabiq rəhbəri Mohsen Rezai isə mühafizəkarlara yaxın "Tabnak” xəbər saytında yazır: "Rusiya və Suriya arasında razılaşmaya əsasən, İran və İran şirkətləri yenidənqurma prosesindən qismən kənarlaşdırılıb. Suriyaya sərmayə yatırımı və bir sıra sektorlarda Suriya və Rusiya arasında konsorsiumda iştirak üçün İran, ilk növbədə, ruslarla danışmalıdır. Bu, möhtəkirlik deyil, hökumətdə müzakirə olunan bir məsələdir və İran hökuməti bundan narahatdır".

Xəbər saytında deyilir ki, "İranlı rusiyapərəstlər (rusofillər) rusların vədlərinə xilaf çıxması və milli maraqlara zərbə vurması barədə danışmaq istəmirlər. BMT-də İran əleyhinə qətnamələr qəbul edildikdə, ruslar bizi tək qoydular və lazımi müdafiə sistemlərini təslim etmədilər və indi Suriyada iranlıların səylərinin barını özləri toplayırlar…"

Amma "Qanun” qəzeti İran prezidenti Həsən Ruhaniyə istinadən "İran İslam Respublikası yenidənqurma prosesində fəal iştirak etməyə hazırdır", – deyə mühafizəkar Rezainin iddiasını təkzib etməyə çalışır. Bununla belə xəbərdar edir: "Bəşər Əsəd və ya İŞİD sonrası dövrdə, yenidənqurma çağında İranın hədəflərinə çatmasına maneə törədəcək istənilən bir insana bu imkanı verməməliyik. Çünki milli maraqların bir hissəsi iqtisadi və maliyyə məsələlərinə bağlıdır".

Həmin nəşr "böyük və kiçik şeytan” məsəlini yenidən yaxın tarixi yaddaşdan qurdalayıb üzə çıxarır: "Əgər ABŞ-ın "Böyük Şeytan”dırsa, Rusiyanın İran və iranlıların xəyanətinə də tam zəmanət var və o yalnız öz maraqlarının təmininə səy göstərir".

Hazırda "Zeytun budağı” əməliyyatına Moskvanın yaşıl işıq yandırması da İran KİV-lərində etirazla qarşılanır. "Ebtekar” qəzeti Türkiyənin addımlarını ABŞ və Rusiya ilə ikili oyun kimi səciyyələndirir. Türk ordusunun Afrinə doğru istiqamətlənmiş hücumuna əvvəlcə təpki göstərən Bəşər Əsədin sonradan ağzına su almasını Putinin gizli məktubu ilə əlaqələndirən nəşr yazır:

"Moskva üçün Ankara ilə hazırkı əlaqələr Afrinin işğalı ilə müqayisədə, daha böyük məna kəsb edir. Buna görə də, Dəməşq xalq müdafiə qüvvələrini Afrin və Humaya göndərdikdə, Türkiyə onlara zərbə endirdi. Moskva Əsədə bu hərəkətlərin təhlükəli olduğunu bildirdi, Türkiyənin milli təhlükəsizlik təlaşını qəbul edərək, "Zeytun budağı” əməliyyatına maneə törətmədi”.

ABŞ-da yaşayan əslən iranlı erməni tarixçisi (ailənin kökləri bakılıdır) Corc Burnutyanın "İrəvan xanlığı” kitabında Qacar xanədanının vəliəhd-şahzadəsi Abbas Mirzənin rus generalı Yermolovla tarixi görüşünün təsviri var. Məclisə ayağının tozu ilə gələn gözüac, ədəbsiz, bihəya zabit çəkmələrini çıxarmadan nəfis xalçalar üstündə gəzir, vəliəhdə xitab etmək əvəzinə, digər şahzadəyə üz tutur, bütün qonaqlıq boyu dişinin dibindən çıxan söyüşləri dilinə gətirməkdən utanmır.

Generalın öz gündəliyində bu səhnə əksini tapıb: "Bütün qonaqlıq boyu onlarla söyüşlə danışdım. Çünki yalnız onları alçaltmaqla, istəyinə nail ola bilərsən…”

Görünür, iranlılar artıq yenidən eyni rəftarla qarşılaşıblar və gözlərdəki kini gizlətmək mümkün deyil.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}