ABŞ-ın SURİYA HÜCUMUNUN ARXA PLANI –Vaşinqtonda Rusiyanın elektrik, İranın isə bank sisteminə hücum edəcəyi gözlənilirmiş - TƏHLİL

ABŞ-ın SURİYA HÜCUMUNUN ARXA PLANI –Vaşinqtonda Rusiyanın elektrik, İranın isə bank sisteminə hücum edəcəyi gözlənilirmiş - TƏHLİL

 

Sərdar Turqut

"Habertürk”, Türkiyə, 17 aprel 2018-ci il

 

Ağ ev administrasiyasının rəhbəri Con Kelli Suriyada kimyəvi hücum  olması xəbərini prezident Trampa 07 apreldə verdi. Ondan sonra ABŞ-ın hücumuna qədər keçən müddətdə yaşananlar iqtidarın həm bugünkü durumu, həm də gələcəkdə olacaqlar haqqında ip ucları verir. Vaşinqtondakı milli təhlükəsizlik cameəsi içindəki qaynaqlardan və bu mövzuda yazan jurnalist dostlarımdan aşağıdakı məlumatları aldım.

 

Mattisin davranışı

 

Əslində, Trampın Suriyanın vurulmasının lazım olduğu haqqında qərarı xəbəri alar-almaz verdiyi söylənilir. Ancaq Müdafiə naziri Mattis vurmaqda tələsik davranılmasına və zərbənin həcminin geniş olmasına etiraz etmiş, bu etirazını da əməliyyatın başlamasına 24 saat qalmışa qədər davam etdirmişdir. Mattis həm kimyəvi hücumun kimlər tərəfindən həyata keçirilməsi məsələsində aydın dəlilin olmadığını düşünürmüş, həm də bu hücumun ABŞ-ı Suriyadakı vətəndaş müharibəsinin içinə daha çox çəkmə ehtimalından qorxurmuş.

Tramp Mattisin düşüncələrini dinləmiş, amma onu müdaxiləni təxirə salmağa sövq edən əsas məsələ İran və Rusiyanın ABŞ-a cavab vermələrini önləyəcək bir hücum planını gözləməkdə olmasıymış. Ayrıca, vəkili haqqında açılan FTB təhqiqatı və sabiq FTB direktorunun onun əleyhinə yazmış olduğu kitab da məsələyə konsentrasiya olmasını gecikdiribmiş.

 

Pompeonun nazirliyi

 

Vaşinqtonda Trampın bu cür məsələlərdə fikrinə ən çox etibar etdiyi insanlardan olan sabiq MKİ rəhbəri Mayk Pompeonun rəsmən Xarici işlər naziri təyin olunmasının da şübhəli olduğu haqqında danışılır. Senatda Pompeoya səs verməsi lazım olan bəzi senatorların indi ona qarşı çıxmağa başladıqları məlumdur. Onlar "Biz hansı Pmpeoya səs verəcəyimizi bilmirik. Qarşımızda MKİ rəhbəri Pompeomu, yoxsa ABŞ-ın baş diplomatı olacaq Pompeomu danışır – bunu tam anlaya bilmirik. Əgər o, Xarici işlər nazirliyi kimi həssas yanaşmalar tələb edən bir mövqeyə MKİ-dən daşıdığı fikirlərlə gələcəksə, bir əməliyyat şahini olacaqsa, ona səs verməyimiz söhbət mövzusu ola bilməz” deməyə başlamışlar.

 

Növbədə kim var?

 

Əgər ortaya çıxmağa başlayan bu durum nəticəsində Pompeonun təyinatı reallaşmazsa, yeni Xarici işlər naziri namizədinin ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley olacağı danışılır. Nikki Haleyin kimyəvi hücumdan sonra BMT TŞ-də rus mövqedaşı ilə sərt polemika aparması və Trampın qərarlarına verdiyi dəstəklə bu potensialı gücləndirdiyi də söylənilir.

Mayk Pompeonun yerinə MKİ direktoru təyin edilən Gina Haspelin qaranlıq əməliyyatçı keçmişinə rəğmən, sabiq MKİ direktorları və milli təhlükəsizlik rəsmilərinin imzaları ilə verilən dəstək məktubundan sonra onun təyinatının təsdiq edilmə ehtimalının daha da gücləndiyi deyilir. Deyəsən, Pompeonun təyinatının daha asan, Haspelinkinin isə daha çətin olacağını düşünən qaynaqlar yanılır.

 

Ən güclü kimdir?

 

Suriyanın vurulması məsələsində Mattisin bu məsələni təxirə salmağa meylli olmasından və Pompeonun təyinatının baş tutmaması ehtimalının ortaya çıxmasından sonra Tramp administrasiyasında ən güclü adam yeni Milli təhlükəsizlik müşaviri Con Bolton olub. Ağ ev daxilində bir təyinat olduğundan, onun təyinatına Senatın razılıq verməsi tələb edilmir, bu səbəblə o, həmən öz vəzifəsinin icrasına başlayıb və "şahin” anlayışına yaraşan bir formada Suriyanın həmən bombalanması fikrini müdafiə edib.

Ayrıca, Bolton Ağ ev daxilində öz komandasını da qurmağa başlayıb. Vəzifəsinin icrasına başlar-başlamaz ABŞ-ın milli təhlükəsizlik strategiyasını yazan və Makmasterin özünə müavin təyin etdiyi Nadia Şadlounun istefasını istəyib. Bununla bərabər, prezident Trampın Daxili təhlükəsizlik müşaviri olan Tom Bossertin də istefa ərizəsini alıb.

Bu arada, Vaşinqtonda Con Boltonun prezident Ərdoğandan heç xoşlanmadığı da söylənir. Bu üzdən onun güclü bir şəxs olaraq ortaya çıxmasının Türkiyə baxımından gözəl bir hadisə olmaya biləcəyi də bildirilir.

Ayrıca, Menbiçlə bağlı başlayan danışıqlar da bu anda burada dondurulmuş durumdadır. Yaxınlarda onun necə "açılacağı” da yeni komandanın yanaşmasına bağlı olacaq.

 

Kim cilovlayacaq?

 

Gördüyünüz kimi, Vaşinqtonda Bolton və Haspel oxunda xeyli aqressiv və müdaxiləçi siyasətləri dəstəkləyən bir komanda formalaşmaqdadır.Əgər, deyildiyi kimi, Ağ ev administrasiyasının rəhbəri Con Kelli də vəzifədən azad edilərsə, onları cilovlayacaq heç bir gücün qalmayacağı söylənir.

 

İran və Rusiya

 

Trampın "Hücum üçün plan hazırlayın” əmrindən sonra regiondakı bütün ABŞ qüvvələrinə həyəcan siqnalı verilib. İrana yaxın olan güclərin qurudan, Rusiyanın isə havadan ola biləcək əks-hücum ehtimalına qarşı hazır olunması istənilib. Ağ evlə müharibə vəziyyətində istifadə edilən kiber-müharibə komandanlığı arasında video-konfrans əlaqəsi yaradılıb. Çünki iqtidar İran və Rusiyanın sadəcə silahla deyil, bir kiber-müharibə ilə cavab verəcəyini də düşünürmüş. Bunu MKİ də dəstəkləyib. Rusiyanın öz kiber-müharibə gücünü ABŞ-ın elektrik sisteminə, İranın isə bank sisteminə qarşı istifadə edəcəyi düşünülürmüş. Bu hazırlıq prosesindən sonra İran və Rusiyanın "isti” bir cavab verməyəcəyi düşünülən, sadəcə müəyyən hədəflərə yönəlik olan cəzalandırıcı hücum  planı həyata keçirilib.

Tərcümə Strateq.az-ındır



Oxşar Xəbərlər

Xəbər lenti