Cavid Qurbanov “Özbəkistan Dəmir Yolları”nın rəisi ola bilərdimi?

Cavid Qurbanov “Özbəkistan Dəmir Yolları”nın rəisi ola bilərdimi?

"Azərbaycan Dəmir Yolları” QSC-də keyfiyyət dəyişikliyi niyə baş vermir?

 

 

Dekabrın 29-da "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin cəmiyyətə sürət qatarı kimi sıramaq istədiyi Bakı-Gəncə "sürət” qatarının işə düşməsi haqqında QSC-dən məlumat yayıldı. "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bu hadisəni "Biz söz də veririk, əməl də edirik”-şüarı ilə cəmiyyətə təqdim etdi. Sonra da QSC-nin cəmiyyətə sürət qatarı kimi təqdim etdiyi Bakı-Gəncə "sürət” qatarının istifadəyə verildikdən bir həftə sonra yarı yolda qalması haqqında xəbər yayıldı. Yanvar ayının 5-də mediada yayılan məlumatlarda deyilirdi ki, Bakı-Gəncə sürət qatarı Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində dayanıb. QSC-dən yayılan məlumatda baş verən hadisə elektrik xətlərində baş vermiş nasazlıqla izah olunub. Cavid Qurbanovun sürət qatarı adlandırdığı bu qatarların normal isitmə sisteminin olmadığı da hadisə zamanı üzə çıxdı.

Cavid Qurbanov “Özbəkistan Dəmir Yolları”nın rəisi ola bilərdimi?

Yanvarın 5-də baş verən hadisəni bəlkə də arzuolunmaz təsadüf kimi qələmə vermək olardı, ancaq qatarın soyutma sisteminin normal işləməməsi 3 il təxirə salınandan sonra ötən ilin son günlərində fəaliyyətə başlayan sürət qatarının normalara cavab vermədiyi hələ bu qatarın sürəti elan olunanda məlum oldu. "Azərbaycan Dəmir Yolları” QSC-nin yedək medianın dəstəyi 364 kilometr məsafəni 4 saat 30 dəqiqəyə gət edən qatarın sürət qatarı kimi təqdim etmək cəhdləri fiaksoya uğradı.

 

Ekspertlər inkişaf etmiş ölkələrdə qatarların orta sürətinin 300 km, maksimum sürətinin isə 600 km ətrafında olması haqqında çoxsaylı məlumatlar yaydılar. Əlbəttə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun dəstəkçiləri ölkəmizin Yaponiya, ABŞ, Almaniya kimi dövlətlərlə müqayisə olunmasını doğru olmadığını bildirə bilər. Bu zaman onlar heç də haqsız görünməzlər. Əlbəttə, Azərbaycanı Yaponiya, ABŞ, Almaniya kimi ölkələrlə müqayisə etmək doğru olmaz. Ancaq Azərbaycanın keçmiş sovet respublikalarından, həm də Orta Asiya respublikalarından olan Özbəkistandan geri qalmasının da bəraəti ola bilməz.

Cavid Qurbanov “Özbəkistan Dəmir Yolları”nın rəisi ola bilərdimi?

Azərbaycan cəmiyyətinin məlumatsız təbəqəsi həqiqi sürət qatarın Özbəkistanda səkkiz il öncə, 2011-ci ildə isdifadəyə verildiyindən xəbərsiz ola bilər. Ancaq Cavid Qurbanovun dəstəkçi mediası bu məlumatı bilməli idi. Qeyd edək ki, "Əfrasiyab” adı verilən sürət qatarı Özbəkistanda 2011-ci ildə istifadəyə verilib. Özbəkistanın sabiq prezidenti, mərhum İslam Kərimovun 2009-cu ilin mayında İspaniyaya səfəri zamanı sürət qatarlarının yaradılması ilə bağlı razılaşma əldə edildi. Həmin ilin dekabrında "Özbəkistan Dəmir Yolları” Səhmdar Cəmiyyəti ilə "Patentes Talgo S.L.” şirkəti arasında 38 milyon avro müabilində 2 ədəd "Talgo” 250 sürətli elektrik qatarının əldə edilməsi haqqında müqavilə bağlandı. 2011-ci ilin avqustunda istifadəyə verilən "Əfrasiyab” sürət qatarı Daşkənd- Səmərqənd arasındakı 344 kilometr məsafəni 2 saata qət etdi. "Əfrasiyab” sürət qatarının bu günə kimi ən yükəsk göstəricisi isə saatda 253 kilometr məsafə qət etməsidir. Əlbəttə, bu göstərici saatda 430 kilometr sürət yığan Cinin yüksək sürətli qatarı, Yaponiyanın saatda 600 kilometr sürətlə həkətət edən yüksək sürətli qatarları ilə müqayisə oluna bilməz. Ancaq Cavid Qurbanovun 364 kilometr məsafəni 4 saat 30 dəqiqəyə qət edən qatarının 344 km məsafəni cəmi iki saata qət edən "Əfrasiyab” sürət qatarları ilə müqayisə edilməz olduğu da göz önündədir. Yuxarıda qeyd etdiyimiz kimi Özbəkistan bu qatarları İspaniyanın "Patentes Talgo S.L.” şirkətindən cəmi 38 milyon avro müqabilində əldə edib. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Dövlət Neft Fondundan Azərbaycan Dəmir Yolları” QSC-yə bir dəfə ayrılan vəsait yalnız 589,2 milyon manat olub. Bundan başqa son illər ərzində Azərbaycan Dəmir Yolları” QSC-yə büdcədən ayrılan, beynəlxalq maliyyə institutlarından alınan kreditlərin ümumi məbləğinin 10 milyard manat çərçivəsində olması haqqında iddialar var. Hətta 10 milyard olmasa belə, bir neçə milyard manat sərf olunması şübhəsizdir. Həmin pulun istifadəsinin nəticəsi isə bu gün təxminən 80 saat/km sürətlə hərəkət edən qatarı sürət qatarı kimi qələmə verilməsindən, həmin qatarların isə bəzən yarı yolda qalmasından ibarətdir.

 

Qeyd edək ki, fərq yalnız qatarların sürətində deyil. Bu qatarlarda sərnişinlər üçün yaradılan xidmət arasında da kəskin fərq var. "Əfrasiyab” sürət qatarında sərnişinin özünü rahat hiss etməsi, qət etdiyi yolunun onu yormaması üçün hər bir imkan yaradılıb. Özbəkistanda olan ruslar belə "Əfrasiyab” sürətli qatarının sürətindən daha çox bu qatarlarda sərnişinlər üçün yaradılan şəraitdən və xidmətdən daha çox bəhs edirlər.

Milyardlarla manat büdcə vəsaitinin və beynəlxalq maliyyə institutlarından dövlət zəamnəti ilə alınan kreditlər talan edildən sonra saatda 81 km sürətlə gedən qatar Azərbaycan ictimaiyyətinə böyük uğur kimi təqdim olunur.

Əlbəttə, Azərbaycanın dəmir yollarının bu günki vəziyyətinə görə yalnız Cavid Qurbanovu ittiham etmək doğru olmaz. Bəlkə də, Cavid Qurbanov Azərbaycan dəmir yollarındakı bu günki vəziyyətə görə məsul olan məmurların siyahısında sonucu şəxsdir. Bu gün Özbəkistandan geri qalmağımıza görə əsas cavabdeh şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov və "Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəisi Arif Əsgərovdur. Ziya Məmmədov 1996-cı ildən 2002-ci ilin avqust ayına kimi Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2002-ci ilin avqustundan 2017-ci ilin fevralına kimi isə nəqliyyat naziri olub. Arif Əsgərov isə 2004-2009–cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi, 2009-2015-ci illərdə isə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olub. Ona görə də bu iki şəxs Azərbaycan dəmir yollarının bu günki vəziyyətinə görə əsas məsuliyyət daşıyan şəxslərdir.

Arif Əsgərovun baldızı oğlu, "Azərbaycan Dəmir Yolları” QSC-nin şöbə müdiri olmuş Rahib İsmayıl oğlu Hüseynovun məhkəmə prosesi isə Azərbaycanın dəmir yollarında keyfiyyət dəyişikliyi niyə baş verməməsi ilə bağlı sualın cavabını harada axtarmağa imkan verir. Rahib Hüseynovun məhkəmə prosesi bir daha təsdiqlədi ki, Azərbaycanın dəmir yollarındakı acınacaqlı vəziyyət "Azərbaycan Dəmir Yolları” QSC-dəki korrupsiyadır. Ziya Məmmədovun və Arif Əsgərovun rəhbərliyi dövründə bu korrupsiya mexanizminin hərəkətini təmin edən şəxslərin bu gün də öz mövqelərini qoruyub saxlamalrı sürətli qatar layihəsinin bundan sonra uğursuz olacağından xəbər verir. Cavid Qurbanovun əsas məsuliyyəti isə həmin şəxsləri hələ də vəzifə başında saxlamasıdır. Ona görə də Cavid Qurbanov "Özbəkistan Dəmir Yolları”nın rəisi ola bilməz. O, ancaq "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri ola bilər.

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti